BolgeXeber.Com » Gündəm » Sığorta şirkətləri vətəndaşların başına oyun açır

Sığorta şirkətləri vətəndaşların başına oyun açır

6-02-2015, 20:35
Oxunub: 3 213 Analoqu olmayan pulyemə üsulları icad edən soydaşlarımız

Bakının NZS qəsəbəsində yaşayan Kamil bu günlərdə gözləmədiyi yerdən bəlaya düşüb və bunun baiskarının böyük ümid bağladığı sığorta şirkətinin olduğunu söyləyir. Ans-ə dərdini danışan Bakı sakini yeni aldığı avtomobili KASKO tipli sığorta etdirdiyini və indiyə kimi bunun üçün 600 manata yaxın pul ödədiyini söyləyir:

"Maşınım qəzaya düşəndə isə sığorta şirkəti məni tanımadı. Sığorta agenti məni fırlatdı. Dedi ki, gec zəng eləmisən. Nə qədər elədim, yol polisinin yazdığı sənədi təqdim etdim, dedi, yox, biz sənə inanmırıq. İndiyə kimi ödədiyim pullar da havayı getdi".

Nəticədə, Kamil avtomobilinin təmirinə 2500-3000 manata yaxın pul xərcləməlidir. Hələ ki, o qədər pulu olmadığına görə, maşını qarajda yatır. Sığorta sazişinə görə isə, bütün təmir xərclərini sığorta şirkəti ödəməli idi.

Bazarda bəzi sığorta agentlərinin müştərilərə qarşı möhtəkirlik etməsi Maliyyə Nazirliyi tərəfindən də təsdiq edilir. Nazirlik keçən ilin sonlarında və bu ilin birinci ayında 40-dan çox sığorta agentini oisenziyadan məhrum edib. Bu barədə verilən rəsmi məlumatda həmin sığorta agentlərinin müştərilərə borclu qalması, yanlış məlumatlar verməsi, onları aldatması və s. vurğulanır. Azərbaycan Sığortaçılar Assosiasiyası da yaxın zamanlarda bu cür sığorta agentlərinin qara siyahısı hazırlanacağı barədə məlumat verib. Yəni bu sahədə problemlərin olduğu rəsmi səviyyədə də qəbul edilir və bu problemlər həll edilməzsə, əhali sığorta fəaliyyətinə inanmayacaq.

Avtomobil bazarı üzrə ekspert İbad Manaflının fikrincə, əhalidə bu inamı bərpa etmək olar, çünki sığorta şirkətləri bu cür hallarda müştəriyə kömək edəndə heç bir ziyana düşmürlər. "Sadəcə, bu cür oyunlarla gəlirlərinin daha çox olmasına çalışırlar. Bizim müşahidələrimizə görə, KASKO tipli sığorta etdirən hər 100 maşından yalnız 7-8-i bu cür problemlə üzləşir. Kamilin nümunəsində götürsək, bu 100 maşın 60 min manat ödədiyi halda təmir üçün 20-25 min manat edir. Yəni yığılan sığorta pulunun maksimum 45 faizi sığorta halları üzrə ödənişə xərclənir", - deyə ekspert bildirir.

Ekspertin dedikləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasına görə, 2014-cü ildə ödədikləri vəsaitin ümumi sığorta mükafatlarında payından xeyli fərqlənir. Keçən ilin statistikasına görə, sığorta şirkətləri bu sahədən topladıqları hər 100 manatın 65 manatını müştərilərinə geri qaytarıblar. Yəni 939 min 283,80 manat sığorta mükafatı yığan şirkətlər, müştərilərə sığorta halları üzrə 614 min 725,39 manat ödəyiblər. Statistikaya inanılsa, 2014-cü ildə bu məsələdə kəskin sıçrayış olub və şirkətlər ödəniş səviyyəsini 3 dəfə artırıblar. 2013-cü ildə isə sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə topladıqları hər 100 manatın yalnız 22 manatını müştərilərə qaytarmışdılar.

İbad Manaflı buna görə də şirkətlərin təqdim etdiyi bu hesabata inanmır. "Ola bilər ki, onlar müəyyən yollar taparaq tanış-bilişin adına sığorta halları rəsmiləşdirərək vəsaiti nağdlaşdırırlar. Yəqin ki, unatmazsınız, Sovet İttifaqı dağılan dönəmlərdə hesabdakı pulların nağdlaşdırılması adətən sığorta şirkətlərinin vasitəsi ilə aparılırdı. O vaxt şirkətlər bunun üçün köçürülən məbləğin 10-20 faizini götürürdülər. Bəlkə də, bəzi şirkətlər yenə bu təcrübədən yararlanmaq fikrinə düşüblər", - deyə İbad Manaflı vurğulayır.

Sığorta bazarı üzrə ekspert Mustafa Abbasbəyli isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası ödənişlərin səviyyəsinin 65 faiz olmasını elə də yüksək səviyyə saymır: "Əslində, ödəniş səviyyəsi 80 faizə qədər də qalxa bilər. Bu, beynəlxalq səviyyəyə yaxınlaşma deməkdir. İnkişaf etmiş ölkələrdə sığorta şirkətləri əsas pulu sığortadan deyil, investisiya fəaliyyətindən qazanır. Bizim sığorta şirkətləri də işlərini bu istiqamətdə qurmalıdır",- deyə Mustafa Abbasbəyli bildirib.
Bolgexeber.com