BolgeXeber.Com » Gündəm » Baş redaktorla bağlı növbəti müraciət

Baş redaktorla bağlı növbəti müraciət

5-03-2012, 05:35
Oxunub: 4 011 «Vasif Turanın uşaqlarının tələf olduğu yanğın hadisəsi yenidən araşdırılmalı və cinayətkarlar tapılıb cəzalandırılmalıdır»

Xəbər verdiyimiz kimi, ötən ilin oktyabrın 7-də Qobu qəsəbəsindəki evində baş verən yanğın nəticəsində Bolgexeber.com saytının rəhbəri Vasif Turanın iki övladı dünyasını dəyişib. Həmin hadisənin üzərindən xeyli vaxt keçməsinə rəğmən, nə istintaq orqanları, nə də müvafiq qurumlar tutarlı bir səbəb ortaya qoya bilmirlər. Məhkəmə Ekspertiza Mərkəzinin rəyi isə «qısaqapanma» olaraq göstərilir.

Bolgexeber.com xəbər verir ki, dünən Vasif Turanın nümayəndəsi Rasim Əlizadə baş vermiş olayla bağlı başda dövlət başçısı İlham Əliyev olmaqla, ölkənin bütün rəsmi şəxslərinə müraciət ünvanlayıb. Həmin müraciətdə bildirilir ki, baş vermiş hadisə ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəy reallığı əks etdirmir. «Ekspertiza rəy verir ki, hadisə qısaqapanma nəticəsində baş verib. Haqlı olaraq sual yaranır ki, ekspertiza qısa qapanmanı müəyyənləşdirmək üçün nə səbəbdən hadisədən təqribən 4 ay sonra rəy verir?»

Əlizadə daha sonra bildirir ki, baş vermiş yanğından qalan izlərə diqqət yetirildiyi təqdirdə, olayın heç də qısaqapanmadan baş vermədiyi aydın görünür. «Yanğının baş verməsində qısaqapanmadan evin 25 dəqiqdə tamamən yanıb kül olması necə baş verə bilər? Qısaqapanmadan yanğın baş vermiş olsaydı, ən azından bir mərtəbəli evdən çölə çıxmaqla yanğından uzaqlaşmaq 11 və 9 yaşlı uşaqlar üçün heç də çətin olmazdı».

Müraciətdə daha sonra başqa bir məsələyə də toxunulur. Qeyd olunur ki, Vasif Turan və ailə üzvləri hadisədən əvvəl Qobu qəsəbəsində fəaliyyət göstərən kərpic zavodunun rəhbəri Rəsul adlı şəxs və onun adamları tərəfindən dəfələrlə izlənib, təhdid olunub və zorakılığa məruz qalıblar. «Yanğından əvvəl Rəsulun 3 adamı hətta Vasif Turanın qaynı Elburus Ağayevi döymüşdülər. Bundan başqa, o, Vasif Turanın qaynanası Gülxanım Umudovanın evinə gələrək, həmin torpaqların rəhbəri olduğu zavoda məxsus olduğunu bildirərək, ərazini qəsb etməyə çalışıb. Onları hədələdikdən sonra isə gedib».

Müraciətdə sonda deyilir ki, o, baş vermiş hadisənin Respublika Baş Prokurorluğunda və DİN-də araşdırılmasını tələb edir. Eyni zamanda, Rasim Əlizadə bildirir ki, o və hüquqlarını müdafiə etdiyi Vasif Turan hadisənin yenidən araşdırılmasını və yeni ekspertizanın təyin olunmasını da tələb edirlər. «Bundan əlavə bizə cinayət işi ilə tanış olmağımıza şərait yaradılmalı, Vasif Turan və ailə üzvlərinin təhlükəsizliyi tam təmin olunmalıdır».