BolgeXeber.Com » Gündəm » Binəqədinin başçısı haqda sensasion məlumatlar və iddialar

Binəqədinin başçısı haqda sensasion məlumatlar və iddialar

17-11-2014, 15:20
Oxunub: 3 910 “Xaləddin İsgəndərov icra hakimiyyətini ailə şirkətinə çevirib”

Qalmaqallı başçının barəsində redaksiyamıza elektron məktub daxil olub; sitat: “Bütün qara işləri qardaşı və bacısı oğlanlarının əli ilə gördürür”, “Xaləddin müəllimin qardaşı oğlunu vergilər naziri ona görə işdən qovdu ki...”

Ötən həftə Bakıda yağan yağışdan sonra paytaxtın bir neçə rayonunda biabırçı olaylar yaşandı. Yağış suları yollarda böyük gölməçələrə səbəb oldu, üstəlik kilometrlərlə uzanan tıxaclar yarandı. Belə halların yarandığı rayonlardan biri və bəlkə də birincisi Binəqədi idi. “Yeni Müsavat” yağışdan sonra Binəqədi rayonu ərazisində yaranmış bu biabırçılıq barədə geniş reportaj hazırladı; əhalinin üzləşdiyi durumu ictimailəşdirdi, rayonun küçələrində, dalanlarında, yaşayış massivlərindəki dəhşətli mənzərənin video-foto görüntülərini təqdim etdi.

Bütün bunlardan nəticə çıxarmaq, neqativləri düzəltməyə çalışmaq, əyər-əskikləri yoluna qoymaq əvəzinə rayonun icra başçısı Xaləddin İsgəndərov və onun əlaltıları “Yeni Müsavat”a qarşı hücum və qaralama kampaniyasına başladılar. Bir neçə gün davamlı olaraq redaksiyamıza “zəhmətkeş” teleqramları göndərildi. Həmçinin redaksiyaya zəng vurub bizi hədələdilər. Teleqram və telefon zənglərində əsas xətt bundan ibarət idi ki, biz jurnalistlər X.İsgəndərovun Binəqədi rayonunda son illər gördüyü quruculuq-abadlıq işlərindən ya xəbərsizik, ya da bu işləri gözümüz götürmür. Guya qərəzli şəkildə Binəqədi rayonu və onun zəhmətkeş başçısı barədə düzgün olmayan məlumatlar yazırıq və s.



Əslində haqqında yazılanlarla razılaşmayan məmur bu barədə yazan qəzetə açıqlama, müsahibə verər, deyilənlərin doğru olmadığını faktlarla sübuta yetirməyə çalışar. Biz bunun üçün bir daha buradan müraciət edirik - hörmətli Xaləddin müəllim bizə müsahibə versin, nöqtəsinə-vergülünə toxunmadan onları dərc edək. Daha “zəhmətkeş” məktubları təşkil etdirib özünü gülünc vəziyyətə qoymasın...

“Zəhmətkeş” məktubu demişkən... Bizə Binəqədidən yenə məktub göndərilib. Amma bu dəfə Xaləddin müəllimin “cahanüşmul” fəaliyyətindən bəhs etmir məktubda. Əksinə, məktub Xaləddin İsgəndərovun Binəqədi RİH-də yaratdığı idarəetmədən (əgər buna idarəetmə demək mümkündürsə) söhbət açılır.

Məktubu bəzi redaktə və korrektə düzəlişləri ilə təqdim edirik.

Müəllif yazır ki, Binəqədinin hazırkı icra başçısı Xaləddin İsgəndərovun qardaşı oğlu Valeh İsgəndərov qeyri-rəsmi olaraq Binəqədi icra hakimiyyətində əsas vəzifələrdən birini tutur: “Bu vəzifənin nədən ibarət olduğunu sizə deyim. O, icra başçısının əsas pul yığanlarından biridir. Rayonda tikinti, torpaq alqı-satqısı, digər bütün qara işlər onun əli ilə həyata keçirilir. Valeh İsgəndərov icra hakimiyyətində rəsmi olaraq heç bir vəzifə daşımasa da, qeyri-rəsmi Xaləddin İsgəndərovun sağ əli, həm də bütün işləri gördürdüyü adamdır.

Xaləddin İsgəndərovun iki qardası oğlu var. Valeh böyük qardaşının oğludur. Valeh İsgəndərov əvvəllər Vergilər Nazirliyində Vergi Cinayətlərinin Araşdırılması İdarəsində müstəntiq vəzifəsində çalışıb. Qohumluq əlaqələrinin sayəsində nazirlikdə mayor vəzifəsinə qədər yüksələ bilib. Daha sonra isə vergilər naziri Fazil Məmmədovun qəzəbinə tuş gələn Valeh İsgəndərov işdən qovulub, özü də töhmətlə. Bu işdə əmisi və nazirin qaynı Xaləddin İsgəndərov belə ona kömək edə bilməyib. Onun işdən azad olunmasına işinə məsuliyyətsiz yanaşması, vergi orqanları adından müəyyən işləri görməsi səbəb olub. Həmçinin, icra başçısının qardaşı oğlu içki, eyş-işrət məclislərində daha çox vaxt keçirirmiş. V.İsgəndərovun narkotik və psixotrop maddələrə aludəçiliyi də olub və bütün bunlar onun karyerasına son qoyub. Onun bu cür həyat tərzi əmisi Xaləddin İsgəndərovla münasibətlərini bir ara pisləşdirib”.



Məktubda daha sonra yazılır: “Xaləddin İsgəndərovun yanında digər qohumu - bacısı oğlu Araz da işləyir. O, X.İsgəndərovun həm sürücüsüdür, həm də digər işlərlə məşğul olur. Xaləddin İsgəndərov bütün qeyri-qanuni işləri ən yaxın adamlarına gördürür ki, kənara informasiya çıxmasın. Onların hamisi icra hakimiyyətində qeyri-rəsmi şəkildə işləyir və Binəqədini öz müəssisələri kimi istifadə edirlər”.

Binəqədinin başçısı haqda sensasion məlumatlar və iddialar

Məktubdakı məlumatlardan görünür ki, müəllif iç adamdır. Həm Xaləddin İsgəndərovu yaxşı tanıyır, həm də onun əməlləri barədə kifayət qədər məlumatlıdır. Bəlkə də bu məktubu redaksiyaya yollayan adam X.İsgəndərovun ən yaxın qohumlarındandır, kim bilir... Hazırda redaksiyada bir neçə bu tip məktublar var. Zamanı gəldikcə həmin məktublardakı məlumatları ictimailəşdirəcəyik.

Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.