BolgeXeber.Com » Gündəm » 90 MP 090-ın sahibi “Hafka”nın oğlu imiş

90 MP 090-ın sahibi “Hafka”nın oğlu imiş

13-11-2014, 10:30
Oxunub: 3 059 Bakını qarışdıran “avtoş”la bağlı şok xəbər; Hafiz Məmmədov oğlunu ictimai qınaqdan yayındırmaq üçün hiyləyə əl atıb
Bakının Mərdəkan qəsəbəsində bahalı maşını ilə avtoşluq edərək gündəmə gələn Rauf adlı gənclə bağlı yeni məlumat almışıq. Qaynağımız deyib ki, həmin şəxs əslində “Hafka” kimi tanınan neft maqnatı Hafiz Məmmədovun oğludur. Sadəcə, bu detalın gizlədilməsi üçün Ramiz Hüseynov adlı şəxsin adından açıqlama yayılıb. Bu həmin gəncdir ki, Az 90 MP 090 nömrə nişanını bir neçə bahalı avtomobilin üstünə vurub və bahalı maşınlarını qarşısında yarıçılpaq xanımların fotolarını çəkməklə sosial şəbəkələrdə yaymışdı.

Ötən ayın əvvəlində onun dəbdəbəli həyat tərzini əks etdirən foto və videolar yayılandan sonra Raufun atası adından açıqlama yayıldı. Heç kimin gözləmədiyi halda Ramiz Hüseynov adlı şəxs Raufun atası olduğunu iddia edərək etirafda bulundu. Dedi ki, təxminən bir il əvvəl bu şəkilləri görüb: “Hətta bu müzakirələr açılmamışdan öncə oğlumu ciddi tənbeh etmişəm. Oğlumu institutu bitirdikdən sonra hərbi xidmətə yola salmışam. Hazırda Rauf bölgələrin birində hərbi xidmətdədir. Bu kimi həyatdan tam olaraq uzaqdadır. Qayıtdıqdan sonra da bu həyatdan uzaq olacaq. Bu şəkillər o, tələbə olarkən çəkilib. Bu fəxr olunası bir hal deyil. Mən özümün və ailəmin adından bütün oxuculardan və xalqdan üzr istəyirəm. Biz o şərhlərdə yazıldığı kimi, etikadan kənar hərəkətlərə yol verən bir ailə deyilik. Biz ölkəni sevən, onun qanunlarına tabe olan bir ailəyik. Oğlum cavan olub, böyük səhv edib. Bu səhvinə görə onu tənbeh etmişəm, cəzalandırmışam. Fotolarda görüntülənən maşınlar eyni vaxtda bizim ailədə olmayıb. Bu maşınlar müxtəlif vaxtlarda alınıb, satılıb. İndi bu avtomobillər bizdə yoxdur. Oğlumun adından sosial şəbəkələrdə profillər açılır, xahiş edirəm bu kimi səhifə və profillərə inanmayın. O, hərbi xidmətdədir və internetə çıxışı yoxdur”.

Etiraf-açıqlamanı hazırlayanlar cəmiyyətin reaksiyasını hesablamışdılar. Oxuyandan sonra Raufun tərbiyəli bir ailənin üzvü olduğu, sadəcə, cavanlıq səhvi etdiyi qənaəti hasil olurdu. Görünür, bunu həmin açıqlamanı hazırlayanlar hesablamış və mətbuatın bundan sonra mövzuya baş vurmayacağını da nəzərə alıblar. Amma bəzi məqamlar bu gün də qaranlıq olaraq qalır.

Maraqlıdır ki, Raufun atası kimi özünü təqdim edən şəxsin fotosu yayılmadı. Onun kimliyi, hansı bizneslə məşğul olduğu da açıqlanmadı. Raufla bağlı sirli məqam təkcə bu deyil. Bu gün də onun maşınlarının üstünə bağladığı Az 90 MP 090 nömrə nişanı ilə bağlı müəmma qalır.
Yada salaq ki, Raufun “avtoş”luğu əks olunan foto və videolarda maşınlarına eyni nömrə nişanının - Az 90 MP 090 bağlandığı diqqəti çəkmişdi.

Dövlət Yol Polisi İdarəsindən isə bildirmişdilər ki, belə bir nömrə nişanı ümumiyyətlə qeydiyyatda deyil. Bu isə nömrənin saxta olduğunu deməyə əsas verir. Əgər saxta deyilsə, Raufa həmin nömrəni kim verib? Bəlkə o, həmin nömrə nişanını maşınının üstünə bağlayıb bank yarmağa gedəcəkdi?

Məlumdur ki, Azərbaycanda avtomobillərə nömrə nişanlarını yalnız DYP-də verirlər. Bu qurumdan belə nömrənin qeydiyyatının olmadığını açıqlayıblar.

Qanunla Raufa nömrə nişanının saxtalaşdırmasına görə cinayət işi başlanmalı idi. Bu gün belə bir cinayət işinin başlanması haqda məlumat yoxdur. Qeydiyyatda olmayan nömrə nişanının onun bir-birindən bahalı maşınlarında haradan peyda olduğu bilinmir.
musavat.com