Gədəbəyin məmur şəbəkəsi rayonu necə çıxılmaz durumla üzləşdirib
11-10-2014, 09:50
Oxunub: 6 089
Ramiz Yediyarovu Nazim Veysovun aqibəti gözləyə bilər
Namiq Məmmədov maliyyə naziri Samir Şərifovu saymır. Gədəbəy rayonunda vəziyyət - sosial problemlər, işsizlik, əhalinin yaşayış səviyyəsinin aşağı olması, sahibkarların incidilməsi, məmur özbaşınalığı o həddə çatıb ki, artıq təkcə iş adamları deyil, sadə vətəndaşlar da öz doğma yurdlarını tərk edərək Bakıya, respublikamızın digər şəhərlərinə üz tutmağa məcbur olublar. Bütün bunların bir səbəbi var - rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun və onun qohumu olan, Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri Ramiz Məmmədovun, icra başçısının birinci müavini vəzifəsində çalışan Qüdrət Paşayevin və digər məmurların əməllərinin narazılıqla qarşılanmasıdır.
Zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə, hələ istifadə edilməmiş imkan və ehtiyat mənbələrə mövcud rayonda azad sahibkarlığın sürətli inkişafı üçün olduqca münbit şərait var. Amma əfsuslar olsun ki, rayonun icra orqanlarının bəzi nümayəndələri vətəndaşların və sahibkarların fəaliyyətinə təsir göstərir, özlərinin subyektiv maraqlarını təmin etməyə çalışırlar.
Məmmədov-Yediyarov birliyi, yaxud borclu borclunun sağlığını istər
Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov Gədəbəydə az qala icra başçısı statusunda tanınan məmurlardan biridir. Bunun da bir sıra səbəbləri var. Məsələ burasındadır ki, indiki icra başçısı hələ 2011-ci ildə Vergilər Nazirliyinin 14 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışarkən xəstəxanaya xidmət edən podratçı təşkilatların vergi fəaliyyətini yoxlayaraq külli miqdarda vergidən yayınma aşkar edib. Həmin yoxlamaların nəticəsi isə hansısa qaranlıq səbəblər üzündən qeyri-müəyyən qalıb. Namiq Məmmədovun Gədəbəydə az qala icra başçısı statusunda tanınan şəxs statusu alması da burdan qaynaqlanır. Deyilənə görə Ramiz Yediyarov Vergilər Nazirliyinin 14 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışarkən gizlətdiyi, ört-basdır etdiyi faktlar sonradan üzə çıxıb. Həmin məlumatlarda onun Gədəbəy xəstəxanasına xidmət edən podratçı təşkilatların vergi fəaliyyətini yoxlayaraq külli miqdarda vergidən yayınma aşkar etməsi və rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovun vasitəçiliyi ilə nələrinsə müqabilində bu faktı ört-basdır etməsi bildirilir. Ramiz Yediyarovun rəhbərliyi altında aparılmış yoxlamaların nəticələrinin araşdırılması, podratçı təşkilatlardakı təftiş işləri, lakin sonradan nədənsə faktların gizlədilməsi, Yediyaroun vəziyyətini bir qədər ağırlaşdırıb. Bu və başqa faktların ictimailəşməsi Ramiz Yediyarova sərt təpkilərin gəlməsinə yol açıb. Üstəlik, onun fəaliyyətinin qeyri-rəsmi yoxlanmasına da start verilib. Beləcə, gələcəyin icra başçısı ağır problemlərlə üzləşib. Deyilənə görə həmin vaxt Namiq Məmmədov Ramiz Yediyarova əl tutub, dadına çatıb . Elə buna görədir ki, hazırkı icra başçısı Namiq Məmmədovun ona etdiyi yaxşılıqları unutmur. Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi öz səlahiyyətlərindən kənarda da olsa, rayonun idarə olunmasında Ramiz Yediyarova yaxından köməklik göstərir. Bildirilir ki, rayonda bir sıra şəxslərin yüksək, prestijli vəzifələrə təqdim olunmasını Namiq Məmmədov həyata keçirir. Məhz onun şifahi təqdimatından sonra Ramiz Yediyarov ayrı-ayrı şəxsləri vəzifələrə təyin edir. Məsələn, kitabxanalarda, məktəblərdə texniki işlərdə çalışmaq istəyənlər Namiq Məmmədova üz tuturlar. Maliyyə İdarəsi rəisinin də özünəməxsus müəyyən şərtləri var. Əgər işləmək istəyirsənsə, bunun digər formada qəbulu var.
