BolgeXeber.Com » Gündəm » Tərtər İcra Hakimiyyətinin başçısı məruzə etdi-FOTO

Tərtər İcra Hakimiyyətinin başçısı məruzə etdi-FOTO

13-10-2014, 13:55
Oxunub: 3 966 Rayonda Olimpiya İdman Kompleksinin, Tərtər şəhərində 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilir

2014-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələr barədə Tərtər rayon
İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədovun
M Ə R U Z Ə S İ
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Respublikası dünyanın inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan regionun lider dövlətidir. Sosial-iqtisadi inkişaf sahəsində respublikamız MDB məkanında öncül yerlərdən birini tutur.
Məlumunuz olduğu kimi, cari ilin oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Cənab Prezident iclasda giriş nitqində bildirmişdir ki, 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olmuş, ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılmışdır. Dünyada maliyyə böhranı davam etdiyi bir vaxtda ölkə üzrə 9 ayda ümumdaxili məhsul 2.5 faiz, qeyri-neft sektoru isə 6 faiz artmışdır. İnflyasiya 1.5 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 5.4 faiz çoxalmışdır. İlin əvvəlində maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatmışdır.
Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliynə görə 38-ci yerdə qərarlaşmışdır. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunmuş, 9 ayda 100 mindən çox yeni iş yeri açılmışdır. Son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatmışdır.
Cənab Prezident proqram xarakterli nitqində görülən işlər, əldə olunan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr barədə də ətraflı danışmışdır.


Hörmətli yığıncaq iştirakçıları!
2014-cü ilin ötən 9 ayının yekunları sosial-iqtisadi inkişaf baxımından rayonumuz üçün də uğurlu olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində hesabat dövründə rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır.

Ümumdaxili məhsulun artım dinamikası

2014-cü ilin doqquz ayı ərzində ümumdaxili məhsulun həcmi 94.3 milyon manat təşkil etmişdir.
Ümumdaxili məhsulun həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 2 milyon manat və yaxud 2.2 faiz çox olmuşdur ki, bununda da 87.9 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir.
Ümumdaxili məhsulun 4.1 milyon manatını sənaye, 43.1 milyon manatını kənd təsərrüfatı, 11.9 milyon manatını tikinti və quraşdırma işləri, 31.8 milyon manatını ticarət xidmətləri, 3.1 milyon manatını nəqliyyat, 0.4 milyon manatını rabitə təşkil etmişdir.
Hər nəfərə 1083.7 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 34.5 manat və ya 3.2 faiz çoxdur.
Rayon üzrə orta aylıq əmək haqqı 228.9 manat təşkil etmişdir.
2014-cü ilin 9 ayında əhalinin pul gəliri ötən ilin müvafiq dövrünə nisbətən 2.6 milyon manat və ya 1.8 faiz, adambaşına (hər nəfərə) pul gəlirləri isə 2013-cü ilin 9 ayına nisbətən 37.4 manat və ya 2.0 faiz çox olmuşdur.

Ticarət və xidmət sahəsi

2014-cü ilin 9 ayında pərakəndə ticarət dövriyyəsi və pullu xidmətlərin həcmi 106 milyon manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.6 faiz və yaxud 7.5 milyon manat çoxdur.
Hesabat dövründə əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsini yüksəltmək üçün 14 obyektin tikilməsinə icazə verilmişdir.
Yeni tikilən ticarət və xidmət obyektləri müasir dizaynla tikilərək şəhərin ümumi görkəminə uyğunlaşdırılmışdır.
Rayonda 376 hüquqi, 2824 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata alınmışdır. Onlardan 206 hüquqi, 1485 fiziki şəxs hazırda fəaliyyət göstərir.
Aqrar sahə üzrə

Hesabat dövründə ümumilikdə 43.1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1.0 faiz çoxdur.
2014-cü ilin məhsulu üçün rayonda 26.4 min hektar sahədə əkin aparılmışdır. Onun 11.1 min hektarında taxıl, o cümlədən 6191 hektarında buğda, 339 hektarında dən üçün qarğıdalı, 905 hektarında pambıq, 555 hektarında şəkər çuğunduru, 910 hektarında dən üçün günəbaxan, 548 hektarında kartof, 965 hektarında tərəvəz, 10.8 min hektarında yem bitkiləri əkilmişdir.
Taxıl sahələrindən 37.7 min ton məhsul toplanmışdır. Hər hektarda məhsuldarlıq 2013-cü illə müqayisədə buğda üzrə 1.7 sentner artaraq 34.4 sentner, arpa üzrə 0.6 sentner artaraq 33.4 sentner olmuşdur.
Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 780 ton mineral gübrə satılmışdır.
2014-cü ilin 9 ayında 2013-cü ilin 9 ayına nisbətən iribuynuzlu mal-qaranın baş sayı 695 baş artaraq 25.9 min baş, xırdabuynuzlu mal-qaranın baş sayı isə 1178 baş artaraq 71.2 min baş olmuşdur.
Cari ilin 9 ayı ərzində 2013-cü ilin müvafiq dövrünə nisbətən 49.3 ton ət, 141.6 ton süd, 120 min ədəd yumurta, 0.2 ton yun çox istehsal edilmişdir.
Əkin sahələrinin suvarılması və məhsuldarlığın yüksəldilməsini yaxşılaşdırmaq məqsədilə 695 min kubmetr lildən təmizləmə işi aparılmış, daşqın və selə qarşı 50 min kubmetr torpaq işi görülmüş, 22 ədəd hidrotexniki qurğu, 18 ədəd hidrometrik post, 2.5 kilometr uzunluqda istismar yolu cari təmir edilmişdir. Kollektor və drenlərdə 8 min kubmetr lildəntəmizləmə işləri aparılmışdır. Su bölgüsünü asanlaşdırmaq və su itkisinin qarşısını almaq məqsədilə R-7 kanalının R-7-1 paylayıcısının 3.9 km hissəsinin tikintisi başa çatdırılmış, R-8-1 paylayıcısının 5.6 km- lik hissəsinin tikintisi aparılır və kanalın 1.1 km-lik hissəsi tikilib başa çatmışdır.
Qapanlı arxının Səhlabad kəndindən keçən hissəsinə 320 metr, Qaraağacı arxında 760 metrlik hissəsinə beton üzlük çəkilmişdir.
Əhalinin suvarma suyuna olan təlabatı ödəmək üçün susuzluqdan əziyyət çəkən kəndlərdə 31 ədəd subartezian quyuları qazılmışdır ki, bunlardan 26 ədədi artıq istifadəyə verilmiş, 5 ədədi isə yaxın vaxtlarda istismara veriləcəkdir. Bərpaya ehtiyacı olan 4 subartezian quyusu yenidən təmir-bərpa olunaraq işə salınmışdır.
Sel sularından mühafizə məqsədi ilə Tərtər çayında 293.2 min manatlıq sahilbərkitmə işləri və qrunt sularının səviyyəsinin aşağı salınması üçün 683.9 min manatlıq işlər görülmüşdür. Tərtər çayının sağ sahilində 120 paqonometr beton müdafiə divarı tikilmişdir.

Büdcə, Maliyyə, Bank,
Sosial Müdafiə və Məşğulluq sahəsində
2014-cü ilin 9 ayında rayonun büdcə gəlirləri 12 milyon 407 min 663 manat, büdcə xərcləri 10 milyon 314 min 302 manat olmuşdur.
Rayonda 2 bank filialı, 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərmişdir.
2014-cü ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 10103 nəfər pensiyaçıya 14.2 milyon manat vəsait ödənilmişdir.
Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən hesabat dövründə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə ümumi xəstəlikdən əlil olan 1911 nəfər vətəndaşa, 286 nəfər şəhid ailəsinə, 17 peşə xəstəliyi ilə əlaqədar olanlara, 755 nəfər Qarabağ müharibəsi veteranlarına, 16 nəfər vəfat edən sosial müavinət alanların ailəsinə, 5 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, 746 nəfərə uşağın anadan olmasına görə, 49 nəfər Çernobl əlilinə, 54 nəfər cəzaçəkmədən azad olanlara sosial müavinətlər və 321 nəfərə Prezident təqaüdü ödənilmişdir.
2014-cü ilin oktyabrın 1-i vəziyyətinə 1448 aztəminatlı ailənin 5212 nəfər ailə üzvünə ünvanlı sosial yardım verilmişdir. Hər bir ailəyə orta hesabla 132 manat, hər bir ailə üzvünə 29.07 manat vəsait düşmüşdür.
Dövr ərzində rayonda 913 yeni iş yeri açılmışdır. Onlardan 321-i daimidir. Ümumilikdə 2003-2014-cü illərdə rayonda 14655 iş yeri açılmışdır ki, onlardan 5936-ı daimi iş yerləridir.

Tikinti-quraşdırma, abadlıq sahəsində

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində 2014-cü ilin 9 ayında bütün maliyyə mənbələri hesabına rayonda kapital qoyuluşunun həcmi 14.5 milyon manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 320 min manat və ya 2.3 faiz çoxdur.
Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının, Qaz istismarı sahəsinin və YAP rayon təşkilatının binalarının tikintisi başa çatmış, son tamamlama işləri aparılır.
Rayonda Olimpiya İdman Kompleksinin, Tərtər şəhərində 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilir.
Respublika Prezidentinin Sərəncamı ilə 5000 nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 km olan Cəmilli-Dəmirçilər kəndarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmışdır.
Uzunluğu 6 km olan 4 yaşayış məntəqəsini birləşdirən Qapanlı-Seysulan yolunun çınqıl örtüyü əsaslı təmir olunmuş, 3 km hissəsinə asfalt örtüyü salınmışdır.
Tərtər şəhərinin H.Əliyev prospektində 4 km, M.Əsədov küçəsində 0.8 km yola asfalt örtüyü salınmışdır.
Qaradağlı-Bayandurlu- Kəbirli-Xoruzlu kəndarası yolunda 10 km, Sarov- Borsunlu yolunda 10 km, Qaynaq- Qapanlı-Qazyan yolunda 15 km, Səhləbad- Əskipara yolunda 4 km, Azad Qaraqoyunlu-Qapanlı, İlxıçılar-Köçərli yolunda 8 km, İsmayılbəyli-Evoğlu yolunda 10 km məsafədə kəndarası yollarda cari təmir işləri aparılaraq çınqıl örtüyü salınmış, qreyderlə hamarlanmışdır. Sarıcalı, Zolgəran kəndləri ərazisində Tərtər çayı üzərində yeni körpünün tikintisi məqsədilə hazırlıq işləri aparılır.
Şəhərin mərkəzi meydanı yenidən qurulmuş, 8.2 min kvadratmetr sahədə yeni keyfiyyətli tamet daşları ilə üzlənmiş, yağış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətləri çəkilmiş, prospektdə və şəhərin digər məhəllələrində 3 km su xətləri yenilənmişdir.
Heydər Əliyev meydanında və Heydər Əliyev parkının ətrafında 39 ədəd müasir tipli işıqlandırma sistemi quraşdırılmışdır. Prospektdə uzunluğu 4 km olan səkilərdə yenidənqurma işləri aparılmış, səkilərə 7.5 min kvadratmetr tamet daşları döşənmişdir.
“Heydər Əliyev” parkında uşaqlar üçün əyləncə mərkəzi yaradılmış, karusel quraşdırılmışdır.
Rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılır, H.Əliyev prospektində rayon icra hakimiyyətinin və daha 4 iri həcmli binaların dam örtüyü sökülərək müasir mansard üslubunda yenidən qurulmuşdur.
Şəhərin V. Hüseynov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunaraq müasir üslubda yenidən qurulmuşdur. Nizami küçəsində yerləşən 4 ədəd ikimərtəbəli 16 mənzilli yaşayış binalarının və şəhər 6 saylı tam orta məktəb binasının da dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslubunda qurulmuşdur.
Şəhərin Nizami, V. Hüseynov, Ə. Paşayev və E.Səfərov küçələrində yaşayış binalarının yerləşdiyi ərazilərdə sakinlər tərəfindən qanunsuz və pərakəndə şəkildə tikilmiş müxtəlif təyinatlı, kiçik həcmli tikililər sökülərək, ərazi təmizlənib genişləndirilmiş, həmin sahələrə yüzlərlə maşın torpaq daşınaraq hamarlanmışdır. Hər dörd küçədə “Nümunəvi məhəllə” yaradılır. Təmizlənmiş sahədə yaşıllaşdırma işləri aparılır, uşaqlar üçün əyləncə mərkəzi yaradılır. Nizami küçəsində beşmərtəbəli yaşayış binalarının həyətinin təmizlənib genişləndirilməsi nəticəsində 1.7 hektar sərbəst ərazi yaradılmışdır ki, burada mini futbol meydançası inşa edilmiş və digər idman qurğuları quraşdırılmışdır. Ərazidə sakinlərin istirahəti üçün park yaradılmış, səkilər və meydançalar salınmışdır
Şəhərin M. Əsədov küçəsində 800 metr məsafədə istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir, kommunikasiya xətləri qaydaya salınır, küçədə işıqlandırma sisteminin quraşdırılması üçün hazırlıq işləri aparılır.
Şəhərin T.İsmayılov küçəsindən keçən əvvəllər bərbad vəziyyətdə olan Seysulan arxının 350 metrlik hissəsi beton kanala alınmış və ətrafı səliqəyə salınmışdır.
Təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı, Qazyan, Hüsənli, Dəmirçilər və Borsunlu kəndlərində 8.5 km olan gecə işıqlanması quraşdırılmışdır.
2014-cü ilin 9 ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən rayonda aparılmış əməliyyatlar nəticəsində 2 milyon 261 min 429 kvadratmetr ərazi təmizlənmə və ləğvetmə üsulu ilə təmizlənmiş, 11 ədəd mina və partlamamış hərbi sürsatlar aşkar edilərək zərərsizləşdirilmişdir.


