BolgeXeber.Com » Gündəm » "Xaliq Faiq oğlu" MMC-nin fəaliyyəti mütləq araşdırılmalıdır

"Xaliq Faiq oğlu" MMC-nin fəaliyyəti mütləq araşdırılmalıdır

5-11-2014, 18:20
Oxunub: 8 611 Şirkətin rəhbəri Faiq Seyidov Nazirlər Kabinetinin qərarına hörmətsizlik göstərir



Onun tabeliyində çalışan sürücülərdən bir neçəsinin sürücülük vəsiqəsinin olmadığı və həkim müayinəsindən keçmədikləri bildirilir



Bildiyiniz kimi, son zamanlar avtobusların iştirakı ilə baş verən yol qəzalarının sayı kəskin şəkildə artıb. Qeydə alınan qəzalarda ölüm hallarının olması bütün diqqətləri bu problemin, yəni avtobus sürücülərinin yol hərəkəti qaydalarını pozması, o cümlədən tələb olunan standartlara uyğun hərəkət etməməsinə yönəldib. Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi avtobus sürücülərinin qayda pozuntuları ilə bağlı statistikasını açıqlayıb.

Məlumata görə, təkcə bu ilin 9 ayı ərzində avtobus sürücüləri tərəfindən 25693 qayda pozuntusuna yol verilib. Qayda pozuntularından 6084 fakt sürət həddini aşma halıdır. Digər qayda pozuntuları dayanacaqda saxlamadan keçmə, OBE-nin kamerasına müdaxilə, mobil telefondan istifadə, siqaret çəkmə faktı təşkil edir. Statistika bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Təbii ki, belə xoşagəlməz halların artmasında sərnişindaşıma ilə məşğul olan şirkətlərin məsuliyyətsizliyi də əsas rol oynayır. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bu sahədə qayda pozuntusuna yol verən şirkətlərdən biri də "Xaliq Faiq oğlu" Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). Məlumat üçün bildirək ki, 18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 119, 188, 199 saylı xətt üzrə hərəkət edən avtobuslar Faiq Seyidovun rəhbərliyi altında fəaliyyət göstərən şirkətə məxsusdur. Mənbənin sözlərinə əsasən, Faiq Seyidovun şirkətində müxtəlif qanun pozuntuları mövcuddur: "Bu problemlərdən biri deyərdim ki, birincisi sürücülərin sürücülük vəsiqəsi olmadan işə qəbul edilməsi və onlarla əmək müqaviləsinin bağlanmamasıdır. Məsələn, 18, 22, 61 və 65 saylı marşrut avtobuslarının sürücülərinin bir neçəsinin sürücülük vəsiqəsi yoxdur. Şirkət belə sürücülərlə əmək müqaviləsi bağlamır. Bu isə səbəbsiz deyil. Çünki şirkət sürücülük vəsiqəsi olmayan şəxslərlə əmək müqaviləsi bağlamamaqla özünü sığortalayır. Sabah həmin sürücülər qəza törətsə, şirkət rəsmiləri bu şəxsin onların işçisi olmadığını bildirəcək. Nəqliyyat Nazirliyinin rəsmiləri araşdırma aparsalar, bəzi qaranlıq məqamlara aydınlıq gələr. Sürücülük vəsiqəsi olmayan şəxslərin hansı əsasla işə götürülməsi məlum deyil. Məhz belə sürücülər yol hərəkəti qaydalarının tələblərini kobud surətdə pozmaqla bədbəxt hadisələrə səbəb olurlar. Təəssüf ki, şirkət rəhbərliyi bu məqama xüsusi diqqət yetirmir. Bundan başqa, "Xaliq Faiq oğlu" MMC-də işləyən sürücülərin bir hissəsi sərnişinlərə qarşı nəzakətli davranmırlar. Məsələn, sərnişin mədəni şəkildə sürücüyə bildirir