BolgeXeber.Com » Gündəm » Qızıl qiymətinə olan ilan zəhəri

Qızıl qiymətinə olan ilan zəhəri

10-02-2015, 14:20
Oxunub: 6 519 Azərbaycan 19 kq zəhəri sata bilmir

“Azərbaycan keçmiş SSRİ dövründə ilan zəhərinə olan ehtiyacın 65-70 faizini ödəyirdi. Bu zəhərdən SSRİ-nin tibb bazarında dərman pereparatları hazırlamaq üçün istifadə olunurdu”.

Bu barədə modern.az-a Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya elmləri namizədi, Təvəkkül İskəndərov məlumat verib.

O qeyd edib ki, SSRİ dağıldıqdan sonra ilan zəhərinin sifarişçisi olan Estoniyaya zəhər göndərilməsi də dayandırıldı: “Beləliklə, Azərbaycan üçün bazar itirildi. Həmin bazarın itirilməsində o vaxtkı hökumətin birbaşa günahı vardı. Çünki onlar zəhərin 1989-cu ildə Estoniyaya Farmokologiya zavoduna göndərilməsini qadağan etdilər. Beləcə iqtisadi əlaqələr kəsildi. Öz-özünü maliyyələşdirən mərkəzin fəaliyyəti kəskin azaldı. Nəhayət, 1995-ci ildə mərkəzin fəaliyyəti tam dayandırıldı”.

Onun sözlərinə görə, Estoniya ilə əlaqələr kəsildikdən sonra Azərbaycanda ilan zəhəri satılmayıb: “1995-ci ilə qədər yığılan 19 kiloqram zəhər indi da anbarda qalmaqdadır. Başlıca problem zəhərin istehsalçısı olan mərkəz fəaliyyət göstərməməsidir. Maliyyə dəstəyi yoxdur. 2009-cu ildə mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının tərkibinə verdilər ki, həm elmi, həm də istehsal istiqamətində bərpa olunsun. 5 il keçməsinə baxmayaraq, maliyyə çatışmazlığından dolayı Nazirlər Kabinetinin verdiyi qərar icra olunmur”.

Direktorun sözlərinə görə, mərkəz, eləcə də fəaliyyəti bərpa olunmadığı üçün ilan zəhərilə bağlı problemlərlə məşğul olanlar da yoxdur: “Yığılıb qalan 20 kiloqrama qədər zəhər o vaxt üçün qızıl qiymətinə bərabər idi. İndi əlbəttə, illər keçdikdən sonra həmin zəhər öz keyfiyyətini və dinamikliyini itirib. Hazırda Azərbaycandakı təbii resurslar istehsala yetəcək qədər çoxdur. Apardığım elmi işlərin səbəbi odur ki, bu sahəni təbii resurslardan asılılıq vəziyyətindən çıxaraq. Yəni ilanlar süni şəkildə yetişdirilsin, təbiətdəki ilanlardan asılı olmayaq. Məsələ burasındadır ki, ilanlar ən çox yayıldığı areal işğal altındadır”.

Zoologiya institutunun herpotologiya laboratoriyasının müdiri, zoologiya elmləri namizədi Sahib Əhmədov Modern.az-a deyib ki, mövcud ilan növlərindən bir çoxunun adı “Qırmızı kitab”a düşüb: “9 növ gürzə ilanının Azərbaycanda yayılıb-yayılmaması hələ təstiq olunmayıb. Yayılması dəqiq olan növ ilanların sayı 4-dür: dağ gürzəsi Naxçıvan Muxtar Respublikasında, qalxanvari gürzə Talış zonasındadır, əksər yerlərdə rast gəlinən növ isə iri gürzədir. Bundan əlavə, Böyük Qafqazın yüksək dağlıq ərazilərində çöl gürzəsi deyilən bir növ də var, onun da sayı çox deyil. Hazırda istehsal üçün bu gürzədən istifadə edilə bilər”.

S.Əhmədovun sözlərinə görə, bu ilan növünün Cənubi Qafqazdakı çox hissəsi ölkəmizin payına düşür: “Ermənistanda və Gürcüstanda az miqdardadır. Cənubi Qafqaz iri gürzəsindən istehsal üçün areal ola bilər. Qərar var, akademiyaya tapşırılıb. Akademiyanın maliyyəsi yoxdur, dövlət də vəsait ayırmır. Nə qədər ki, maliyyə ayrılmır, bu sahədə inkişafdan söhbət gedə bilməz.

Yerdə qalan 8 növdən levantiya gürzəsinin sayı daha çoxdur. Təxminən 30 növ ilan var ki, bunlardan 9 növünün nəsli tükənib. Levantiye iri gürzəsi, Dağ gürzəsi, Qalxansifət gürzə, Şamaxı gürzəsi, Yerevan gürzəsi, Lotuyev gürzəsi, Dimdik gürzəsi, Elbrus gürzəsi, Qafqaz gürzəsi.

İlanlar meşə zolağına az hallarda keçirlər. Əsaən quraq ərazilərdə, səhra və yarımsəhralarda, kserofit bitkilər olan yerlərdə - Kür-Aran zonasında, Naxçıvanda, Zəngilanda, Qubadlıda, Cəbrayılda və s. yayılıb. Ən acınacaqlısı odur ki, bu ilanların ən çox olduğu yerlər işğal altındadır”.
Bolgexeber.com