BolgeXeber.Com » Gündəm » Bərbad vəziyyətdə olan 23 saylı Hövsan Poliklinikası

Bərbad vəziyyətdə olan 23 saylı Hövsan Poliklinikası

21-10-2014, 02:10
Oxunub: 2 505 "Vallah, baş həkimin tapşırığıdır"

Bu gün təhsil sahəsində yeni uğurlara imza atıldığı kimi, səhiyyə sistemində də, müxtəlif nailiyyətlər əldə edilir. Lakin yaşananlar, deyilənlər bir daha göstərir ki, səhiyyə sahəsində hələ də, müxtəlif problemlər qabarıqlığı ilə qalmaqdadır. Əksər hallarda xəstəxanalardan və doğum evlərindən şikayət edilsə də, bu gün paytaxtın əksər qəsəbələrindəki poliklinikalar daha acınacaqlı durumdadır. Bəziləri təmir edilib yenidən istifadəyə verilsə də, görünüşünə aldanıb, içəri daxil olduqda, tamam başqa mənzərə ilə qarşılaşır insan.

Məsələn, nümunə olaraq, 23 saylı Hövsan Poliklinikasını göstərmək olar. Belə ki, ilk olaraq onu qeyd edək ki, 23 saylı poliklinikaya kənardan baxdıqda, gözəl, yeni təmirdən çıxmış bina görürük. Lakin içəri daxil olan anda bir az əvvəl gördüyümüz mənzərə yerlə-yeksan olur. Çünki poliklinikanın daxili olduqca bərbad vəziyyətdədir. Burada xəstələrin oturması üçün heç oturacaqlar belə, yoxdur. Qeyd edək ki, 23 saylı poliklinikanın baş həkimi Yusifzadə Şərəbanı Əkbər qızıdır. Poliklinikaya üz tutan sakinlər bildirirlər ki, hər hansı bir müayinədən keçdikdə onlardan nəsə umulur. Halbuki, dövlət xəstəxanalarında, poliklinikalarda hər bir şey təmənnasız həyata keçirilməlidir. Bu azmış kimi, poliklinikada həkim belə tapmaq, müşkül məsələyə çevrilib. Səhər saat 10 radələrində poliklinikaya getsən, həkim tapmaq olmur. Eşidəcəyimiz isə iki cavab var. Həkim ya məzuniyyətdədir, ya da, hələ gəlməyib. O zaman belə çıxır ki, təcili olaraq poliklinikaya yollanmış xəstə həkim gələnə kimi ən yaxşı halda gözləməli və yaxud da, ölməlidir. Hələ səhiyyə ocağındakı tibbi avadanlıqları demirik. Sözügedən ünvanda tibbi avadanlıqlar ya işləmir, ya da, ümumiyyətlə, yoxdur. Sadəcə olaraq, həkimlər günlərini keçirmək üçün evdən çıxıb, 23 saylı poliklinikaya yollanırlar. Vətəndaşlar bu duruma narazılıqlarını bildirdikdə isə, onları ya hədələyir, ya da, müxtəlif bəhanələr gətirərək, müayinə etmirlər. Vətəndaşların ən çox da şikayətləndikləri məqam poliklinikada olması vacib olan heç bir dərman və ya preparatın olmamasıdır. Məsələn, xəstə hansısa bir şikayətlə oradakı həkimə yaxınlaşırsa, həkim dərmanların adını yazaraq, xəstənin yaxınına verir ki, get bu dərmanları aptekdən al gətir. Hələ bir üstəlik dalınca da səslənir ki, spirt və pambıq almağı da, unutma. O zaman adama deyərlər ki, əgər bu dərmanları özüm alacaqdımsa, və neçə saata ilk tibbi yardım ediləcəkdisə, elə həkimə gəlmədən evimdə edərdim də. Poliklinikanın baş həkimi Şərəbanı xanım isə özünü elə aparır ki, elə bil, heç burada yaşananlardan onun xəbəri yoxdur. Halbuki, vətəndaş şikayət edəndə, həkimlər aciz şəkildə, "vallah mənlik deyil, baş həkimin tapşırığıdır"-deyirlər. Ümumiyyətlə, hazırda deyilənlər, daxil olan şikayətlər artıq neçənci dəfədir ki, 23 saylı poliklinikada yaşanır. Görünən odur ki, Şərəbanı xanım deyilənlərə ya əhəmiyyət vermir, ya da durumun hazırkı vəziyyətdə olması ona daha çox sərf edir. Sonda onu da qeyd edək ki, hazırda vəzifə sahibləri, məmurların əksəriyyəti bilməlidirlər ki, əyləşdikləri kürsü onlara ona görə həvalə edilib ki, onlar xalqa xidmət göstərsinlər. Yoxsa öz mənfəətlərini güdərək, xalqı incitməsinlər.gundelik-baku