BolgeXeber.Com » Gündəm » “Seyf açıldı, mənə pulu göstərdilər” - “Milyonluq qalmaqal”ın qurbanı

“Seyf açıldı, mənə pulu göstərdilər” - “Milyonluq qalmaqal”ın qurbanı

18-10-2014, 16:55
Oxunub: 4 216 “Doğrudan da o seyfdən mənə 50 min manat ödənildi”

İcra başçısı təyin etdirəcəyinə dair vəd verən və bu səbəbdən hakimlik fəaliyyətinə xitam verilərək barəsində cinayət işi açılan Həsən Əliyevin iştirakçısı olduğu “milyonluq qalmaqal”ın zərərçəkən tərəfi Ramazan Səlimovun vəkili müdafiə etdiyi şəxsin hüquqlarının pozulduğunu və ailəsinə təzyiqlər edildiyini bildirir.

“Qafqazinfo”ya müraciət edən İradə Cavadovanın sözlərinə görə, R.Səlimov oktyabrın 8-də ərizə ilə müraciət edərək iyulun 3-ü istintaq idarəsində verdiyi ifadənin (dəymiş zərərin tamamilə ödənilməsi və heç bir iddiasının olmamasına dair-red.) aldatma yolu ilə imzalandığını bildirib və onun yazılmamış kimi qeydə alınmasını istəyib. Bundan başqa, notarial qaydada sübuta yetirilən 334 min manatın geri qaytarılması ilə bağlı mülki iddia qaldırıb. Vəkil sabiq hakim Həsən Əliyevin həmin 334 minə bahalı zinət əşyaları alaraq vəzifəli şəxslərə öz adından hədiyyə etdiyini bildirib.

Zərəçəkən şəxsin vəkili bildirir ki, R.Səlimov istintaqın gedişində bir çox ifadələrini oxumadan imzalayıb: “4-5 saata yazılan 30-40 səhifəlik ifadələri oxumaq üçün saatlarla vaxt lazımdır. R.Səlimovun isə buna nə vaxtı nə də səbri olub. Təbii ki, bu, müdafiə etdiyim şəxsə haqq qazandırmır. Lakin bir məqam var, istintaq idarəsində ona deyirlər ki, narahat olmayın, imza atın, vəkilə nə ehtiyacınız var, onsuz da zərərçəkən olduğunuz qəbul edilib, Həsən Əliyevin günahı isə sübuta yetirilib, pulunuz qaytarılacaq. Onun ağlına da gəlməzdi ki, istintaq idarəsində onu aldada bilərlər.

Müdafiə etdiyim şəxsə İttiham Aktı belə təqdim olunmayıb. Bu isə qanun pozuntusudur. Lakin zərərçəkən şəxsin əksinə olaraq, təqsirləndirilən Həsən Əliyev, Elman Məmmədova materiallarla tanış ola bilmək üçün bir neçə gün vaxt verilir.



Bildiyiniz kimi bu ilin iyulun 3-də Ramazan Səlimov ona dəyən bütün zərərin ödənilməsi, artıq heç bir iddiasının olmamasına dair istintaq idarəsinə müraciət edərək ərizə yazıb. Amma bir nəfər belə olsun soruşmur ki, əgər zərər ödənilibsə niyə görə R.Səlimov hələ də şikayətçidir? Məsələ ondadır ki, aldatma yolu ilə ona həmin ərizə yazdırılıb. İstintaq idarəsində baş verənləri müdafiə etdiyim şəxsin dilindən olduğu kimi deyirəm: “İstintaq İdarəsinə dəvət olundum. Seyf açıldı və mənə pulu göstərdilər. Dedilər ki, sən ərizə yaz, dəymiş zərər nədirsə ödəniləcək. Doğrudan da o seyfdən mənə 50 min manat ödənildi”.

R.Səlimova idarədən çıxdıqdan sonra yerdə qalan 334 minin də ödəniləcəyi deyilsə də indiyə qədər zərər qarşılanmayıb. R.Səlimov iyulun 4-ü, 7-si Baş Prokurorluğa, Prezident Aparatına ona dəyən zərərin ödənilmədiyinə dair ərizə yazıb, kvitansiyaları hazırda əlimizdədir.

Bundan başqa, bu ilin avqustun 27-də R.Səlimov İttiham Aktı ilə tanış ola bilmədiyinə dair Bakı Ağır Cinayətlər Dairəsinə ərizə yazır. Məktubu Azər Orucov ancaq sentyabrda oxuyur. Sentyabrın 30-da keçirilən hazırlıq iclası ilə bağlı isə müdafiə etdiyi şəxsə heç bir bildiriş gəlmir. Ancaq öz təşəbbüsümlə məhkəmənin vaxtını öyrənə bildim”.


İ.Cavadova Həsən Əliyevin həqiqətən də R.Səlimovu vəzifəli şəxslərlə görüşdürdüyünü deyir. Onun sözlərinə görə, adları açıqlanmayan bütün vəzifəli şəxslərin adları, audio yazıları istintaqın gedişində ortaya qoyulacaq.

Vəkil iddia edir ki, R.Səlimovun ailəsinə, konkret olaraq həyat yoldaşına təzyiq göstərilir. Onun yoldaşı Gülnarə Səlimovanın direktor müavini işlədiyi məktəbə saxta sənədlərlə məktublar göndərilir və haqqında şəxsi məlumatları toplamağa çalışırlar: “Şəxsi məlumatlar Həsən Əliyevin nəyinə lazımdır? Həsən Əliyevin də oğlu aylıq ödənişi 1000 manat olan həmin məktəbdə oxuyur. Təqsirləndirilən şəxs oğlu vasitəsilə G.Səlimovaya təzyiqlər etmək istəyir. Şagird müxtəlif səbəblərlə direktor müavinin otağına daxil olur. Elə bir situasiya yaratmaq istəyirlər ki, G.Səlimova ilə H.Əliyevin uşağı arasında konflikt yaransın. Gülnarə xanım ziyalı qadındır, onlara qarşı edilənlərin acığını heç vaxt məktəblidən çıxmaz.

H.Əliyev dostunun evini girov qoyub və başa adamın da adına kredit götürərək hər ay 4-5 min manat ödəyir. Başqasınını adına qeydiyyatdan keçsə də əslində həmin ev özünə məxsusdur. O, 490 min borcun böyük hissəsini ödəyib, təxminən 100 minlik borcu qalıb. Maraqlıdır maaşla dolanan və hazırda işsiz qalan hakim bu pulu, üstəlik hər ay oğlunun 1000 manatlıq təhsil haqqını necə ödəyir. Yəqin istintaq üçün də bu fakt maraqlı olacaq”.