BolgeXeber.Com » Gündəm » Milyonçu deputatlar dövlətdən nə istəyir?

Milyonçu deputatlar dövlətdən nə istəyir?

21-10-2014, 10:00
Oxunub: 2 786 Deputatlar cərimələrdən şikayətlənirsə, bəs maaşı dəfələrlə az olan sürücülər nə etməlidir?

Milli Məclisin son iclasında «Yol hərəkəti» haqqında qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı bəzi deputatlar yenə də dövlətdən güzəştlər qoparmağa çalışdılar. Mətbuatdan məlumdur ki, deputatlar əksər hallarda olduğu kimi, bu dəfə də qanun yaradıcılığına deyil, öz mənfəətləri naminə xeyli çalışdılar. Sən demə, vaxtilə səs verib qəbul etdikləri qanunun tətbiqi zamanı özlərinin də «radara» düşmələri xoşlarına gəlmir və indi parlament rəhbərliyindən xahiş edirlər ki, onların avtomobilləri yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən azad olunsun.


Şübhəsiz, ayrı-ayrı millət vəkillərinin məsələyə münasibəti fərqlidir. Elə həmin müzakirələr zamanı da bəzi millət vəkilləri yol polisindən güzəşt tələb edənlərin cavabını verərək, onları intizamlı olmağa dəvət etdilər. Hətta, problemin radarlarda deyil, deputatın avtomobilində olduğunu deyən də oldu. YAP İcra katibinin müavini Siyavuş Novruzov deputatların bəzilərinin maşınlarının qayınanalarının adına olduğundan, həmin maşınları DYP-nin tanımamasını da təbii saymışdı.


Məsələ çox sadədir. Demək, deputatlar tələb edirlər ki, onların avtomobillərinə yazılan cərimələr geri oxunsun, radarlar onların maşınlarını çəkməsin, çəkibsə də heç bir cərimə ödəməsinlər. Bir sözlə, necə istəsələr, harda istəsələr, qanunu pozsunlar, hətta, onların sürücüləri belə istədikləri kimi yol hərəkəti haqqında qanunu pozsun, ancaq yenə də onlara «gözün üstə qaşın var» deyən olmasın. Maraqlısı budur ki, «radar davası» aparan deputat DYP-nin qanunsuz hərəkətindən, yol polisinin əsassız cərimələrindən şikayətlənmir. Deputat şikayətlənir ki, mən qanunu pozduğuma görə cərimə olunuram, niyə?


Məsələn, 2005-ci ildən parlamentdə deputat yerini tutan Ərəstun Cavadovun etirafına baxaq:
“Hər ay 1000 manata yaxın radara görə cərimə ödəyirəm. Təkcə İsmayıllıya gedəndə gərək 150-200 manat cərimə ödəyim”. Nə gözəl etirfadır... Ə.Cavadova bu etirafına görə həqiqətən təşəkkür düşür. Çünki o, (ya da sürücüsü) intizamsız sürücü olduğunu səmimi etiraf edir. İsmayıllıya gedəndə, Bakıdan təxminən 200 km-lik məsəfədə 150-200 manatlıq cərimə ödəyirsə, deməli, ən azı 2-3 dəfə qayda pozuntusuna yol verir.


…Milli Məclis üzvlərinin cərimə və radarlardan şikayətlənməsi heç cür başa düşülən deyil. O mənada ki, əvvəla, bu qanunları elə siz deputatlar qəbul etmisiniz. Cərimələr sizin səsvermənizlə bu qədər "kəllə-çarxa çıxıb", radarları da sizin səsverməniz sayəsində qəbul edilən normativ aktlara əsasən yollarda quraşdırıblar. İndi siz nə demək istəyirsiniz: Hesab edirsiniz ki, DEPUTAT QANUNDAN ÜSTÜN OLMALIDIR? Niyə, nəyə görə, hansı xidmətlərinə rəğmən? Məgər bilmirsiniz ki, sizin özünüzü oxşatmaq istədiyniz qədim Roma senatında bu fikir tez-tez səslənirdi ki, «Şah Qanun deyil, Qanun Şahdır!».
Qəribədir ki, Azərbaycan parlamentinin stajlı-uzunömürlü deputatları açıq-aşkar qanunsuzluğu təbliğ edirlər. Buna başqa ad vermək olmaz. Bunlar deyirlər ki, bizim maşınlar hər gün, bütün yolboyu, Bakıdan-İsmayıllıya və geriyə, şəhərin hər yerində, qaydaları poza-poza gedib-gəlsin, amma bizə heç bir qayda, cəza tətbiq olunmasın. Doğrudur, həmin iclasda vitse-spiker Ziyafət Əskərov qanunvericiliklə bağlı kiçik bir izahat verdi və qeyd etdi ki, deputatların inzibati cərimələnməsi qanuna uyğundur. Amma təəssüf ki, həmin iclasda radar davası edən deputatlara deyən olmadı:
Siz niyə qaydalara əməl etmirsiz ki, radarlara, cərimələrə tuş gəlirsiz?



