BolgeXeber.Com » Gündəm » 8 Mart yağması başladı

8 Mart yağması başladı

6-03-2012, 12:00
Oxunub: 5 369 Orta məktəblərdə şagirdlərdən 50 manat tələb edirlər, pul verməyənləri isə yazı lövhəsinin qarşısına çıxarıb «utandırırlar»

8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Təhsil Nazirliyinin nəzdindəki orta məktəblər «gücləndirilmiş iş rejiminə» keçib. Həmin «rejim» isə ondan ibarətdir ki, martın 7-nə kimi hər bir şagird valideyinindən 50 manat alaraq, məktəbin müəllimlərinə gətirməlidir.

Bu barədə Bolgexeber.com-a açıqlama verən valideynlərdən bir neçəsi bildirib ki, martın 2-dən etibarən artıq məştəblərdə pul yığımına başlanılıb. Onlar bildirirlər ki, hal hazırda ən acınacaqlı vəziyyət 173, 289 və 150 saylı orta məktəblərdə yaşanır. Hərçənd onların açıqladığı bu adlar nisbət mənasındadır. Çünki xəbərsiz olduğumuz xeyli sayda orta məktəblər var ki, onlarda da durum heç də ürəkaçan deyil.

Valideynlər bildirirlər ki, uşaqlardan tələb olunan pulun 8 martla əlaqədar yığılır və bu pullarla müəllimələrə hədiyyələr alınacaq. Hər ilə tələb olunan bu məbləğlərin bu il isə iki dəfədən də çox artması valideynləri daha da əsəbiləşdirib. Onlar deyirlər ki, gündəlik güzaranlarını güclə qururlar və bu səbəbdən də uşaqlarına tələb olunan pulu verməkdə çətinlik çəkirlər. «İnsanların həyat səviyyəsi nə gündədir hamı bilir. Zülümlə, 5-10 manat qazanıb uşaqlarımızı saxlamağa çalışırıq. Məktəb direktorlarının göstərişi isə vəziyyətə baxmır. Onlar tələb edirlər ki, 50 manat gətirməlisən, vəssəlam. İndi bunlara sual vermək lazımdır ki, valideyn yazıq bu qədər pulu haradan tapsın?»

Valideynlər onu da deyirlər ki, pul gətirməyən uşaqları bəzi məktəblərdə direktorlar və müəllimlər yazı lövhəsinin qarşısına çıxararaq, bütün uşaqların qarşısında təhqir edirlər. Daha doğrusu, onları utandırırlar ki, hansısa şagirdin pulu yoxdur. «Hətta deyirlər ki, ay uşaqları, adama 1 manatdan yığın, bunun pulu yoxdur. Belə duruma düşən uşağın psixologiyası şübhəsiz pozulur. Hadisə ona pis təsir göstərir. Bunun da fəsadları gələcəkdə özünü göstərməyə başlayacaq».