BolgeXeber.Com » Gündəm » Oqtay Şirəliyevin Sumqayıtdakı Onkoloji Dispanserdəki vəziyyətdən xəbərdar var?
Oqtay Şirəliyevin Sumqayıtdakı Onkoloji Dispanserdəki vəziyyətdən xəbərdar var?
9-10-2014, 17:05
Oxunub: 3 587
Sumqayıtda onkoloji xəstələrin pulsuz müalicə alması çətinləşib
Ölkə rəhbərliyinin müvafiq qərarı ilə dövlət hesabına maliyyələşən səhiyyə müəssisələri 2008-ci ilin fevralından etibarən pulsuz tibbi müayinə və müalicəyə keçib. Amma buna baxmayaraq, dövlət xəstəxanalarının bir hissəsində bu qərara əməl edilmir. Belə ki, bəzi baş həkimlər özlərinə məxsus "qayda"ları daha üstün tutaraq vətəndaşlara pullu tibbi xidmət göstərirlər. Qeyd edək ki, son vaxtlar onkoloji xəstələr müalicələrinin xeyli baha başa gəlməsindən şikayət edirlər.
Baş onkoloq Azad Kərimli isə mətbuata verdiyi açıqlamada bildirib ki, onkoloji profilli dövlət müəssisələrində onkoloji xəstələrin həm əməliyyatı, həm də müalicəsi pulsuz həyata keçirilməlidir. Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzindəki monitorda xəstələrə verilməli olan dərmanların siyahısı göstərilir. Onkoloji xəstə həmin dərmanların alınması üçün pul ödəməli deyil: "Milli Onkologiya Mərkəzində xəstələrə bütün dərmanlar pulsuz verilir. Cərrahiyyə əməliyyatları üçün lazım olan bütün dərmanlar, sistemlər, ən bahalı antibiotiklər, qaraciyər, böyrək çatışmazlığı olan onkoloji xəstələr üçün lazım olan bütün preparatlar bu mərkəzdə xəstələrə ödənişsiz verilir". Baş onkoloq onu qeyd edib ki, bundan əlavə 9 bölgəyə - rayonlararası onkoloji dispanserlərdə qeydiyyatda olan xəstələr üçün də hər ay dərmanlar göndərilir. Bəzən hansısa bir dərman çatışmadıqda isə onun yerinə əvəzedici dərman verilməklə bu məsələ tənzimlənir. Sumqayıt rayonlararası Onkoloji Dispanserdə isə bunların heç birinə riayət edilmir. Redaksiyamıza daxil olan məlumatlara əsasən, baş həkim Eldar Məmmədov bir sıra qanunsuzluqlara imza ataraq onkoloji xəstələrin dispanserdə pulsuz tibbi müayinə və müalicə almasına imkan vermir: "İlk növbədə onu deyim ki, bu dispanserin təyinatı xoş və bəd xassəli şişlərin diaqnostikası, müalicəsindən ibarətdir. 1966-cı ildən fəaliyyət göstərən səhiyyə ocağında 70 çarpayı var. Onkoloji xəstələrin kimyaterapiyası, o cümlədən digər müalicələri üçün dispanserdə lazımi şərait qurulmayıb. Məsələn, kimyaterapiya üçün xəstələrə pulsuz dərman verilməlidir. Amma onlar bu dərmanları pulla alırlar. Halbuki, qanuna əsasən onkoloji xəstələrin cərrahiyyə əməliyyatından tutmuş polikimyəvi terapiyasına qədər müalicəsi dövlət hesabınadır. Bura şüa müalicəsi almaq, o cümlədən ağrıkəsici vasitə kimi narkotik vasitələrdən pulsuz istifadə də daxildir. Mənim bildiyimə görə, 2009-cu ildən indiyə kimi dövlət büdcəsindən onkoloji xəstələrin dərmanı üçün 35 milyon manat ayrılıb. Hər il bu sahəyə ayrılan vəsaitlərin həcmi artır. Sumqayıt Onkoloji Dispanserin baş həkimi isə Səhiyyə Nazirliyinin bura göndərdiyi dərman preparatlarını başqa istiqamətlərə yönləndirir. Bundan başqa, analizlərin qiyməti çox bahadır. Dispanserə müraciət edən vətəndaşlar USM, EKQ, rentgen və digər müayinələrdən keçərkən əlavə xərcə düşürlər. Bura dövlət xəstəxanası olsa da, xəstələrdən nəysə umulur. Əməliyyata ehtiyacı olan insanlara lazımi səviyyədə yardım göstərilmir. Eldar Məmmədov xəstələrin bir çoxunu şəraitin olmaması bəhanəsi ilə Bakıya, Milli Onkologiya Mərkəzinə göndərir. Əgər Sumqayıt rayonlararası Onkoloji Dispanseri qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilmirsə, baş həkim niyə vəzifədə saxlanır? Sumqayıtda onkoloji xəstələrin sayı hər keçən gün artır. Təəssüf ki, adıçəkilən səhiyyə ocağında bu kateqoriyadan olan xəstələrə normal tibbi xidmət göstərilmir". Onu da qeyd edək ki, dövlət xəstəxanalarının yiyə durmadığı Sədaqət Mehdiyeva adlı vətəndaş "musavat.com" saytı vasitəsilə bir müddət əvvəl əlaqədar dövlət qurumlarına müraciət edərək kömək istəyib: "Məskunlaşdığım Sumqayıt şəhərindəki Onkoloji Dispanserə getdim. Baş həkim məni əməliyyat etmək üçün lazımi şəraitin olmadığını deyib məni göndərişlə Milli Onkologiya Mərkəzinə göndərdi. Mənə məsləhət gördülər, bəlkə İrana gedəsən, orada həm ucuzluqdur, həm də həkimlər, texnologiya güclüdür. Beləcə yollarda qaldım". Yəqin ki, nazir Oqtay Şirəliyev Sumqayıt rayonlararası Onkoloji Dispanserdəki vəziyyətdən xəbərdar deyil. Hörmətli nazirdən xahiş edirik ki, qanunsuzluqların baş alıb getdiyi səhiyyə müəssisəsinin fəaliyyətinə nəzarəti gücləndirsin və baş həkimin barəsində müvafiq ölçü götürsün.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər