BolgeXeber.Com » Gündəm » Elmar Vəliyevə “bıçaqlı hücum” xəbərinin altından nələr çıxdı... - təfərrüat

Elmar Vəliyevə “bıçaqlı hücum” xəbərinin altından nələr çıxdı... - təfərrüat

17-10-2014, 08:40
Oxunub: 3 485 “İlham adlı sahibkar bıçağı götürərək...”

Gəncə İcra Hakimiyyəti isə prezidentin bölgəyə səfəri ərəfəsində yayılan bu məlumatı təxribat adlandırdı
Dünən Yevlax rayonunda sensasion hadisə baş verdiyi haqda məlumat yayılıb. Yevlaxdakı mənbələrdən ölke.az-a daxil olan xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu rayonun mərkəzində bıçaqlı hücuma məruz qalıb.

Məlumatda iddia olunur ki, Gəncədən əvvəl Yevlağın icra başçısı olan E. Vəliyev dünən bu rayonda olarkən onu müşayiət edən bir qrup adamla şəhərin mərkəzindəki bir ərzaq mağazasının qarşısında ayaq saxlayıb. Mağazanın qarşısının zibilli olmasını dükanın sahibinə irad tutan E.Vəliyevlə sahibkar arasında mübahisə yaranıb. Mübahisə böyüyüb və tərəflər qarşılıqlı təhqirə keçiblər.

Mənbə bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ağır söyüşündən sonra dükan sahibi mağazaya girərək, oradan əlində bıçaq çölə çıxıb və E. Vəliyevi qovalamağa başlayıb. Mənbə iddia edir ki, dükan sahibi əlində bıçaq icra başçısını bir az qovduqdan sonra yaxınlıqdakı polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Bundan sonra İlham adlı dükan sahibinin Yevlax Rayon Polis Şöbəsinə aparıldığı bildirilir.
Xəbərdə o da var ki, İlham adlı şəxs “Üç qardaş” adlı marketin sahibidir.

Xəbəri musavat.com-dan oxuyan yevlaxlılardan biri müxbirimizə deyib ki, marketin sahibinin rayonda çoxlu qohum-əqrəbası var və onlar müəyyən nüfuz sahibidirlər. Yevlaxlı mənbə iddia edib ki, qohumları icra başçısının İlhamı tutduracağından narahatdırlar. Bu səbəbdən də Bakıya gələrək Prezident Administrasiyası qarşısında aksiya keçirəcəklər.
Məlumatda o da iddia olunur ki, icra başçısı ilə sahibkar arasında olan bıçaqlı insident 3-4 nəfər tərəfindən telefonla videoya çəkilib. İndi rayon rəhbərliyi və E.Vəliyevin adamları qalmaqalı videonu çəkən şəxsləri axtarırlar.

Bu xəbərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Yeni Müsavat” verilən açıqlamada isə məlumatın tamamilə əsassız olduğu və belə bir hadisənin baş vermədiyi bildirilir. Açıqlamada qeyd edilir ki, prezident İlham Əliyevin Gəncəyə səfəri gözlənilir və belə bir ərəfədə Elmar Vəliyevin Yevlağa, yaxud hansısa başqa qonşu rayona getməsi mümkün deyil: “Cənab prezidentin Gəncəyə səfəri ərəfəsində belə hadisə baş verməyə-verməyə, bu cür məlumatın yayılması Elmar Vəliyevə qarşı təxribatdır. Elmar Vəliyev istər Gəncədə, istərsə də Yevlaxda olsun, hər zaman vətəndaşlarla çox normal davranıb və onlarla çox sakit danışıb. Buna görə də heç zaman belə bir hadisənin baş verməsi mümkün deyil. Bu, Elmar Vəliyevin Gəncədə gördüyü işləri, qazandığı uğurları sinirə bilməyənlərin təxribatıdır. Belə məlumatı yayanlar gərək ortaya konkret faktlar qoysunlar, bununla bağlı polislə dəqiqləşdirmə aparsınlar. Bunların heç biri yoxdur ortada. Buna görə də biz bu yanlış və təxribat xarakterli məlumatın yayılmasına görə ölçü götürülməsi üçün lazımi tədbirlər görəcəyik”.

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov isə axşam saatlarında ucnoqta.az-a bu məsələnin Elmar Vəliyevlə heç bir əlaqəsinin olmadığını, olayın onun müavininin başına gəldiyini bildirib:

“Dediyiniz hadisə rayon ərazisində yerləşən ”Üç qardaş" deyilən marketin sahibləri Nəbiyev Vüsal və Vüqar qardaşları ilə mənim müavinim olan Namiq Süleymanov arasında baş verib. Onlar mənim müavinimi söyüb, təhqir ediblər. Çox tərbiyəsiz insanlardı bu şəxslər. Küçə ticarəti ilə məşğuldurlar. Mən göstəriş vermişəm ki, küçə ticarəti yığışdırılsın. Bunların da atası İnqilab kişi bir neçə gün qabaq mənim qəbulumda olarkən, xahiş etdi ki, bir az malımız qalıb, satıb yığışdıraq. Mən də icazə verdim, amma neçə gün keçib hələ də yığışdırmayıblar. Bu gün müdaxilə edilib və nəticədə polislərə də, mənim müavinimə də hücum ediblər. Məsələ bundan ibarətdir. İnsidenti yaradan şəxslər hazırda polis idarəsindədirlər, qanunlara uyğun hərəkət ediləcək".