İnfrastrukturun yaxşılaşdırılması

İçməli su təminatı

2014-cü ilin 9 ayında əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində olmuş, artezian və subartezianların istismarı nəzarətdə saxlanılmışdır. Şəhərin S.Vurğun və R. Kərimov küçələrində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusu qazılmış, transformator quraşdırılmış, 107 abonentə su xətti çəkilmişdir. Yaxın günlərdə əhalinin istifadəsinə veriləcəkdir.
Borsunlu, Təzəkənd, Dəmirçilər, Qaradağlı və Qazyan kəndlərinin hər birində 1 ədəd olmaqla 5 subartezian quyusu qazılmış, küçələrə su xətti çəkilərək bulaqlar quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir.

Elektrik enerjisi təminatı

2014-cü ilin 9 ayı ərzində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilmişdir.
Dövr ərzində elektrik şəbəkəsində 5 yarımstansiyada yağ açarları və 83 transformator cari təmir edilmiş, 585 ədəd sayğac quraşdırılmış, hava xətlərində 116 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur.

Təbii qaz təminatı

2014-cü ilin 9 ayı ərzində təbii qaz təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər davam etdirilmişdir.
Şəhərin N. Nərimanov küçəsində korroziyaya uğramış yeraltı qaz xətti ləğv olunaraq yerüstü keçidlə əvəz olunmuşdur. H.Əliyev prospektində və Nizami küçəsində isə 50 paqonometr uzunluqda yeraltı qaz kəməri çəkilmişdir. Güləbatlı və Buruc kəndlərində qaz kəməri texniki qaydalara uyğun olmadığına görə sökülərək yenidən çəkilmişdir. E.Səfərov küçəsində 1 ədəd qaz tənzimləyicisi quraşdırılmışdır.
Rayonda aparılan abadlıq işləri ilə əlaqədar olaraq Nizami, T. İsmayılov, Q. Mehdiyev, T. Rəhimov, F. Qulami, M. Əsədov, Ə. Paşayev, E. Səfərov küçəslərində və H.Əliyev prospektində ümumilikdə 2400 paqonometr uzunluqda küçə xətləri sökülərək yenidən dayaqlar üzərinə qaldırılmış və texniki qaydalara uyğun çəkilmişdir.
Rayon əhalisinin 33.5 faizi qazla təmin edilmişdir. Dövlət Proqramına uyğun olaraq digər kəndlərin qazlaşdırılması davam etdirilir. Ümumi satışın ödənişi 98.6 faiz təşkil etmişdir.

Rabitə və poçt xidmətləri

Əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən yaxşılaşmışdır.
Belə ki, 2014-cü ilin 9 ayında abonentlərə 381.5 min manatlıq informasiya, rabitə və poçt xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 32.5 min manat və ya 9.3 faiz çoxdur. Əhaliyə göstərilən xidmətlərin həcmi isə 16.7 min manat və ya 7.7 faiz artmışdır.
Təhsil, Səhiyyə, Mədəniyyət və idman sahələri üzrə

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2014-cü ilin 9 ayında 420 şagird yerlik Qazyan, 150 şagird yerlik Borsunlu kənd tam orta məktəbləri və 150 şagird yerlik Rəcəbli kənd ümumi orta məktəbi əsaslı təmir olunmuş və istifadəyə verilmişdir. 5 məktəbdə cari təmir işləri aparılmış, Hüseynli və şəhər 6 saylı tam orta məktəbdə isə əsaslı təmir işləri görülür.
2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 356 nəfəri müxtəlif ali məktəblərə sənəd vermiş, onlardan 162 nəfəri ali məktəbə daxil olmuş, 6 nəfəri 600-dən çox, 16 nəfəri 500-dən çox bal toplamışdır. Məzunlardan 46 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Bütövlükdə ötən illərin məzunları ilə birlikdə qəbul olunanların sayı 179 nəfər təşkil etmişdir. Rayonda fəaliyyət göstərən 34 tam orta məktəbdən Şıxarx-1 və Mamırlı kənd tam orta məktəblərindən bir nəfər də olsun ali məktəblərə qəbul olmamışdır.
Şagirdlərin ali hərbi və Cəmşid Naxçıvanski adına liseyə qəbulu istiqamətində tədbirlər davam etdirilmişdir. Görülmüş məqsədyönlü işlər nəticəsində 10 nəfər məzun ali hərbi məktəblərə, 4 nəfər isə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdur.

Hesabat dövründə rayonda 4 xəstəxana, 14 həkim və 22 tibb məntəqəsi əhaliyə tibbi xidmət göstərmişdir. Göstərilən müddətdə mərkəzi rayon xəstəxanasına 175062 manatlıq dərman preparatları və sarğı materialları alınaraq xəstələrin müalicəsinə sərf olunmuşdur. Güzəştli imtiyazlarla tibbi xidmət almaq hüququna malik olan şəkərli diabet xəstələri 138452 manatlıq, psixi xəstələr 24600 manat dəyərində psixatrop dərman preparatları ilə təmin olunmuşlar. Dövr ərzində 728 nəfər xəstə hərtərəfli müayinə və müalicə məqsədi ilə Respublikanın ayrı-ayrı klinik xəstəxanalarına göndərilmişdir.
2014-cü ilin 9 ayında rayonun doğuşayardım tibb müəssisələrinə 547 nəfər hamilə qəbul olunmuş, 392 uşaq doğulmuşdur. Yeni doğulmuşlara 470 vərəm, 493 B Hepatiti, 470 nəfər poliomielit əleyhinə peyvəndlər edilmişdir. Uşaq əhalisi arasında 2 ölüm hadisəsi baş vermişdir ki, onlardan bir nəfəri 0-1 yaş qrupuna, ikincisi 1-5 yaş qrupuna aiddir.
9 ay ərzində rayonun tibb müəssisələrində ambulator gəlişlər profilaktiki gəlişlər də daxil olmaqla 146061, evə çağırışlar isə 21017 olmuşdur. Göstərilən müddətdə 25 nəfər ruhi-əsəb, 36 nəfər vərəm, 177 nəfər şəkərli diabet, 68 nəfər ankoloji xəstə ilkin olaraq aşkarlanmış və müalicəyə cəlb olunmuşlar.
Hesabat dövründə aşkar olunmuş 24 kəskin bağırsaq xəstəliyi, 1 Hepatit A və 36 vərəm xəstəliklərinin ocaqlarında xəstəliyin qarşısının alınması məqsədi ilə bir sıra əksepidemik tədbirlər aparılmışdır.
2014-cü ilin 9 ayında rayon Mədəniyyət və turizm şöbəsi tərəfindən əhaliyə göstərilən mədəni-maarif xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.
İlin 9 ayı ərzində mədəniyyət müəssisələrində 600-ə yaxın müxtəlif mövzuya həsr olunmuş mədəni-kütləvi tədbirlər keçirilmişdir ki, bu tədbirlərdə də 35 min nəfər tamaşaçı və dinləyici iştirak etmişdir.
Hazırda kitabxanların ümumi kitab fondu 189 min nüsxəyə, oxucuların sayı 20800 nəfərə çatdırılmışdır.
2014-cü ilin 9 ayında Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı dönüş yaranmışdır.
İlin 9 ayında Gənclər və idman idarəsi tərəfindən gənclər üzrə 30, idman üzrə 28 tədbir keçirilmiş və bu tədbirlərdə 3655 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
“Antinarkomaniya sahəsində gənclərin təşəbbüsü” İctimai Birliyi tərəfindən və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı və digər təşkilatlar tərəfindən rayonda keçirilmiş tədbirlər gənclərdə böyük maraq doğurmuşdur.