Namiq Məmmədov nə üçün nazirliyin yoxlamalarından ehtiyat etmir
Deyilənə görə, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi maliyyə naziri Samir Şərifovu saymır. Sakinlər bildirirlər ki, buna səbəb Namiq Məmmədovun yüksək vəzifəli şəxslərdən birinə arxalanmasıdır. Rayondan gələn xəbərlərdə bildirilir ki, idarəsinin rəisi Namiq Məmmədov maliyyə nazirini saymır. Çünki həmin məmurun son dərəcə arxayın hərəkətləri, bir sıra davranışları belə deməyə əsas verir. Maraqlıdır, görəsən Gədəbəy rayon Maliyyə İdarəsinin rəisi kimə arxayındır? Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Namiq Məmmədovun paytaxtda yüksək vəzifələrdən birində qohumu, himayədarı çalışır ki, idarə rəisi də arxayınçılığından istədiyini edir.
Artıq uzun müddətdir - Gədəbəy Rayon Maliyyə Şöbəsinin rəisi vəzifəsində çalışan Namiq Məmmədov maliyyə nazirinin müavini, əslən Gədəbəy rayonundan olan Azər Bayramova necə arxalanır. Nazir müavini Azər Bayramovun himayəsi altında olduğu bildirilən Namiq Məmmədovun əməllərinə yuxarı orqanlar da susur. Deyilənə görə, Azər Bayramov və yaxınları üçün ərzaq məhsullarını Namiq Məmmədov Gədəbəydən gətirdir. Sakinlər deyir ki, bu sözlərin müəllifi də Gədəbəy rayon Maliyyə İdarəsinin rəisidir. "Mən niyə Maliyyə Nazirliyinin yoxlamaları qarşısında aciz qalmalıyam? Axı onların ərzaqlarını mən gətizdirirəm, onları mən təmin edirəm" - maraqlıdır, o, bu sözləri kimin yanında deyib?
Sakinlərin sözlərinə görə, hal-hazırda Gədəbəydə yoxlamalar aparılır. Amma qəribədir ki, nədənsə Maliyyə Nazirliyinin Gədəbəydə apardığı yoxlamaların bir nəticəsi olmur. Nazirliyin yoxlamalarının nəticələrindən belə məlum olur ki, orada hər şey ən yüksək səviyyədədir. Belə çıxır ki, Gədəbəydə hər şey yaxşı yoxlanılır. Amma sakinlər deyir ki, Gədəbəydəki maliyyə pozuntuları dünyanın heç bir yerində yoxdur. Bütün bunları sübut etmək üçün Namiq Məmmədovun təkcə paytaxt Bakıdakı əmlaklarına nəzər salsaq, hər şey bilinər. Habelə bir sıra suallara aydınlıq gətirilsəydi yaxşı olardı: - Namiq Məmmədovun xarici ölkələrə bilet pulu üçün xərclədiyi pulların miqdarı nə qədərdir? Əldə etdiyimiz məlumatlarda bu vəsaitlərin də külli miqdarda olduğu vurğulanır. Maraqlıdır, axı adi idarə rəhbəri - Gədəbəy Rayon Maliyyə Şöbəsinin rəisi Namiq Məmmədov Oksford məktəbində təhsil alan oğlunun bir illik 15 min manatı necə ödəyir? Gədəbəy rayonunun Mədəniyyət və Turizm Şöbəsinin həyətində 3 mərtəbəli obyekti kim və necə tikdirib? Deyilənə görə, məşhur bank onun sürücüsünün adına sənədləşdirilib. Olmaya göndərilən beçə, kartof, farel, bal sovqatları hər şeyi unutdurur?
Maliyyədə, təhsildə, mədəniyyətdə məmmədovlar...
