BolgeXeber.Com » Gündəm » Bu icra başçıları artıq kreslosuna sığışmır...

Bu icra başçıları artıq kreslosuna sığışmır...

14-02-2015, 10:15
Oxunub: 2 889 Sumqayıtda Eldar Əzizovun tikinti biznesinə ortaqlıq etməsi xəbərləri yeni deyil

Bakının Nizami rayonunda Tahir Budaqovun əxlaqsızlıq yuvalarına qarşı "dözümlülüyü", Sumqayıtda Eldar Əzizovun, Xızıda isə Xəzər Aslanovun şəxsi biznes qayğıları narazılıqla qarşılanır

Heç bir dövlət məmuru tutduğu vəzifəni açıqdan-açığa taleyin verdiyi varlanma şansı kimi dəyərləndirməz. Lakin hansısa bir etiraf məqamında belə bir şansın olmadığını israr edəcək iradəyə sahib vəzifə adamı tapmaq da çətin məsələdi. Bəlkə elə buna görədi ki, bizim əksər məmurların vəzifədən çıxarılması onların bir şəxsiyyət olaraq mənəvi süqutu kimi başa düşülür. Görünür, cəmiyyət arasında uzun illər ərzində formalaşmış belə qənaət hansısa inkaredilməz məntiqə söykənir. Hər halda ambisiyalı məmuru tutduğu vəzifəyə bağlayan, onu korrupsiya və rüşvətxorluğa sürükləyən, dövlətin etibar etdiyi səlahiyyət və möhürlə şəxsi biznes qurmuş var-dövlət hərisinə çevirən amillər aradan qaldırılmayınca, belə söz-söhbətlər davam edəcək.

Əlbəttə, söz-söhbətlərin vəzifəli şəxs üçün indiki zamanda onun karyerasına zərbə vura biləcək ictimai rəy qədər vacib əhəmiyyət kəsb etdiyini birmənalı şəkildə söyləmək çətindir. Bu gün dövlət idarəçiliyində bulunan geniş məmur spektrində ölkənin sabahını düşünən gənc, perspektivli örnəklərimiz az da olsa var. Lakin, bu azlıq oturuşmuş bürokratik idarəetmə fonunda xeyli dərəcədə məzlum durumda görünür. Bu mənada düşünürük ki, xüsusən yerli icra strukturlarında ciddi kadr islahatlarının gerçəkləşməsi vətəndaş cəmiyyəti quruculuğuna təkan verə bilər. Əlbəttə, idarəçilikdə kadr islahatlarının pillə-pillə düzənləndiyini də görməmək insafsızlıq olardı. Dövrünü bitirmiş harın məmur şəbəkəsi hər vasitə ilə buna mane olmağa çalışır, hətta vəzifədən uzaqlaşdırılacağı təqdirdə təmsil olunduğu hakimiyyətə qarşı mübarizədə konsolidasiyaya gedə biləcək gücdə olduğunu nümayiş etdirməkdən belə çəkinməyəcək. Belə konsolidasiyaların ortaya müəyyən təhlükələr qoya biləcəyi ehtimalı bu məsələdə ciddi təhllillərə ehtiyac olduğunu şərtləndirir.

Bu gün bir çox bölgələrdə müşahidə etdiyimiz acı mənzərə deyilənlərin də əksər hallarda tam və ya qismən də olsa təsdiqini ortaya qoyur. Yerli icra strukturları rəhbərlərinin fəaliyyətindən ciddi narazılıqlar var. Bu narazılıqlar əsasən əhalinin ən kasıb təbəqələrini əhatə etsə də, artıq orta və kiçik sahibkarlıq subyektləri də təhdidlərlə üzləşmiş durumdadır. Bir çox icra başçıları ölkə rəhbərinin tənqid və xəbərdarlıqlarından uyğun nəticə çıxarmaq əvəzinə yerlərdə sahibkarları incitməklə, əhalinin hakimiyyətə inamını sarsıda biləcək addımlar atmaqla məşğuldur. Bununla bağlı saysız-hesabsız konkrat misallar da çəkmək mümkündür. Bakının Nizami rayonunda icra başçısı Tahir Budaqovun əxlaqsızlıq yuvalarına qarşı sərgilədiyi anlaşılmaz dözümlülüyün kökündə nəyin durduğunu ehtimal etmək çətin deyil. Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev isə paytaxtda şəxsi biznesini genişləndirməklə məşğuldur. Diqqət edin, dövlətin verdiyi səlahiyyətlər çərçivəsində Mahmud Quliyev sadə cəbrayıllıların problemlərinin həllinə çalışmağa, ölkə prezidentinin etibarını doğrultmağa borclu idi. Lakin işini-gücünü atıb şikayətçilərə məhkəmə davası açan bir icra başçısından daha nələri gözləmək olar? Ola bilsin, Mahmud müəllim şikayətçiləri hər vasitə ilə susdurmaqla yuxarı instansiyalar qarşısında öz günahsızlığını sərgiləməyi effektiv vasitə hesab edib. Lakin bu absurd gözlənti icra başçısına problem yarada bilər. Xızıda isə yerli sakinlər icra başçısı Xəzər Aslanovun törətdiyi özbaşınalıqların sanki girovuna çevrilib. İş o yerə çatıb ki, icra başçısı rayon fermerlərinə ayrılan subsidiyalara da göz dikib. Gözlənilir ki, Xəzər Aslanov bu sayaq korrupsiya hallarına rəvac verdiyinə görə qanun qarşısında cavab verməli olacaq. Sumqayıtda icra hakimiyyətinin başçısı Eldar Əzizovun tikinti biznesinə ortaqlıq etməsi xəbərləri də yeni deyil. Başçının Şah Abbassayağı tərki-libaslıq yolu ilə yeni şəhərdə hərraca qoymaq məqsədilə yeni ərazilər gözaltı etməsi ilk növbədə onun özünə problem yarada bilər. Şəhərdə adətən kortejlə hərəkət etməyi xoşlayan başçının gözlənilməz piyada gəzintiləri sumqayıtlıların diqqətini cəlb edib. İddia edilir ki, Eldar Əzizov şəhərin park və xiyabanlardakı boş torpaq sahələrində addım-addım apardığı ölçmə "monitorinq"inin xoşagəlməz nəticələri olacaq. Sonradan ölçmələrin yerində dükan-mağaza peyda olduqda məsələnin mahiyyəti üzə çıxır. Başqa sözlə desək, yerli sakinlərin fikrincə, Sumqayıt şəhərində torpaq sahələrinin satışı Eldar müəllim tərəfindən birbaşa "al-ver" prinsipi əsasında həyata keçirilir.

Əlbəttə, bu cür məlumatların sırasını artırmaq olar. Lakin buna ehtiyac görmürük. Çünki, hesab edirik ki, müvafiq dövlət qurumları bu məsələlərlə bağlı kifayət qədər məlumatlıdır. Təbii ki, sadaladığımız icra başçıları qanunsuz əməllərinə görə ölkə rəhbərliyi qarşısında cavab verməli olacaqlar.
gundelik-baku.com