Hüquq-mühafizə və hərbi səfərbərlik üzrə

Vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görülmüş, gənclərin həqiqi hərbi xidmətə çağırılmasına, onların hərbi hazırlığının təşkilinə qanunvericiliyə uyğun olaraq köməklik göstərilmişdir.
İlin 9 ayı ərzində qeydə alınmış 120 cinayət hadisəsindən 96 cinayət hadisəsinin istintaqı tamamlanmış, 18 hadisə bağlı qalmış, cinayətlərin ümumi açılma əmsalı 84.2 faiz təmin olunmuşdur.
Narkotiklərlə mübarizə sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərlə bağlı 10 cinayət faktı aşkar edilmiş, açılma əmsalı 100 faiz təşkil etmişdir. Bu müddət ərzində 1.296 heroin, 4801.10 qram çəkidə olan qurudulmuş malixuana olan narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılması təmin edilmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirinin “Xaş-xaş 2014” şərti adı altında kompleks əməliyyat-axtarış tədbirlər planının icrası ilə əlaqədar rayon ərazisində yabanı halda bitmiş ümumi sahəsi 5.3 ha olan ərazidən 1500 ədəd kol olmaqla ümumi çəkisi 760 kq olan yabanı halda bitmiş çətənə kolları çıxarılaraq yandırma yolu ilə məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə ordu sıralarına həqiqi hərbi xidmətə 3 çağırış həyata keçirilmişdir. Çağırış ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər nəticəsində 311 nəfər tərtərli gənc ordu sıralarına göndərilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması,
onların qəbulunun təşkili

Hesabat dövründə vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxılması işi rayon cra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. Vətəndaşların hər bir müraciəti Yerli İcra hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun icra olunmuşdur.
Hesabat dövründə rayon icra hakimiyyəti başçısının 31 səyyar qəbul-görüşü keçirilmişdir. Həmin görüşlərdə 6285 vətəndaş iştirak etmişdir.

İcra aparatına 866 vətəndaşın müraciəti daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 ədəd azdır. 1100 nəfər rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır.

Hörmətli yığıncaq iştirakçıları!

Biz cari ilin ötən aylarında əldə olunan nailiyyətlərlə arxayınlaşmamalıyıq. Qarşıda bizi daha mühüm işlər gözləyir. Biz bundan sonra da bütün qüvvələri səfərbər etməklə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayonumuz üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün konkret işlər görməliyik. Quruculuq və abadlıq işlərini bundan sonra da davam etdirməliyik.
İcazə verin Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edim ki, rayonumuza göstərdiyi diqqət və qayğıya cavab olaraq ölkəmizdə həyata keçirilən islahatlara, dövlət başçımızın daxili və xarici siyasətinə bundan sonra da dəstək olacaq, xalqımızın firavan yaşaması naminə var qüvvəmizlə çalışacağıq.
Bolgexeber.com