BolgeXeber.Com » Gündəm » Prokurorluq çay evindəki kütləvi dava ilə bağlı məlumat yaydı

Prokurorluq çay evindəki kütləvi dava ilə bağlı məlumat yaydı

10-02-2015, 18:15
Oxunub: 2 801 Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddələri ilə cinayət işi başlanıb

Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu fevralın 6-da saat 02 radələrində paytaxtın Xətai rayonu ərazisindəki çay evində baş verən kütləvi dava ilə bağlı məlumat yayıb.Baş prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Xətai rayonu ərazisində Şahlar Məzahir oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilib. Həmin fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə şəhər sakini Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov, Anar Qəhrəmanov və şəxsiyyəti istintaqa hələlik məlum olmayan Emin adlı şəxslə birlikdə rayon ərazisində fəaliyyət göstərən “Arabeska” çay evində olublar.

Bu zaman orada olan Şahlar Məmmədov və onunla birlikdə şəxsiyyəti istintaqa hələlik məlum olmayan digər iki nəfər tanışları arasında mübahisə yaranıb. Yaranmış mübahisə zəminində A.Qəhrəmanov Ş.Məmmədovu çay evinin arxasına dəvət edib.

Ş.Məmmədovun üstündə gəzdirdiyi bıçaqla A.Qəhrəmanova xəsarət yetirməsində, E.Musayev və A.İsmayılovun isə xuliqanlıq niyyətilə üstlərində gəzdirdiyi bıçaqla Ş.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməklə qəsdən öldürmələrində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrinə tövsif edilib.

Bakı şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən E.Musayev və A.İsmayılov, həmçinin hadisə vaxtı silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq cinayətini törətməkdə şübhəli bilinən Loğman Rəhimov tutulublar.

Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində iş üzrə cinayətin törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdilir.
Bolgexeber.com