BolgeXeber.Com » Gündəm » Oğuz sakini Yasamal məhkəməsindəki şəraitdən şikayətçidir

Oğuz sakini Yasamal məhkəməsindəki şəraitdən şikayətçidir

9-02-2015, 09:40
Oxunub: 2 794 “Hakimin ədalətli qərar verəcəyi məndə şübhə doğurur”

Oğuz rayonu, Kərimli kənd sakini Vahablı Daşqın Yasamal rayon məhkəməsindən şikayətçidir. Oğuz sakininin yuxarı instansiyalara ünvanladığı şikayət məktubunu diqqətinizə təqdim edirik:
“Yasamal rayon məhkəməsində mənə və digərlərinə qarşı olan qanun pozuntusundan yazmaq istədim. Belə ki, 12.01.2015 tarixində yaxın dostlarımın məhkəməsinə getdim. Açıq məhkəmə olduğu halda məhkəmədə iştirak edə bilmədim. Buna səbəb isə, dəfələrlə deyilməsinə baxmayaraq, hakim Akşin Əfəndiyevin vəzifəsini tam yerinə yetirməyərək, məhkəməyə gələn iştirakçıları nəzərə almamasıdır.

2012-ci ildə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində tikilən, açılışında Cənab Prezidentin də iştirak etdiyi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin mütərəqqi beynəlxalq standartlara cavab verən bu binasında başqa zal yoxdur deyərək qərəzli şəkildə məhkəmələr çox kiçik zalda keçirilir. Bu zalın iştirakçılara ayrılan hissəsi təxminən 25-30 kv.m-dir ki, burada olan stullara cəmi 25 nəfər yerləşir. Mənim dostlarımın məhkəməsində 5 nəfər təqsirləndirilən şəxs (əslində zərər çəkən), və 5 nəfər zərərçəkənin (əslində zərər vuran) də bu zalda oturduğunu nəzərə alsaq, geriyə 15 nəfərlik boş yer qalır. Bu isə o deməkdir ki, Məhkəməyə bu 10 nəfərin hər birinin 1.5 nəfər yaxını gələ bilir. Yəni hər birinə heç 2 nəfər belə düşmür.

Mən iştirak edə bilmədiyim bu məhkəməyə mənimlə birgə 30-40 nəfər daha məhkəmə zalına girə bilmədi. Və normal olaraq da zalın qarşısında narahat vəziyyətdə gözləməyə başladıq. Yox, yox “sağ olsun” polislər, heç orada da gözləməyə imkan vermədilər. Hamımızı öz “şirin dilləri ilə” aşağıya göndərdilər, daha doğrusu qovdular.

Hər halda həmin binanın birinci mərtəbəsində böyük zalın olduğundan Akşin Əfəndiyevin xəbəri yoxdur. Doğrusu ölkəmizin vətəndaşlarına qarşı bu cür laqeyd yanaşan bir hakimin heç ədalətli qərar verəcəyi belə məndə şübhə doğurur. Nə isə başınızı çox ağrıtmayım. Inşaallah ayın 19-da olan növbəti məhkəməyə qədər Akşin bəy Əfəndi(yev) insafa gələr də, məhkəmə böyük zalda keçirilər və mən də iştirak edərəm”. Dia.az