BolgeXeber.Com » Gündəm » “Unibank”ın Mingəçevir filialında süründürməçilik hökm sürür

“Unibank”ın Mingəçevir filialında süründürməçilik hökm sürür

12-02-2015, 13:45
Oxunub: 4 857 Yevlax sakini Yasin Əhmədov bankdan biznes krediti ala bilmir

"Samir Abdullayevə evin orderini göstərəndə mənə dedi ki, apar bu kağızı zibil qutusuna at, bizə lazım deyil"

Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən radikal islahatlar və institusional inkişaf nəticəsində bu sektorda dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib. İslahatların ən ümumi nəticəsi həm maliyyə sabitliyi parametrlərinə, həm risk menecmenti təcrübəsinə, həm də xidmətlər spektrinə görə beynəlxalq standartlara tam uyğun bank sisteminin formalaşmasıdır. Məlum olduğu kimi, son 10 ildə Azərbaycanın bank sistemində çox mühüm dəyişikliklər baş verib. Sözsüz ki, bu sahədə əldə olunan uğurlarla yanaşı, bəzi çatışmazlıqlar da mövcuddur. Qeyd edək ki, bir müddət əvvəl ölkə başçısı özəl bankları daha məsuliyyətli olmağa çağırdı: "Bu gün dövlət büdcəsindən banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar.

Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Özəl banklar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?!" Özəl banklara ayrılan maliyyə resursları öz növbəsində paytaxtda və bölgələrdə sahibkarlığın inkişaf etdirilməsinə yardımçı olur. Lakin bəzi rayonlarda fəaliyyət göstərən bank filiallarında vətəndaşlar əsassız yerə incidilir, onların kredit götürməsinə süni şəkildə maneçilik yaradılır. Ötən gün redaksiyamızla əlaqə saxlayan qəzetimizin daimi oxucusu, Yevlax rayon sakini Əhmədov Yasin Fazil oğlu "Unibank"ın Mingəçevir filialının fəaliyyətindən narazı olduğunu bildirdi. Kiçik bizneslə məşğul olan iş adamı vurğulayır ki, bankın Mingəçevir filialının rəsmiləri ona kredit vermirlər: "Mən kiçik bizneslə məşğul oluram. "Azərsun" Holdinqin Qafqaz Konserv Zavoduna xammal satıram. Bildiyiniz kimi, Azərbaycan məhsullarının 70 faizi bu zavodda hazırlanır. Zavod həm mülki vətəndaşlar, həm də hərbçilər üçün müxtəlif növ məhsullar hazırlayır. "Unibank"ın Mingəçevir filialına müraciət edib biznesimi genişləndirmək məqsədilə 3000 manat məbləğində kredit götürmək istədiyimi bildirdim. Kredit üçün lazım olan bütün sənədləri banka təqdim etdim. Bankdan gəlib evimi çəkdilər, biznesimlə tanış oldular. Bankın işçiləri dedilər ki, heç bir problem yoxdur gəlib bankdan pulu götürə bilərsiniz. Bu ayın 9-da isə bankdan mənə zəng gəldi ki, bəs sizə kredit düşmür. Məlumat üçün deyim ki, mənim ailə tərkibim özüm, anam və oğlumdan ibarətdir. Həyat yoldaşımdan ayrılmışam. Oğlumu 1 yaşımdan özüm saxlayıram. Atam isə qardaşımın evində qeydiyyatdadır. Bankın işçiləri bildirdilər ki, sənin atan 1 il yarım bundan əvvəl bankdan 500 manat kredit götürüb və 2 manat gecikməsi olub. Buna görə mənə kredit vermədilər. Bunu mənə filialın mikro əməliyyatlar üzrə meneceri Samir Abdullayev dedi". Şikayətçi Samir Abdullayevə Yevlax Rayon İcra Hakimiyyətinin 2009-cu ildə verdiyi orderi göstərsə də, bir xeyri olmayıb: "Orderə əsasən evdə mən, anam və oğlum qeydiyyatdadır. Anam üç ay əvvəl rəhmətə gedib. Onun varisliyi notarial qaydada mənə keçib. Bu ev mənim şəxsi mülkümdür. Samir Abdullayevə evin orderini göstərəndə dedi ki, apar bu kağızı zibil qutusuna at, bu bizə lazım deyil. Ona hansı kağızın lazım olduğunu başa düşə bilmədim. Bankda üzləşdiyim süründürməçilik ucbatından biznesimi inkişaf etdirə bilmirəm. Halbuki, cənab prezident sonuncu konfransda qeyri-neft sektorunun inkişafı məqsədilə biznes kreditlərinin ayrıldığını vurğuladı. Filialın əməkdaşları mənə buranın özəl bank olduğunu deyirlər. Özəl banklara maliyyəni dövlət ayırır. Xahiş edirəm şikayətimi qəzetinizdə dərc edin". Şikayətlə bağlı qarşı tərəfin də fikirlərini öyrənmək məqsədilə "Unibank"ın Mingəçevir filialının (02427) 5 88 92 nömrəli əlaqə telefonuna zəng vurduq. Dəstəyi qaldıran bankın işçisi Samir Abdullayevin yerində olmadığını bildirdi. Daha sonra ona filialın müdiri Araz müəllimlə danışmaq istədiyimizi dedik. Araz müəllim isə iclasda olduğundan məsələ ilə bağlı münasibətini öyrənmək mümkün olmadı. Buna baxmayaraq, qarşı tərəf münasibət bildirmək istəsə, böyük məmnuniyyətlə dərc edərik.gundelik-baku