Özü də çox maraqlıdır ki, cərimələrdən şikayətlənən Milli Məclisin ən imkanlı deputatlarıdır. Məsələn, Ərəstun Cavadov. Mərkəzi Univermaqdan Milli Məclisə yüksək kürsüyə əyləşən Ə.Cavadov bütün respublikada biznesmen, iş adamı kimi tanınır. Onun deputat maaşına ehtiyacı olmadığını da hər kəs bilir. İş adamını parlamentə aparan qanun yaradıcılığına töhfə vermək həvəsi də deyil. 2005-ci ildən bu vaxtadək deputatlıq fəaliyyətində Ə.Cavadov neçə qanun layihəsi hazırlayıb, neçə dəfə parlamentin iclasında qanun layihələrinə təklif verib, düzəliş edib, onu da görən olmayıb…


Bir neçə il əvvəl İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edliləndə Ə.Cavadov danışmışdı. O vaxt saxta, keyfiyyətsiz mal satan, istehlakçıları aldadan satıcılara tətbiq edilən inzibati cərimələrin sərtləşdirilməsi müzakirə olunurdu. Ərəstun müəllim, ağsaqqal ticarətçi kimi, buna etiraz etmişdi, satıcıların 300-400 manat cərimələnməsini haqsızlıq saymışdı. Onun etirazına baxmayaraq, qanun o vaxt qəbul olundu, amma MUM satıcılarının yanında Ə.Cavadovun hörməti bir daha artmış oldu ki, rəhbər onların qayğısına qalır.




İndi də Ə.Cavadovdan soruşmaq olar ki, hansı xidmətlərinizə görə, Bakıdan İsmayıllıya gedəndə yolda 150-200 manatlıq qayda pozuntusuna yol verirsiz? Bu gediş-gəlişinizin qanun yaradıcılığına, parlament fəaliyyətinə dəxli olmadığı bəllidir. Parlament salonunda otura-otura qanundan bir kəlmə danışmayanın rayonda nə qanun yazacağını düşünmək olar ki? Heç olmasa, deputatı olduğunuz Ağsu-İsmayıllı camaatına bu cəriməli get-gəllərinizin xeyri varmı? Söhbət qohum-əqrabadan, yaxın iş adamlarından getmir. Hər kəs Ə.Cavadovun rayondakı qohum-əqrabasının yerli biznesə nəzarət etdiyini bilir. Ə.Cavadov özü də onlara atalıq qayğısını heç vaxt əsirgəmir, məhz bu xüsusiyyətinə görə, Ağsuda onu sevirlər. Amma bir qrup, onun biznesinə aidiyyəti olanlar, yaxınlar, qohum-əqrəba… Bəs qalan camaata bu ged-gəllərin nə dəxli?



Deputatlar, elə Ə. Cavadov da, guya, dövlət tədbirlərinə gedib-gələrkən tələsdiklərindən radara düşdüklərini bəhanə edirlər. Çox bəsit, primitiv bəhanədir. Ayda 2 dəfə parlamentə iclasa toplaşan, həftədə 1 dəfə komissiya iclaslarına gəlməyən, 3 ay yay, 3 ay qış fasiləsində istirahət edən deputatlar məgər hər gün dövlət tədbirlərinə qatılırlar?


Məsələn, elə Ə.Cavadovdan soruşmaq lazımdır ki, indiyədək Bakıda keçirilən hansı beynəlxalq tədbirə qatılaraq dövlətçiliyin inkişafına töhfə vermisiz? Təbii söhbət çıxış, müzakirədə iştirakdan gedir…
Və ya hansı xarici ölkədə, beynəlxalq qurumda, regional birlikdə Azərbaycan dövlətini, parlamentini təmsil etmisiniz, çıxış etmisiz, Azərbaycanın haqq səsini dünyaya çatdırmısız? 9 ilin deputatlıq fəaliyyətində neçə maddə, neçə sətirlik qanun layihəsi hazırlamısız? İsmayıllıya hər gedəndə 150-200 manatlıq cərimə ilə ayda 1000 manat xərc çıxırsa, təxminən ayda 5-6 dəfə rayona gedirsiz. İndiyədək neçə dəfə MM-də danışıb təmsil etdiyiniz bölgənin problemindən, ayda 150-200 manata dolanan camaatın güzəranından danışmısız?



Siz, milyonçu, biznesmen deputatlar, cərimələrdən şikayətlənirsizsə, bəs maaşı sizin qazancınızdan dəfələrlə az olan sürücülər nə etməlidir? Ayda 200-300 manat maaş alan sıravi vətəndaş necə ödəməlidir cəriməni? Deputatlar qadağaların onlara şamil olunmamasını düşünür. Nəyə görə, hansı xidmətlərinizə görə? Siz bir bölgənin seçilmişisizsə, ölkə prezidenti cənab İlham Əliyev bütün Azərbaycan xalqı tərəfindən seçilib. Həmişə cənab prezident məmurları, dövlət adamlarını təvazökar olmağa, özünü sadə camaatdan ayırmamağa çağırır, özü də şəxsi nümunə göstərir. Qanun yaradan deputatlar da qanunlara əməl olunmasını təbliğ etmək üçün ikl növbədə özləri nümunə olmalıdırlar. Seçici seçdiyi vəkilinin davranışından müsbət örnək götürməlidir. Amma, təəssüf ki, əksinədir. Deputat seçiciyə heç də müsbət örnək göstərmir, əksinə qanunları pozmasına nümayişkaranə surətdə haqq qazandırmağa çalışır.


Ərəstun Cavadov və onun kimi digər oliqarxlar hesab edirlər ki, qanundan üstündürlər, qanunla verilmiş toxunulmazlıq statusu onlara istədikləri kimi yaşamaq, qanunu pozmaq, tapdalamaq hüququ verir. Min təəssüf, milyon təəssüf... Bu milyonların isə deputatın milyonlarına heç bir aidiyyəti yoxdur!


analitik.az