BolgeXeber.Com » Gündəm » Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak edib

18-10-2014, 14:35
Oxunub: 2 838 Dövlət başçısı vaqonların eskiz layihələri ilə tanış olub

Azərbaycan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

Bolgexeber.com-un məlumatına görə, dövlət başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış olublar.

Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler dövlət başçısı İlham Əliyevə ətraflı məlumat veriblər. Bildirilib ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqlarla təchiz olunacaq.

“Stadler Rail Group” şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.

“Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” MMC arasında bağlanılan bu müqavilə son illər ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi və iqtisadi xəttin bəhrəsidir. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu dinamik inkişaf edərək, bu gün ölkəmizin regionda bu sahədə şəksiz liderliyini təmin etməyə imkan verib. Azərbaycan hazırda Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynamaqdadır. Prezident İlham Əliyev ölkədə nəqliyyat-logistika sahəsinin inkişafına xüsusi qayğı göstərir.

Dövlət başçısı “Stadler Rail Group” şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxıb.

Sonra prezident İlham Əliyev zavodun təməlini qoyub.

Bildirilib ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunacaq zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxıblar. Bildirilib ki, bu vaqonlar ən yüksək standartlara cavab verir.

Dövlət başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.