BolgeXeber.Com » Gündəm » Bayrağımız uca olsun

Bayrağımız uca olsun

9-11-2014, 09:55
Oxunub: 3 244 Bir dəfə yüksələn bayraq bir daha enməyəcək!

Azərbaycan Dövlət Bayrağı Gününü — Şərqin ilk demokratik respublikasının üçrəngli müqəddəs bayrağının bayramını qeyd edir.
Bu bayraq mücahidlərimizin Vətən torpağına axan qanının, möminlərimizin ruhi təskinlik tapdığı müqəddəs İslamın və Altaydan Dunaya, Sibirdən isti dənizlərə qədər ulus qurmuş türk atalarımızın uca bayrağının rənglərini əks etdirir. 76 il qabaq Azərbaycan parlamentinin üzərində bir dəfə yüksələn bayraq bir daha enmədi!

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: «Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin».

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan üçrəngli bayrağını yenə öz dövlət suverenliyinin rəmzi kimi qəbul etdi.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam imzalayıb. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimi keçirilib. Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Hər bir azərbaycanlının qəlbində üçrəngli bayrağımızın ayrıca yeri var. Dünyanın hər yerində yaşayan azərbaycanlılar bayrağımızı sevincli və kədərli günlərində qürurla daşıyırlar. Azərbaycan xalqının bayrağımıza münasibəti dahi ədibimiz Cəfər Cabbarlının «Azərbaycan bayrağına» şeirində öz əksini tapıb:

Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.