BolgeXeber.Com » Gündəm » "Bizim market"in qiymət fırıldağı

"Bizim market"in qiymət fırıldağı

13-11-2014, 13:25
Oxunub: 4 128 Vitrindəki qiymətlə, "çek"dəki qiymət uzlaşmır

Böyük marketlərin meydana gəlməsi istehlakçıları sevindirmişdi. Çünki xırda marketlərdə istehlakçıları qiymətdə eyni zamanda çəkidə aldadırdılar. Lakin böyük marketlər meydana gələndən sonra bu problemə son qoyuldu. Lakin son zamanlar böyük marketlər də fırıldaqçılığa əl atır. Belə ki, "Bizim market"in rəhbərliyi istehlakçıların hüquqlarını pozaraq külli miqdarda gəlir əldə etməyə çalışır.

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, "Bizim market"də vitrindəki qiymətlə çekə vurulan qiymət arasında kifayət qədər fərq olur. Vətəndaş bildirir ki, bu hala dəfələrlə rast gəlib. Məhsul 1 manat 40 qəpikdirsə, çekə 1 manat 50 qəpik vurulur. Hər məhsulda 5-10 qəpik istehlakçılara atsalar, görün, nə qədər pul edir. Bu cür fırıldaqçılıqla istehlakçıların hüquqlarını pozurlar. Bundan başqa şikayətçi bildirir ki, məhsulların çoxu keyfiyyətsizdir. Sözügedən ticarət obyekti keyfiyyətsiz və vaxtı keçmiş məhsulları istehlakçılara sırımaqla pul qazanmağa çalışır. Lakin ticarət obyektinin rəhbərliyi anlamır ki, bu cür fırıldaqçı yollarla yalnız və yalnız marketin imicinə zərər gətirə bilər. Bundan başqa redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, sözügedən marketdə satıcılar çəkidə istehlakçıları aldadırlar. Belə ki, un, şəkər tozu, qənd, meyvə-tərəvəzi çəkərkən alıcılara kələk gəlirlər. Alıcılar isə həmin an bunun fərqində olmasalar da, alıb evə apararkən market fırıldaqçılarının qurbanına çevrildiyini görürlər.

Ekspertlər hesab edir ki, belə vəziyyətlə qarşılaşmamaq üçün mütləq alış-verişdən sonra yerindəcə qəbzlə vitrin qiymətlərini tutuşdurmaq lazımdır. Belə hallarla rastlaşdıqda isə İqtisadiyyat və Sənaye Nazirliyində fəaliyyət göstərən qaynar xəttə müraciət etmək lazımdır.

Qeyd edək ki, bu qanunsuz hal Xətai rayonu Köhnə Günəşli qəsəbəsi İnqilab İsmayılov küçəsində yerləşən "Bizim market"də baş verib.

Bundan başqa şikayətçi bildirir ki, "Bizim market"də meyvə-tərəvəz həddən artıq baha olur: "Meyvə və tərəvəz məhsullarını bazardan alıram, qalanlarını isə supermarketdən. Əsasən qiymətlər bazarda daha ucuz olur. Amma ümumulikdə götürdükdə haradan sərf edirsə, oradan da alıram".

Ekspertlər onu da bildirirlər ki, böyük supermarketlərdə qanunsuzluqlar çox olur. Qiymətlərdə bəzi saxtakarlıq halları ilə rastlaşırıq. Malların supermarketlərdə satılması təmizlik baxımından daha məqsədəuyğundur, amma məhsullara suni qiymətlər qoyulmasa şikayətlərin sayı azalar. Marketlərdə satılan məhsullar daha gec xarab olur. Çünki orada soyuducu kameralardan istifadə olunur. Supermarketlərdə vaxtı keçmiş məhsullara az rast gəlmək olur, çünki bu cür marketlər müasir texniki avadanlıqlarla təmin olunur. Məhsulların satışına həm müəssisə rəhbərləri,həm də bu sahədə məsuliyyət daşıyan orqanlar tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. Antisanitar hallarla daha çox kiçik marketlərdə rastlaşmaq olur, çünki kiçik marketlərdə satış xaotik hal daşıdığına görə nəzarət o qədər də güclü aparılmır.

Ümumiyyətlə, qanunvericilikdə boşluqlar var. Bu da yalnız biznes qurumlarının işinə yarayır. İstədikləri keyfiyyətdə məhsulu satır, heç bir normalara uyğun olmayan xidmət göstərirlər. Nəticədə isə həm maddi, həm də sağlamlıq baxımından, itirən yalnız istehlakçı olur.gundelik-baku