Fikir verin: - Namiq Məmmədov hal-hazırda da Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəri vəzifəsində çalışır. Onun rəhbəri olduğu idarə pul ayırır, Namiq Məmmədovun doğmaca əmisi oğlu - Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri Ramiz Məmmədov isə həmin vəsaitləri xərcləyir. Qüvvədə olan qanunvericiliyə görə qohum şəxslər (seçkili vəzifələr istisna olmaqla-red) bir-birlərinin tabeliyində işləyə bilməzlər. Lakin Namiq Məmmədov və əmisi oğlu Ramiz Məmmədov vəzifələrdə çalışırlar. Onların öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Maraqlıdır ki, həmin kənddə çalışanların da bir çoxları məmmədovların öz adamlarıdır. Namiq Məmmədovun əmisi oğlu Ramiz Məmmədov uzun illər təhsil şöbəsinin rəhbəri vəzifəsində çalışırdı. İcra başçısı Ramiz Yediyarov həmin vəzifədən kənarlaşdırılan Ramiz Məmmədovu Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri vəzifəsinə təyin etdi. Təhsil şöbəsi hara, mədəniyyət və turizm şöbəsi hara? Görəsən, uzun illər təhsil şöbəsinin rəhbəri vəzifəsində çalışan Ramiz Məmmədovun Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsi onun "universal" təhsilə malik olmasına dəlalət etmir ki? Deyilənə görə, Ramiz Məmmədovun necə təhsil alması onun işində açıq-aydın bilinir. Qəribədir, axı təhsil sahəsi ilə mədəniyyət və turizm şöbəsi tamamilə başqa-başqa sahələrdir. Deməli, bu barədə söylənilənlər düzdür. Bütün bunlar bir yana, görəsən, Ramiz Məmmədovu sabah tamamilə başqa bir şöbənin rəhbəri vəzifəsinə təyin etməyəcəklər ki? Axı o Namiq Məmmədovun qohumu, doğmaca əmisi oğludur. Nə olsun ki, qanun yaxın qohumların bir-birlərinin tabeliyində işləmələrini yasaq edir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Gədəbəy rayonundakı tarixi mədəniyyət abidələrinin qorunmasına, rekonstruksiyasına külli miqdarda pul ayırır. Maraqlıdır, təhsil şöbəsinin rəhbəri vəzifəsindən çıxarılmış Ramiz Məmmədovun rəhbərlik etdiyi Mədəniyyət və Turizm Şöbəsi bu pulları necə xərcləyir? Sakinlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək xahiş edirlər ki, Gədəbəyin Mədəniyyət və Turizm Şöbəsinin rayonun mədəniyyət abidələrinə xərclədiyi vəsaitlərlə bağlı araşdırmalar aparılsın. Gədəbəydə abidələr yaxşı qorunmur, nəinki rekonstruksiya işləri.
Yeri gəlmişkən, Ramiz Məmmədovdan əvvəl Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbəri vəzifəsində çalışan şəxs Fazilə Məmmədova idi. Həmin xanımın soyadındakı Məmmədovun Namiq Məmmədova aidiyyətinin olub-olmadığını da növbəti saylarımızda araşdıracağıq.
Bütün bunlar Ramiz Yediyarov üçün yaxşı heç nə vəd etmir
Bu günlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov tutduğu vəzifədən azad edildi. Təbii ki, bunun da bir sıra səbəbləri var. Şəmkir rayonunda məmur özbaşınalıqları, sosial problemlər, vətəndaşların incidilməsi ilə bağlı çoxsaylı məlumatlar var. Bütün bunlardan əlavə, Gədəbəyi icra başçısıyla birlikdə idarə edən Namiq Məmmədovun Şəmkirdəki həmkarı, həmin rayonun Maliyyə İdarəsinin rəisi Nazim Məlikov tutduğu vəzifədən kənarlaşdırıldı. Bir neçə ay əvvəl Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün nazir Samir Şərifov müvafiq əmr imzaladı. Həmin əmrə əsasən Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırıldı. Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikovun tutduğu vəzifədən kənarlaşdırıılması, habelə rayondan edilən çoxsaylı şikayətlər sabiq icra başçısının karyerasının sonunu gətirdi.
Gədəbəy rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun hələ də vəzifə səlahiyyətlərini icra etməsi, həmin məmurla bağlı xoşagəlməz məlumatlar yayılması, bütün bunlara baxmayaraq, bu səlahiyyətli şəxsin hələ də vəzifə başında olması Ramiz Yediyarovun gələcək karyerası üçün yaxşı heç nə vəd eləmir. Rayondakı məmur özbaşınalıqları qohum şəxslərin bir-birlərinin tabeliyində çalışmaları, məmmədovların rayonun ən prestijli vəzifələrinə sahib olmaları, sahibkarların incidilməsi Gədəbəyin sosial problemlər məngənəsində sıxıldığını göstərir.
gundelik-baku.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər