BolgeXeber.Com » Gündəm » Ölümlə hədələnən üç uşaq anası intihar etmək istəyir - ŞOK TƏFƏRRÜAT - VİDEO

Ölümlə hədələnən üç uşaq anası intihar etmək istəyir - ŞOK TƏFƏRRÜAT - VİDEO

17-10-2014, 09:50
Oxunub: 2 825 Sələmə pul götürülməsinin bir çox insanın həyatına mənfi təsir göstərməsi hər kəsə məlumdur.

Bolgexeber.com bildirir ki, musavat.com-un redaksiyasına müraciət edən Zeynəb Muradova da belə bir hadisə ilə üzləşib. O, deyir ki, faizlə pul götürdüyü borc pul götürdüyü şəxslər ona hücum edib: “Sələmə pul götürmüşəm. Notariusun təsdiqi ilə. Pulun ödənilmə vaxtına hələ müəyyən qədər var. Amma buna baxmayaraq, məndən pulu tələb edirlər. Evimə hücum çəkiblər. Pəncərələrin şüşələrini qırıblar. Qanunsuz olaraq böyük miqdarda faizlər əlavə edib, borcumu şişiriblər. Mən 3 uşaq anasıyam. Bu faizləri necə ödəyə bilərəm? Son çarəm intihardır”.

Bu müraciətdən sonra Zeynəb Muradovanın yaşadığı Lökbatan qəsəbəsinə yollandıq. Zeynəb xanıma görüşdük. Görüşdüyümüz yer onun həm iş yeri idi, həm də evi. Zeynəb Muradova gözəllik salonu işlədir və evi olmadığı üçün 3 övladı ilə həmin salonda da yaşayır.

Z. Muradova deyir ki, bir neçə ay bundan öncə, sələmə 24 min manat pul götürüb. 2 ay sonra pul aldığı Arzu Cabbarova adlı qadın ona borcunun 51000 manat olduğunu deyib. Bundan sonra aralarında razılığa gələrək notariusun təsdiqi ilə sənəd hazırlanıb. Həmin sənədə görə, Z.Muradova 51 min manat borcu noyabr ayına qədər geri verməli idi. Amma həmin vaxtın tamam olmamasına baxmayaraq, Arzu Cabbarova tez-tez onun iş yerinə gələrək ondan pul tələb edib. Hətta hədələyib də: “Mən üç uşaq anasıyam. Ən balacası 3 aylıqdır. Evim yoxdur deyə burada balaca bir otaq düzəltmişəm. İş yerimdə yaşayıram. O pulu ondan götürüb buranı açmışam. Hər gün gəlir, nə qazancım olursa aparır. Amma onun buna ixtiyarı yoxdur.

Məni tez-tez hədələyir. Təhqiramiz mesajlar yazır. Gəlir dükandakı gəlinlikləri dağıdır. Bir Təranə adlı avtoritet qadına mənim nömrəmi verib. O da mənə yazır ki, “Sənin başına oyun açaram. Doğrayıb ataram Bakının ucqar nöqtələrinə. Heç kim izini də tapa bilməz. Uşaqların məktəbə gedir. Onları fikirləş. Onları oğurlayarıq”. Artıq çox qorxuram. Keçən gün bir neçə nəfərlə gəlmişdilər. Qapını sındırmaq istəyirdilər. Polis çağırmışam. Polislər də biganə yanaşırlar. Mənim həyati təhlükəm var. Məni mühafizə edəcək polis lazımdır.



24 min manat pulu 160 min manata qaldırıblar. Mənim o pulları verməyə gücüm yoxdur. Bu mümkün deyil. Mənim üstümə bıçaq çıxardıb. Artıq məni intihar həddinə çatdırıblar. Özümü öldürəcəkdim. Gözümün qabağına 3 aylıq körpəm gəlir. Ona görə, dözürəm. Hətta o yerə çatıb ki, uşaqlar Arzu adını eşidəndə qorxurlar. Mənə köməklik etsinlər. Axı bu ölkədə qanun var”.

Məsələnin hüquqi tərəfini öyrənmək üçün hüquq müdafiəçisi Müzəffər Baxışovla əlaqə saxladıq.

M.Baxışovun sözlərinə görə, qanunvericilikdə sələmə pul verməklə bağlı hər hansı bir problem yoxdur. Amma burada hədə-qorxu gəlməklə pul tələbindən söhbət gedirsə, bu artıq cinayətdir: “Qanunla onların arasındakı pul alıb-vermə məsələsində heç bir problem yoxdur. Əslində şəxslər arasında borc müqaviləsini yox, borcun etirafı ilə bağlı müqavilə bağlanmalı idi və notarius da onu təsdiq etməli idi. Əgər borclu olan şəxs noyabr ayına qədər həmin məbləği ödəməsəydi, bu zaman sələmə verən şəxs, qarşı tərəfi məhkəməyə verərək pulunu tələb etməli idi. Amma burada hədə-qorxu ilə pul istəmək məsələsi varsa və bu iddia sübut edilərsə, sələmə verən şəxs 182-ci maddə ilə cinayət məsuliyyəti daşıyır. Bu işlə isə artıq hüquq mühafizə orqanları məşğul olmalıdır. Ümumilikdə isə hər şeyin həlli yolu məhkəmədir”.

Ümid edirik əlaqədar təşkilatlar bu qadının durumu ilə maraqlanacaqlar. Yazıda adları çəkilən tərəflərlə də danışmağa hazırıq.