BolgeXeber.Com » Gündəm » Kəlbəcər Rayon Təhsil Şöbəsində nə baş verir?

Kəlbəcər Rayon Təhsil Şöbəsində nə baş verir?

7-11-2014, 17:55
Oxunub: 2 978 Müəllimlər 4 aydır maaş ala bilmədiklərini deyir

Təhsil şöbəsinin müdiri Məhyəddin Abdurrəhmanovla icra başçısı Aqil Məmmədov hansı yüksək vəzifəli şəxsin adından istifadə edir?

Məlum olduğu kimi, Təhsil Nazirliyinin (TN) bəzi yerli şöbələrində özbaşınalıq halları mövcuddur. Bu haqda dəfələrlə tənqidi yazılar dərc etsək də, bəzi şöbə müdirləri hələ də qanundan kənar əməllərindən əl çəkmirlər. Üstəlik bu azmış kimi hər gün yeni qanunsuzluqlar törədib həm müəllimləri, həm də valideynləri narazı salırlar. Dünən "jam.az" saytında (http://jam.az/index.php?sid=5503 Kəlbəcər Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Məhyəddin Abdurrəhmanovla bağlı maraqlı məlumatlar qeyd olunub.

Saytın yazdığına görə, kəlbəcərli müəllimlər 4 aydır maaşlarını ala bilmirlər. Bir qrup müəllimin bildirdiyinə görə, belə bir vəziyyətin yaranmasına səbəb Rayon Təhsil Şöbəsinin müdiri Məhyəddin Abdurrəhmanovun göstərişi olub: "Müəllimlər qeyd edirlər ki, Kəlbəcərin 114 orta məktəbi var və onlardan 80-ni faktiki olaraq öz gücü hesabına fəaliyyətini davam etdirir. Ölkənin əksər rayonlarında qərarlaşmış bu orta məktəblərdə təhsilin səviyyəsi xeyli aşağıdır. Məhyəddin Abdurrəhmanov 4 ayda müəllimlərə çatmalı olan əmək haqlarının özbaşına deyil, Kəlbəcərin icra başçısı Aqil Məmmədovun tapşırı əsasında verilmədiyini bildirir. Onların sözlərinə görə, bu pulların hansı məqsədlə saxlanıldığının sirri məlum deyil". Müəllimlər bu vəziyyətə dözə bilmədiklərini qeyd ediblər. Onlar əmək haqqısız yaşamağın mümkün olmadığını və bu səbəbdən də etiraz səslərini qaldırmaq fikrində olduqlarını deyiblər. Məsələ ilə bağlı Kəlbəcər Rayon Təhsil Şöbəsindən hələlik rəsmi açıqlama verilməyib. Ümumiyyətlə, son vaxtlar mətbuatda yazılanlardan aydın olur ki, Məhyyəddin Abdurrəhmanov Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə keçəndən rayonun təhsil şəbəkəsinə daxil olan məktəblərdə dərs deyən müəllimlər bir sıra problemlərlə üzləşmək məcburiyyətində qalıblar. Onların bir hissəsi dərs saatının azlığından, həmçinin məktəb direktorlarının yersiz tələblərindən şikayətçi olduqlarını dilə gətiriblər. Xatırladaq ki, bir müddət əvvəl kəlbəcərli müəllimlərdən bir neçəsi mətbuat orqanları vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək icra başçısı ilə şöbə müdirinin özbaşına əməllərindən narazılıqlarını vurğulamışdılar. Təhsil işçiləri başçı ilə şöbə müdirinin ünvanına sərt ittihamlar səsləndirmişdi: "Kəlbəcərin icra başçısı Aqil Məmmədov və təhsil şöbəsinin müdiri Məhyəddin Abdurrəhmanovun qanunsuz hərəkətləri ölçüyə sığmır. Belə ki, təhsil şöbəsinin müdiri hər müəllimdən nəysə alaraq Təhsil Nazirliyindən xəbərsiz iş görür. Özü də diplomunun qanuni olub-olmamasından asılı olmayaraq. Hətta iş o yerə çatıb ki, şöbə müdiri bəzi müəllimlərin əmək kitabçasını saxta qeydlər yazdırmaqla onları özbaşına işə götürüb. İcra başçısı şöbə müdiri ilə qohum olduğu üçün onun bütün qanunsuz işlərinə göz yumur. Direktorlar hər ay şöbə müdirinin qəbuluna düşüb onunla "hal-əhval" tuturlar. Bu adam vəzifəyə gələndən sonra ancaq öz qohum-əqrəbasına gün ağlamaqla məşğuldur. Kəlbəcər məktəblərində təhsilin səviyyəsi yox həddindədir. Şöbə müdiri nazir Mikayıl Cabbarovdan, daha doğrusu, Təhsil Nazirliyinin imtahanlarından kənar müəllimləri işə qəbul edir. Bu isə yolverilməz haldır. O, baldızı qızını saxta diplomla, ixtisas dəyişmə yolu ilə işə qəbul edib və hər ay psixoloq kimi adına maaş yazır. Nazirlik bu faktı araşdırsa şöbə müdirinin qanunsuz əməllərini üzə çıxara bilər. Məhyəddin müəllim əvvəllər şöbədə məsləhətçi işləyib və həmin dövrdə çoxlu qanun pozuntusuna imza atıb. Həm Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, həm də rayon təhsil şöbəsinin müdiri Məhyəddin Abdurrəhmanov tutduqları qanunsuz əməlləri yüksək vəzifəli şəxslərdən birinin adı ilə bağlayırlar". Apardığımız qısa araşdırmalar zamanı isə məlum oldu ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinə ötən il ərzində 1 milyon manata yaxın vəsait ayrılıb. Məlumatlı mənbənin iddiasına görə, şöbə müdiri və icra başçısı həmin vəsaitlərin təyinatını dəyişdirməklə şəxsi büdcələrini artırmağa nail olublar. Məsələyə aydınlıq gətirmək üçün şöbə müdiri ilə əlaqə saxladıq. Məhyəddin Abdurrəhmanov bildirdi ki, məktəblər sentyabrın 15-də açılıb və həmin tarixə kimi müəllimlərin maaşı verilib: "Dünəndən etibarərən isə maliyyə sənədlərimizə rayon maliyyə şöbəsində baxılıb. Bu həftə ərzində müəllimlərin sentyabrın 15-nə və oktyabr ayına olan maaşlarını verəcəyik. Bu məsələ həm başçının, həm də Təhsil Nazirliyinin nəzarəti altındadır". Təki şöbə müdiri deyən kimi olsun. Amma bir məsələ də var ki, od olmayan yerdən tüstü çıxmaz.