BolgeXeber.Com » Gündəm » "Avropa Qapıları" şirkəti istehlakçıları aldadır?

"Avropa Qapıları" şirkəti istehlakçıları aldadır?

14-11-2014, 15:15
Oxunub: 3 308 Dövlət orqanları bu şirkətin keyfiyyətsiz məhsullarının öhdəsindən gələ bilmir

Son zamanlar ölkəmizdə istehlakçıların hüquqları həddən artıq pozulur. Nəinki istehlakçılar ərzaq, geyim məhsulları, hətta mənzillərinə qapı, mebel və digər ev əşyaları alarkən hüquqları kobud şəkildə pozulur. Vətəndaşları ən çox narahat edən məsələlərdən biri Avropa qapıları adı altında satılan qapıların həddən artıq keyfiyyətsiz olmasıdır. "Avropa Qapıları" a T.S şirkətinin bazara təklif etdiyi məhsulların keyfiyyəti heç də ürəkaçan deyil. Yüksək keyfiyyətli materiallardan hazırlandığı iddia edilən məhsulların insan sağlamlığına zərərli olduğu iddia edilir.

Beynəlxalq standartlara əməl edilmədən istehsal olunur. Bizə verilən məlumata görə, bazara bahalı mal təklif edən şirkət istehsalda keyfiyyətsiz materiallardan, zəhərli ağac növlərindən istifadə edir. Həmin məhsullar əsasən idxal edilir. Şirkət bunu özü də rəsmi internet ünvanında təsdiqləyərək bildirir ki, xammal istehsal və komplektləşdirmə üçün tələb olunan məhsullar, lak-boya materialları, həmçinin aksessuarlar İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan kimi xarici dövlətlərin şirkətlərindən alınır.

Maraqlıdır ki, bunun üçün adıçəkilən ölkələrin hansı şirkətləri ilə razılaşıldığı açıqlanmır. Eyni zamanda idxal olunan xammalın ekoloji keyfiyyət normasına, antibakteriallığına, müxtəlif fiziki və kimyəvi təsirlərə qarşı nə dərəcədə dayanıqlı olduğuna dair sertifikatların adları çəkilmir. Araşdırmalara əsasən komplektləşdirmə üçün tələb olunan məhsulları, lak-boya materiallarını, həmçinin aksessuarları şirkət İran və Türkiyədən gətirir. Xammal kimi istifadə edilən zərərli ağaclar isə Rusiyadan idxal olunur. Hansı ki, həmin ağac materialları zərərli olduğundan Rusiyanın mebel sənayesində istifadəsinə icazə verilmir.

Şirkətin məhsullarının keyfiyyətindəki problem təkcə xammalla bağlı deyil. Materialların parlaqlığı, səthlərinin cızığa qarşı dayanıqlığı, aşınma, nəmlik dərəcəsi, qırılma (bükülmə) parametrləri, formaldehidin miqdarı, pastanmaya qarşı davamlılıqları kimi məsələlər sirr kimi qapalıdır. Ya da şirkət istehsal prosesində bunları nəzərə almır. Digər tərəfdən təcrübə göstərir ki, qapılara iki qıfıl əvəzinə bir qıfıl qoyulur. İstehsalda təkcə zərərli ağac növlərindən deyil, keyfiyyətsiz materiallardan istifadə olunur. Nəticədə qapı, pəncərələr tez müddətdə sıradan çıxır. O cümlədən taxta məhsulları standartlara cavab vermədiyindən qapılarda əyilmə baş verir. Çox zaman quraşdırıldıqdan sonra xışıltı səsləri çıxarır. Bəzi hallarda isə qapılara qurd düşür. Bazarı araşdırarkən məlum oldu ki, "Avropa Qapıları"na üstünlüyü hazırlandıqdan sonra qapı, pəncərələrə vurulan lak-boyalar gətirir. Yəni şirkətin iddia etdiyi kimi heç də istehsalda rəqəmsal idarə proqramıyla işləyən yüksək keyfiyyətli cihazlar məhsulun keyfiyyətini artırmır. "Avropa Qapıları" şirkətinin istehsal texnalogiyası adi qapı-pəncərə sexlərinin istehsalından fərqlənmir. Sadəcə düzgün seçilmiş lak və boyaların sayəsində qapılar alıcıya cəlbedici görünür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirir ki, hazırda məşhur brend olan "Avropa qapları"ndan da ardıcıl şikayətlər daxil olur. O bildirib ki, dövlət orqanları bu şirkətin keyfiyyətsiz məhsullarının öhdəsindən gələ bilmir: "Onlar vətəndaşlara saxta ödəniş qəbzi verməklə, istehlakçıların hüquqlarını pozmaqla, müqavilə şərtlərini yerinə yetirməməklə fərqlənirlər.

Dəfələrlə Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etsək də, şikayətlərə baxan olmayıb. Vəziyyət düzəlmir. "Avropa qapılar"ı ən böyük problemdir. Eyyub Hüseynov hazırda istehlakçıların şikayətlərinə əsasən ən çox rast gəlinən problemin dəyişdirilmə ilə bağlı olduğunu vurğulayıb: "Alınan mebelin keyfiyyətsiz olduğunu anladıqları zaman onun dəyişdirilməsi və ya qaytarılması müşkül məsələdir. Mebel dükanları birmənalı şəkildə bundan imtina edirlər. Bəzən ustalar mebeli quraşdırarkən onun hissələrini zədələyirlər, bu zaman cərimə də alıcının üzərində qalır".

Azərbaycan dükanlarında daha çox Polşa, Türkiyə, Almaniya, Dubaydan gələn mebel dəstləri üstünlük təşkil edir. Malayziya istehsalı olan mebel dəstlərindən şikayət edənlər isə çoxdur. Məhsulları bahalı, ancaq keyfiyyətsiz olur.
gundelik-baku.com/