BolgeXeber.Com » Gündəm » «Xəzər» telekanalının «Ailə tərbiyəsi»… müzakirəsi… — FOTOFAKT

«Xəzər» telekanalının «Ailə tərbiyəsi»… müzakirəsi… — FOTOFAKT

24-01-2015, 14:20
Oxunub: 4 355 Dünən “Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hadisə baş verib. Belə ki, verilişin aparıcısı “Borc ver” mahnısının ifası zamanı milli valyutamız olan manatı cırıb. Hadisədən sonra Sevil-Sevinc bacıları baş verən olayla bağlı tamaşaçılardan üzr istəsə də, məlum olay millət vəkillərindən tutmuş partiya mənsubları, ictimai-siyasi xadimlərə qədər bir çox insan tərəfindən sərt tənqid edilib. Baş verənlərə münasibət bildirən bəzi şəxslər bunu aparıcılarda milli şüurun yetərincə olmaması, bəziləri isə lazımi səhnə mədəniyyəti və davranışına malik olmaması ilə əlaqələndirib. Onu da qeyd edək ki, baş verən olayın tənqid ediləcək tərəfinin olmadığını iddia edən, məlum hadisəni tamamilə normal qarşılayanlar da az deyil.
Aparıcı mədəniyyəti ilə bağlı müzakirələrin hazırkı aktuallığını nəzərə alan Sevil-Sevinc bacıları ilə bağlı daha bir maraqlı foto təqdim edir. 4 noyabr 2014-cü il tarixinə aid olan bu foto Sevil-Sevinc bacılarının “Ailə tərbiyəsi” mövzusunu müzakirəyə çıxartdıqları verilişin yayımı zamanı çəkilib. Şəkildən də göründüyü kimi, verilişin mövzusu ailə tərbiyəsi olsa da, aparıcılardan biri verilişdə qonaq qismində iştirak edən ekspertin arxasında, divanın başında oturur. Hansı ki, Azərbaycanda qonaqla divanın başında oturub hal-əhval tutmaq, müzakirə aparmaq ənənəsi mövcud deyil və bir tək bu oturuşun özü müzakirəyə çıxarılan mövzunun ciddiyyətini heçə endirmək üçün yetərlidir.
Bu olayın canlı yayımda, 9 milyondan çox insanın qarşısında reallaşdığını nəzərə alsaq, əminliklə demək olar ki, bu oturuş “Xəzər” televiziyasının sözçüsü Aqşin Kamalın dediyi kimi, əsas məqsədi “hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy- kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə” olan kanalın və verilişin ruhuna yaddır.
Sonda onu da qeyd edirik ki, bu məsələni gündəmə gətirməyimizdə məqsəd nə “Xəzər” televiziyasını, nə də “Hər şey daxil” verilişinin kollektivini hədəfə gətirmək deyil. Məqsədimiz televiziyalardakı peşəkar aparıcı qıtlığının doğurduğu fəsadlara diqqət çəkmək, televiziya aparıcılarını daha məsuliyyətli olmağa sövq etməkdir.
Bolgexeber.com