BolgeXeber.Com » Gündəm » Bakıda daha bir təhlükə mənbəyi: Dönərlərə nələr vurulur?

Bakıda daha bir təhlükə mənbəyi: Dönərlərə nələr vurulur?

5-11-2014, 18:55
Oxunub: 3 696 İki dövlət qurumu bir-birini inkar edir!
Türk mətbəxinin sevimli təamı olan dönər, Bakıda çoxlarının seçimidir. Bəziləri ümumiyyətlə, dönərdən iyrənir, bəziləri isə ona üstünlük verirlər. Ən çox tələbələr, səyyar satıcılar, azgəlirli işlərdə çalışanlar da ya toyuq, ya da mal ətindən hazırlanan dönər alırlar. Bəs ayaqüstü yeməklərin sırasında birinci yerdə duran dönərlərin keyfiyyətindən xəbərdarıqmı?

Bakıda 80 faiz dönərxanalar standarta uyğun deyil

Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynov dedi ki, “Fast Food” yeməklərinin Azərbaycanda ən çox yayılmış variantı dönərdir. Dönərxaların Mərkəzi Avropa ölkələrində mövcud olduğunu bildirən E. Hüseynov, burada dönərin oturaq yemək olduğunu qeyd edib. Azərbaycana gəldikdə isə bu, tam əksinədir: “Bizdə isə bu, birmənalı şəkildə ayaqüstü yeməkdir, cəld yeməkdir. Cəld yeməklərlə bağlı bütün dünyada problem var, o cümlədən Mak Donaldsda da bu kimi çatışmazlıqlar var.”

AİB sədri Azərbaycanda dönər satanlrın istehlakçıları aldatdığını bildirib və dönər satışı sahəsində problemlərin öz həllini tapmadığını qeyd etdi: “İstehlakçı cəld yediyi üçün çörəyin arasına qoyulan dönər standartlara cavab vermir. Çəkisi az olur, lazımsız inqridentlər, genetik modifikasiya olunmuş ketçuplar ora əlavə olunur. Harda keyfiyyətsiz nə varsa, əlavə olunur və insan da bunu yeyir. İstehlakçı dönərxanadakı antisanitar vəziyyəti də görə bilmir.”

E. Hüseynov 2 il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dönər əti ilə bağlı standartların tətbiq edildiyini desə də, vəziyyətin hələ də dəyişmədiyini vurğuladı: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi standartlar tətbiq etməyə başladı. Dönərləri təzə mal ətindən, quş ətindən istehsal edib, şişə taxıb, skoça büküb soyuducu avtomobillərdə dönərxanlara çatdıran 3 müəssisə müəyyən olundu. Həmin müəssisələrə sertifikat verildi. O müəssisələrin biri “Elba” şirkətidir, Gəncə şəhərində yerləşir. Azad İstehlakçılar Birliyinə bu müəssisənin hazırladığı dönərlərin mənşəyi barədə ziddiyyətli informasiyalar daxil olur. İkincisi, “Çudo Peçka” şirkətidir ki, onun heç bir fermer təsərrüfatı yoxdur. Nədən hazırladıqları bilinmir, çox güman ki, təzə mal ətindən hazırlanmır. Üçüncüsü, “Azbanvit” şirkətidir. Azad İstehlakçılar Birliyi orada monitorinq aparıb. Təzə heyvanlar kəsilir. Kəsim yeri ilə dönər ətinin hazılanması yeri arasında məsafə 10 metrdir. Yəni heyvan kəsilən zaman qanı ətrafa çilənmir. Soyuducu avtomobillərdən istifadə edərək, lazımi ünvanlara dönər ətləri çatdırılır. Onların Bakıda bir nümunəvi dönərxaları da var. Həmin dönərxanada AİB-in şikayət və təkliflər kitabı da qoyulub. Fəaliyyəti də müsbətdir.”

E. Hüseynov aparıdları monitorinqlər zamanı dönər satışı yerlərinin standartlara cavab vermədiyini və əksəriyyətində antisanitar vəziyyətin hökm sürdüyünü qeyd etdi: “AİB bu yaxınlarda monitorinqlər aparıb. Monitorinqin nəticəsindən məlum oldu ki, paytaxdakı dönərxanaların 80 faizi standarta uyğun deyil. Onlarda satılan ətin mənşəyi məlum deyil, üstəlik onlara mərkəzləşdirilmiş şəkildə dönər əti gətirilmir. Dönərxanalarda anormal bir vəziyyətdir. İstehlakçıların hüquqları pozulur. Dönərlər standarta uyğun hazırlanmır, çəki düz gəlmir, antisanitar vəziyyət də müşahidə olunur. Satıcıların əksəriyyətinin tibbi arayışları yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xoşməramı istəyi isə hələ də yerinə yetirilmir.”

O, bildirdi ki, 2006-cı ildən quş qripi ilə bağlı toyuq dönərlərinin satışına Səhiyyə Nazirliyi tərəfindən qadağa qoyulub. Amma reallıq isə bunun əksini deyir: “Monitorinqlərimiz zamanı aydın oldu ki, 85 faiz yerdə toyuq dönəri satılır. De yure qadağan, de fakto mövcud olan məsələ barədə iki ay bundan öncə səhiyyə naziri Oqtay Şirəliyevə məktub yazdıq. Qeyd etdik ki, belə çıxır ki, bu sanitar həkimlərin dolanmaq yeridir. Bum ənasız qadağanı aradan götürmək lazımdır. Ona görə mənasızdır ki, toyuq ətinin mənşəyi bilinir. O biri ətlərdən problemi azdır və Azərbaycanda quş qripi yoxdur. Üstəlik standartlar da mövcuddur. Bununla bağlı səhiyyə nazilriyindən mənasız bir cavab aldıq.”

“Yoxlama apara bilmirik”

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev də isə Analitik.az-a açıqlamasında dönər bazarında vəziyyətin ürəkaçan olmadığını təsdiqləyib. İ. Abdullayev obyektlərdə birbaşa yoxlamalar aparmaq səlahiyyətlərinin olmadığını qeyd etdi: “Birbaşa yoxlamalar apara bilmərik. Əvvəlki illərdə olduğu kimi obyektlərin fəaliyyətinə müdaxilə edə bilmirik. Qanunvericilik buna imkan vermir. Hansısa obyekt barəsində məlumat daxil olarsa, o obyektdə yoxlama apara bilərik.” Şöbə müdiri dönərdə bir qayda olaraq mənşəyi məlum olmayan ətlərdən istifadə edildiyinin müəyyən olunduğunu vurğulayıb: “Dönər ətinin mənşəyi məlum olmur. Çiy dönərin hazırlanma yerinin sanitariya qaydalarına uyğun olmadığı, gigiyena qaydalarına riayət olunmadığı aşkar olunur. O qədər kiçik, yarıtmaz yerlərdə dönər satılır ki, hətta işçinin özünün sərbəst hərəkəti üçün imkan yoxdur. Bir neçə belə obyektin fəaliyyətinə qadağa qoyulub.”

Baxmayaraq ki, toyuq dönərinin satışı qadağan olunub, yenə də davam edir. İ. Abdullayev deyir ki, bu sahədə nöqsanlar çoxdur: “Qərar qüvvəsində saxlanılmalıdır. Toyuq dönərindən bir neçə zəhərlənmə halı da baş verib. Sahibkarlar qanunvericiliyin tələblərindən irəli gələn səbəblərdən istifadə edərək toyuq dönərləri satmaqda davam edirlər. Zamanında çox sayda belə sahibkarlar cərimə olunub və bir neçə obyekt qapadılıb. Bu da qanunvericilikdə obyektlərin birbaşa yoxlamaq imkanları olmadığından irəli gəlir. Bundan da istifadə edən sahibkarlar toyuq dönərinin satışını davam etdirirlər.”

Şöbə müdiri hesab edir ki, bəlkə də, cərimə məbləğinin azlığına görə sahibkarlar qaydanı tez-tez pozurlar: “İnzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 manat, vəzifəli şəxslər 100 -200, hüquqi şəxslər isə 200-400 manata qədər cərimə olunmalıdırlar. Əgər cərimə məbləği yüksək olsa, yəqin ki, dönər satıcıları risk edib qaydanı pozmazlar."

8 ayda 14 dönərxana bağlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Analitik.az-a bildirdi ki, artıq 2 ildir Azərbaycanda "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartı tətbiq edilib. Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilib: “Dövlət Nəzarəti Xidməti tərəfindən həmin ətlərdən analizlər götürülür və mənşəyi müəyyən edilir. Görülən işlərin nəticəsidir ki, dönər əti istehsal edən bir sıra müəssisələrə sertifikat verilib. Dönər məhsullarını laborator müayinə üçün təqdim edib, keyfiyyət sertifikatı alanların sayı artıb.”

F. Talıbov bu sahədə olan çatışmazlıqlardan və qanun pozuntularından da danışıb: “Təəssüflə qeyd etmək lazımdır ki, bu ilin son 8 ayı ərzində dönər satışı ilə məşğul olan 17 təsərrüfat subyektində qanunsuzluqlar aşkar edilib və müddət müəyyən edilməklə onlara məhdudlaşdırıcı qərar və inzibati protokol tətbiq edilib. 14 təsərrüfat subyektində isə dönər ətinin istehsalı və satışı qadağan edilib. Bu obyektlərdə keyfiyyət standartlarına uyğun satış həyata keçirilməyib. Sizin vasitənizlə nəzərə çatdırmaq istəyirəm ki, dönər və dönər məhsulları satan obyektlər keyfiyyət satandarlarına cavab verməlidirlər. İstehlakçılar da bunu nəzərə almalıdır. Dövlətin standartında isə quş ətinin satışına qadağa yoxdur.”

Xidmət rəhbəri aşkar olunan nöqsanlarla bağlı dönər istehsalçılarına qarşı ciddi cəza tədbirlərinin də həyata keçirildiyini sözlərinə əlavə etdi: “İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4000-5000 manat məbləğində cərimələnir. Nəzarət xidməti müfəttişlərinin aşkar etdikləri nöqsanlarla bağlı heç bir güzəşt olunmur.”