BolgeXeber.Com » Gündəm » "Qaraqaşlı Broyler"də dövlətin qanunları necə pozulur?

"Qaraqaşlı Broyler"də dövlətin qanunları necə pozulur?

18-10-2014, 10:20
Oxunub: 6 922 Korrupsiya qoxusu..

Bu gün ölkədə fəaliyyət göstərən broylerlərin hamısı olmasa da, böyük əksəriyyəti müvafiq qanunlara məhəl qoymamaqla yanaşı, istehlakçılara keyfiyyətsiz məhsullar təqim edir, Əmək Məcəlləsinin tələblərinə əməl etmirlər. Bu cür müəssisələrdə çalışanların bir çoxu iş şəraitinin ağır olması və əməkhaqqının aşağı olmasından şikayətlənirlər. Belə sahibkarlıq obyektlərindən biri də Neftçala rayonunda fəaliyyət göstərən, quş və yumurta istehsal edən "Qaraqaşlı-broyler" Açıq Səhmdar Cəmiyyətidir.

Mövzu ilə bağlı bir müddət öncə infom.az-da yayımlanmış informasiyada qeyd olunur ki, fəaliyyətə başladığı gündən "Qaraqaşlı-broyler"də özbaşınalıq hokm sürür. Belə ki, adıçəkilən müəssisədə 350 nəfərdən artıq işçi çalışdığı halda, onların yarıdan çoxunun işəgötürənlə əmək müqaviləsi, habelə fərdi qəzadan sığortası yoxdur. Elə bu səbəbdən də baş verən istehsalat qəzaları nəticəsində sağlamlığını qismən itirənlər sosial müdafiədən kənarda qalırlar. Məlumatda həmçinin, o da bildirilir ki, "Qaraqaşlı-broyler" ASC-də çalışanlarla qul kimi rəftar olunur, onlar konkret həcmi bilinməyən işə cəlb edilməklə gündə 10 saat işlədilirlər. Əldə etdiyimiz bilgilərə görə, broylerdə gündə ən azı 25 min baş toyuq kəsilir. Süni yemlərlə, hormonlarla şişirdilən bu toyuqların birinin çəkisi orta hesabla 2 kiloqram olur. Qeyd edək ki, mağazalarda 1 kiloqram toyuq ətinin 2 manat 50 qəpiyə satıldığını nəzərə aldıqda "Qaraqaşlı-broyler" ASC-nin kifayət qədər iri məbləğli dövriyyəyə malik olduğunu demək mümkündür. Lakin bunun qarşılığında müəssisə rəhbərliyi gün ərzində 10 saat çalışdırdığı işçilərinə cüzi əməkhaqqı, 150 manat məvacib verir. Deyilənlərə görə, bəzən istehsalat qəzası nəticəsində minlərlə diri toyuq ölür. Bu zaman dəymiş ziyana görə işçilərin əməkhaqqından tutulmalar olur. Təbii ki, bütün bunlar qeyri-rəsmi qaydada aparılır.

Bu arada, "Qaraqaşlı-broyler" ASC-də bir çox işlərin rəsmiləşdirilmədiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, müəssisə rəhbərliyi ASC-dən kənarlaşdırmaq istədikləri şəxsə işdən çıxarılma barədə əmr şifahi şəkildə elan edilir: "Bundan başqa, "Qaraqaşlı-broyler"in istehsalat tullantıları da müvafiq qaydada zərərsizləşdirilmədiyindən, ətraf mühitə ciddi zərər vurur. Qeyd edim ki, bu müəssisənin əsl sahibi Məhəmməd Hüseynovdur və o, yuxarı dairələrin birində təchizat şöbəsinin rəhbəri vəzifəsində çalışır. Rəsmi sənədlərdə fabrikin müdiri Əlirza Hüseynov qeyd olunsa da, "Qaraqaşlı-broyler" ASC-ni faktiki olaraq Məhəmməd Hüseynovun qardaşı Şakir Hüseynov idarə edir. Elə bu səbəbdən də müəssisəyə aid bütün rəsmi sənədlər, həmçinin möhür və ştamp da Şakir Hüseynovdadır. Broylerin formal müdiri Əlirza Hüseynov isə yalnız rəsmi tədbirlərdə qonaq-qara qabağına çıxır". Hazırda "Qaraqaşlı-broyler" ASC-də 23 ədəd quşçuluq damının olduğunu və onların hər birində 70 min cücə saxlanıldığını deyən məlumatlı şəxsin sözlərinə görə, həmin cücələr 35 gündən sonra çəkisi ən azından 1 kiloqram 500 qram gələn toyuğa çevrilirlər. Deyilənlərə görə, bir quşçuluq damının aylıq gəliri ən azından 70-80 min manat civarında dəyişir. Əgər 23 damı hesablasaq, o zaman bu, ay ərzində milyon yarımdan çox vəsait edir. Belə olan halda "Qaraqaşlı-broyler" ASC-də çalışanların əməkhaqlarının 150 manatdan yuxarı qaldırılmaması heç cür başadüşülən deyil...

Bir müddət öncə adıçəkilən müəssisənin pul kassasının, eləcə də broylerin həyətində yerləşən 5 min ədəd yem tayasının yandığını bildirən məlumatlı şəxsin iddiasına görə, bu məsələdə bir sıra şübhəli məqamlar var. Lakin bu barədə növbəti saylarımızda ətraflı şəkildə bəhs edəcəyik. gundelik-baki

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.