BolgeXeber.Com » Gündəm » “ŞƏRUR MTK”-nın daha bir fırıldağı üzə çıxdı

“ŞƏRUR MTK”-nın daha bir fırıldağı üzə çıxdı

13-10-2014, 09:55
Oxunub: 3 617 “Külli miqdarda pul vəsaiti mənimsənilmişdir”

Büdcədən ayrılan vəsait mənimsənilib, sakinlərdən əlavə pul yığılır və bina təhvil verilmir…

Redaksiyamıza Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, bina 18-in sakinlərinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Baş Prokuror Zakir Qaralova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanladıqları müraciət daxil olub.

Müraciətdə bildirilir ki, sözügedən binanın sakinləri vaxtilə “Mur Ay MTK” tərəfindən aldadıldıqdan sonra (“Mur Ay” MTK M.Xiyabani küçəsində yerləşən 317 mənzillik binanı, təxminən, 940 nəfərə satmışdı), Prezident İlham Əliyevin sərəncamı ilə “Mur Ay” MTK “Şərur MTK”ya təhvil verilib, tikilməkdə olan binanın başa çatdırılması, həmçinin digər zərərçəkənlərin maddi zərərlərinin ödənilərək başqa binlarda mənzillə təmin olunmaları üçün dövlət tərəfindən maliyyə vəsaiti də ayrılıb: “Amma mənzillərin və blokların dəhlizlərinin ərazi kvadratları azaldılaraq 317 mənzil üçün nəzərdə tutulmuş binada 400 mənzil tikilmiş, sakinlərdən hər kvadrat üçün əlavə ödəniş alınmışdır. Sakinlərin mənzillərlə təmin olunmalarına və ölkə rəhbərliyinin də qəti göstərişinə baxmayaraq, bir ildir ki, bina təhvil verilmir, ev sahibləri mülkiyyət hüququ verən sənədlərlə təmin olunmurlar. Su sayğacları qeydiyyatdan keçmədiyi üçün sakinlərdən istifadə miqdarından qat-qat artıq su pulu yığılır, üstəlik, binanın həyətinə girən avtomobil yolu bərbad olduğu, yük liftlərinin işləmədiyi, binada təhlükəsizlik və təmizlik işləri aparılmadığı halda, sakinlərdən mənzilin hər kvadratı üçün əlavə pul tələb edilir, əks təqdirdə mənzillərə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilir. Qaz və su sayğacları və onların istismara təhvil verilməsi üçün hər mənzildən MTK tərəfindən əlavə 350 manat pul tələb edilməsinə və bəzi mənzil sahiblərinin də bu vəsaiti ödəmələrinə baxmayaraq, mənzillərə qazın verilməsi təmin edilməmiş və vətəndaşların külli miqdarda pul vəsaiti mənimsənilmişdir”.

Müraciətdə yazıldığına görə, binanın ətrafının bərbad vəziyyətdə olması və “Şərur” MTK-nın laqeydliyi səbəbindən sakinlər ciddi çətinliklərlə üzləşirlər: “13 sentyabr 2014-cü il tarixdə Tələt Qədirov adlı sakinin azyaşlı oğlu axşam saatlarında binanın həyətində oynayarkən, ətrafında heç bir qoruyucu maneə olmayan zirzəmiyə yıxılmış və ağır bədən xəsarətləri almışdır. Yol bərbad olduğundan isə binanın həyətinə nə təcili tibbi yardım xidmətinin, nə də MKİS-in maşınları daxil ola bilmirlər”.

Bina sakinlərinin yazdıqlarına görə, “Şərur MTK”-nın öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən qış aylarında onların əziyyəti amansız işgəncəyə çevrilir: “Binaya qaz verilmədiyindən, həmin aylarda mənzilləri elektrik enerjisi ilə qızdırmalı oluruq. Nəticədə, ya ciddi maddi sıxıntıya düşür, ya da mənzillərimizi qızdıra bilmədiyimizdən, başqa yerlərdə qalmağa məcbur oluruq. Dəfələrlə “Şərur İnşaat”ın rəhbəri İsfəndiyar Axundova müraciət edib, binanın problemlərinin haçan həll olunacağını soruşmaq istəsək də, o, bina sakinlərini dinləməkdən belə, imtina etmişdir”.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, bina 18-in sakinləri rastlaşdıqları problemləri işıqlandırmaq, hər şeyi öz gözləri ilə görmələri üçün media nümayəndələrini də göstərdikləri ünvana dəvət ediblər.(azpolitika.info)