BolgeXeber.Com » Gündəm » “Qohumlarımın mülkünü satıb vəzifə almaq istəyirdim...”

“Qohumlarımın mülkünü satıb vəzifə almaq istəyirdim...”

4-11-2014, 10:55
Oxunub: 2 580 İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib

Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Prosesə hakim Mübariz Məmmədov sədrlik edir.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak etmək üçün Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş Ramazan Səlimov sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulovun suallarını cavablandırmalı idi.

Lakin H.Əliyevin vəkilinin suallarını cavablandırmaq istəməyən R.Səlimov istintaqa ətraflı ifadə verdiyini və ötən məhkəmə prosesində də sərbəst şəkildə ifadə verdiyini dedi. Bununla belə vəkil suallarına cavab verilməsini tələb etdi.

Vəkil S.Rəsulov R.Səlimova öncə belə sual verdi: “Siz Həsən Əliyevə verdiyinizi iddia etdiyiniz 1 milyon manatı haradan əldə etmişdiniz?”

R.Səlimov isə cavabında həmin pulu 29 sot torpağını və evini sataraq əldə etdiyini dedi.

Vəkilin “satdığınız mülklər öz adınıza olubmu” sualına isə R.Səlimovun cavabı belə oldu: “Yox, qohumlarımın adına olub”.

S.Rəsulov R.Səlimovdan istintaqa verdiyi ifadəni təsdiqləyib-təsdiqləmədiyini soruşdu. R.Səlimov ifadəsinin bir hissəsini təsdiqlədiyini, qalan hissəsinin isə onun adından yazıldığını dedi.

Müxbirimiz xəbər verir ki, onlara çəkiliş üçün icazə verilməyib. Hazırda məhkəmədə fasilədir.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib.

Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

Qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi - hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Bolgexeber.com