BolgeXeber.Com » Gündəm » Binəqədidə icra hakimiyyətinin “palçığına” batan insanlar... -

Binəqədidə icra hakimiyyətinin “palçığına” batan insanlar... -

9-02-2015, 13:40
Oxunub: 5 102 Azyaşlılar məktəbə valideynlərinin qucağında getməli olur

Binəqədidə icra hakimiyyətinin “palçığına” batan insanlar var. Onlar qışın gəlişinə az qalmış asfaltı söküb kanalizasiya sistemini düzəltmək istəyən icra hakimiyyətinin yaratdığı problemdən əziyyət çəkir.

Virtualaz.org saytı xəbər verir ki, Binəqədi-Biləcəri yolu kimi tanınan, çoxunun “DSK-4” və “Dairəvi yol” da adlandırdığı bu ərazidə yaşayan sakinlər yağış yağandan sonra dizə qədər palçıq içində qalmağa məcbur olublar.

Sakinlərin hər gün istifadə etdiyi bu yol əvvəllər asfalt olub. Lakin Binəqədi Rayon İcra Hakimiyyəti kanalizasiya sistemini dəyişdirmək üçün, daha doğrusu, bu adla asfaltı söküb. Lakin vaxtı düzgün seçməyib. Yəni asfalt qış mövsümünün girməsinə az vaxt qalanda dağıdılıb. Sonradan yağışların başlaması ilə əlaqədar bu işlər dayandırılıb. Nəticədə yol asfaltsız, sakinlərsə yolsuz qalıb. Yağış yağandan sonra gölməçələrə çevrilən bu yoldan keçmək demək olar ki, mümkün olmur.

Bu yolla iki marşrut avtobusu - 170 və 92 saylı marşrutlar işləyir. Sakinlər deyir ki, 92 saylı marşrut yolların bərbad olması üzündən axırıncı dayanacağa qədər gəlmir. 170 saylı marşrut isə 15-20 dəqiqədən bir gəlir. Sakinlər keçilməz yolları taksi ilə gedib-gəlməyə məcbur olurlar.

Ən ciddi problemi isə məktəblilər yaşayır. Azyaşlılar məktəbə valideynlərinin qucağında getməli olur.

Narazı sakinlər rayon icra hakimiyyətindən şikayətlənir: “Əgər yol düzəlməyəcəkdisə, asfaltı hara söküb aparırdılar? Gözləyəydilər havalar düzələydi, sonra sökəydilər”.

Sakinlər deyir ki, onsuz da şikayətlərinə baxan olmayacaq: “Bizi fikirləşən olsaydılar, aslfaltı qışda sökməzdilər. Onsuz da şikayətimizə, narazılığımıza baxan olmayacaq. Guya gəlib düzəldəcəklər? İnsafları olsa, qış çıxandan sonra düzəldəcəklər. Amma heç olmasa çəkin, şəkillərə baxsınlar. Görsünlər biz nə halda yaşayırıq”.
Bolgexeber.com