ki, dayanacaqda saxla düşürəm. Amma bəzi sürücülər bu mədəni xitabın qarşılığında sərnişinlərə kobud cavab verirlər. Sürücülər bəzi hallarda ictimai nəqliyyat vasitəsini idarə etdiklərini unudurlar və danışdıqları ifadələrə fikir vermirlər. Belə hal daha çox 18 saylı marşrut avtobusunda yaşanır. Bu avtobusu idarə edən sürücülərin çoxu sərnişinlərin qulağı eşidə-eşidə nalayiq sözlər işlədir. Hələ bu nədir ki. Bəzi sürücülər müvafiq qaydaları pozaraq sükan arxasında siqaret çəkirlər. Əlbəttə, ictimai nəqliyyatda bu kimi problemlərin yaşanması sərnişinlər üçün xoş deyil. Digər problem sürücülərin avtobusları yüksək sürətlə idarə etməsi ilə bağlıdır. Vaxtı bəhanə edən sürücülərin bir hissəsi sürət həddini aşır və digər avtobuslarla yarışa çıxırlar. Nəticədə ağır yol qəzaları baş verir". Xatırladaq ki, Milli Məclisin deputatlarından biri mətbuata açıqlamasında ictimai nəqliyyatı idarə edən şəxslərin həkim müayinəsindən ciddi keçməli olduğunu vurğulamışdı: "Azərbaycanda tibbi müayinələrin bir qismi formal xarakter daşıyır və Əmək Müfəttişliyi bu şeylərə ciddi nəzarət etməlidir. Hər təsadüfi adama avtobus verilməməlidir. Eyni zamanda, belə sürücülərlə bağlı sərnişinlər şikayətlərini bildirməlidirlər. İradlar müzakirə olunmalı, müvafiq addımlar atılmalı, habelə maarifləndirici tədbirlər görülməlidir. Sürücülər də öz növbəsində bundan nəticə çıxarmalıdır. Digər tərəfdən sürücülər hər gün tibbi müayinədən keçməlidirlər. Məsələn, Yaponiyada həkim sürücüləri müayinə edir və yorğun olan şəxsləri reysə buraxmır. Bizdə də məsələyə belə yanaşılmalıdır". Mənbənin verdiyi məlumatda isə "Xaliq Faiq oğlu" MMC-də çalışan sürücülərin gündəlik tibbi müayinəsinin formal xarakter daşıdığı bildirilir: "Sürücülər hər gün tələb olunan şəkildə tibbi müayinədən keçmirlər. Onlar gündəlik 60-70 qəpik verib həkimdən xəttə çıxa bilmələri üçün sənəd alırlar. Halbuki, sürücülərin arasında müxtəlif xəstəlikləri olan şəxslər var. Belə sürücülərin reysə buraxılması böyük təhlükədir. Çünki onların səhhəti sükan arxasında hər an ağırlaşa və faciə qeydə alına bilər. Faiq Seyidov Nazirlər Kabinetinin 2006-cı il avqust ayının 21-də verdiyi qərara hörmətsizlik göstərir. Bu qərara əsasən reysqabağı və reysdən sonra sürücülərin sağlamlıq vəziyyəti tibbi norma və tələblərə müvafiq olaraq yoxlanılmalıdır. Burda əsas məqsəd insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

Buna baxmayaraq, şirkət rəhbəri Nazirlər Kabinetinin qərarına məhəl qoymur". İrəli sürülən ittihamları aydınlaşdırmaq üçün "Xaliq Faiq oğlu" MMC şirkətinin 430-85-85 nömrəli əlaqə telefonuna zəng vursaq da, cavab verən tapılmadı. Buna rəğmən, qarşı tərəfin də münasibətini dərc edə bilərik. Sonda qeyd etmək istəyirik ki, aidiyyəti dövlət qurumları, xüsusilə də Nəqliyyat Nazirliyinin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmiləri sözügedən şirkətin fəaliyyətini təcili yoxlamalıdır.gundelik-baku