BolgeXeber.Com » Gündəm » Beyləqanın başçısına qarşı şok ittiham

Beyləqanın başçısına qarşı şok ittiham

13-02-2015, 09:55
Oxunub: 5 179 Maklerin 10 min manatını vermir...

Bu gün bir sıra icra başçıları var ki, onlar rəhbərlik etdikləri şəhər və rayonların sakinlərinin problemlərini həll etmək, onlara lazımı yardım göstərmək əvəzinə özlərini dövlət məmuruna yaraşmayan tərzdə aparırlar. Bu cür şəxs hələ də bir həqiqətin fərqinə varmayıblar ki, ölkə başçısı onlara xalqa, sadə vətəndaşlara xidmət etmələri üçün etimad göstərib.

Ölkə başçısı dəfələrlə məhz bu amili qabardıb və yerli məmurlara fəaliyyətlərində ciddi dönüş yaratmaları üçün xəbərdarlıq edib. Məsələn, bu ilin yanvar ayının 27-də keçirilən konfransda prezident yenidən yerli məmurlara, əsasən də icra başçılarına ən sərt formada xəbərdarlıq edib. «Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim» deyən dövlət başçısı bir daha məmurlara xalq üçün işləməli olduqlarını xatırladıb: «Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır».

Əfsuslar olsun ki, ölkə başçısının xəbərdarlıqarına baxmayaraq, hələ də bir sıra yerli məmurlar əhalilə normal rəftar etməməklə yanaşı, əlverişli məqamda yalnız şəxsi mənfəətləri üçün səy göstərirlər. Misal kimi, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevi göstərmək olar. Belə ki, əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndindən olan icra başçısı rəhbərlik etdiyi rayonun sakinlərini narahat edən problemi həll etməkdə maraqlı görünmür. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxs iddia edir ki, 5 övlad atası olan Vaqif Abdullayev Beyləqanın inkişafı üçün deyil, məhz maraqlarının təmin olunması üçün çalışır: «O, indiyədək müxtəif vəzifələrdə işləyib. Məsələn, 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində çalışıb. İkinci çağırış Milli Məclisin deputatı olub. Daha sonra Xızı Rayon İcra Hakmiyyətinin başçısı olub. Hazırda isə Beyləqan rayonuna rəhbərlik edir. Onun icra başçısı kimi fəaliyyəti beyləqanlıların kəskin narazılığına səbəb olur. Çünki ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramları çərçivəsində Beyləqanın sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olunmasından ötrü dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatdankənar xərclərə sərf olunur. Vaqif Abdullayev icra başçısı təyin olunduqdan sonra Beyləqan ölkənin ən geridə qalmış rayonlarından birinə çevrilib. 2012-ci ildən indiyə qədər tikinti-abadlıq işləri aparılmayıb. Su təchizatı və kanalizasiya sistemi bərbad haldadır. Bu sahənin yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitlərdən düzgün istifadə olunmur. O, əhalilə görüşlər keçirmək, camaatın dərd-sərilə maraqlanmaq əvəzinə vaxtının böyük hissəsini paytaxtda keçirir. Beyləqanın kəndlərində isə vəziyyət tamam bərbad haldadır. Bütün bunlara görə, birbaşa icra başçısı məsuliyyət daşıyır».

Dövlət büdcəsindən rayona ayrılan subsidiyaların lazımı ünvana çatmadığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı özünə nəhəng biznes şəbəkəsi qurmağa müvəffəq olub: «Vaqif Abdullayevin kifayət qədər imkanı var və o, bütün bunları büdcə vəsaitləri hesabına əldə edib. Onun indiyədək 4 əzəmətli, bahalı villası var idisə artıq yenisini də əldə edib. Vaqif Abdullayevin 5 övladı olduğu üçün o, onların hər birinə lazımı şərait qurub, hətta hərəsinə bir villa da alıb. Lakin övladlarından biri villasız qaldığı üçün bu, icra başçısını hərəkətə keçirib. Və o, artıq 5-ci övladına da villa alıb». Mənbənin bildirdiyinə görə, Vaqif Abdullayev sonuncu villasını bu yaxınlarda paytaxtın ən məşhur küçələrindən biri olan Teymur Əliyevdə alıb: «Bildiyiniz kimi, bu ərazi əsasən imkanlı şəxslərin, daha doğrusu milyonçuların məskənidir. Vaqif Abdullayev də sonuncu villasını məhz burdan əldə edib. Ona bu işdə əslən İsmayıllı rayonundan olan makler yardımçı olub. Tərəflər arasında əldə olunmuş razılaşmaya görə, makler Teymur Əliyev küçəsində icra başçısı üçün dəyəri 1,4 milyon manata villa tapdığı üçün Vaqif Abdullayev ona 10 min manat ödəməli idi. Lakin məsələ həll olunduqdan sonra icra başçısı verdiyi sözə əməl etməyib. Yəni o, maklerə 10 min manat verməkdən imtina edib. Bununla da Vaqif Abdullayev ona yardımçı olmuş şəxsə kələk gəlib».

Məlumatlı şəxs iddia edir ki, həmin makler icra başçısından ona söz verilən məbləği almaqda israrlıdır: «İsmayıllıdan olan makler nəyin bahasına olursa-olsun 10 min manatı Vaqif Abdullayevdən almağı planlaşdırır. Görünən odur ki, bu xəmir hələ çox su aparacaq. Yəni icra başçısı ilə makler arasındakı villa qalmaqalı böyüyə, əhatə dairəsini genişləndirə və sonda lazımı qurumlar bundan xəbərdar ola bilərlər. Heç şübhəsiz ki, bu baş verərsə, o zaman Beyləqanın icra başçısının başı ağraya, hətta vəzifəsindən ola bilər».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.