BolgeXeber.Com » Gündəm » Metropolitendə kütləvi ixtisar: 900 nəfər işdən çıxarılır

Metropolitendə kütləvi ixtisar: 900 nəfər işdən çıxarılır

18-12-2014, 14:30
Oxunub: 2 077 Bəzi iddialara görə, Bakı Metropoliteni ASC-nin rəhbərliyi onların yerinə yenilərini götürə bilər.

Metrotikinti İdarəsində çalışan həmin işçilər yanvarın 1-dən 6 aylıq müddətə öz hesablarına məzuniyyətə göndərilir, səbəb maliyyə çatışmazlığıdır . Bakı Metropoliteni ASC-nin 900-ə yaxın işçisi ixtisar ediləcək. Jam.az xəbər verir ki, Tağı Əhmədovdan sonra ortaya çıxmış belə mənzərəyə səbəb isə ciddi maliyyə çatışmazlığı göstərilir.

Məlumatda deyilir ki, ixtisar ediləcək işçilər ASC-nin tabeliyində olan Metrotikinti İdarəsində çalışanlardır. Onların sayının 1500 nəfər olduğu qeyd edilir. Yanvarın 1-dən isə 900 nəfər işçi 6 aylıq müddətə öz hesablarına məzuniyyətə göndəriləcəklər. Maliyyə çatışmazlığının nədən yaranması məsələsinə gəldikdə isə idarə rəhbərliyi bunu yayda keçiriləcək olimpiya oyunları ilə əlaqələndirib. Və bildirilib ki, bütün pullar olimpiya oyunları üçün nəzərdə tutulmuş tikintiyə yönəldiyindən Metrotikinti İdarəsinə maliyyə ayrılması dayandırılıb.

Proses yeni ilin ikinci yarısından etibarən bərpa olunacaq. Amma Avropa Olimpiya Oyunlarından sonra məzuniyyətə göndərilmiş işçilərin yenidən geri qaytarılacağı məsələsi də sual altındadır. Bəzi iddialara görə, Bakı Metropoliteni ASC-nin rəhbərliyi onların yerinə yenilərini götürə bilər. “Bakı Metropoliteni” QSC neftin ucuzlaşması səbəbindən qurumda aparılan ixtisarlarla bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. “Yayılan məlumatlar həqiqətən uyğun deyil. “Bakı Metropoliteni” QSC-də heç bir ixtisarlar aparılmır”, - deyə N. Paşayev bildirib. O, əlavə edib ki, neftin ucuzlaşması səbəbindən “Bakı Metropoliteni”nin həyata keçirdiyi infrastruktur layihələrin dayandırılması ilə bağlı yayılan xəbərlər də əsassızdır: “Yeni metro stansiyalarının tikintisi dayandırılmayıb. Tikinti işləri əvvəlki templə davam edir”.


Bolgexeber.com