BolgeXeber.Com » Gündəm » Sabirabadlılardan etiraz

Sabirabadlılardan etiraz

26-10-2010, 12:30
Oxunub: 6 344
«Əgər Ceyhun Osmanlı rayondan deputat seçilərsə, gərək hamımız başımıza yaylıq bağlayaq»

63 saylı Sabirabad birinci seçki dairəsində vəziyyət kifayət qədər gərginləşib. Bu dairədən namizədliyini irəli sürmüş iki əsas rəqib arasında gedən mübarizə isə rayon əhlinin diqqət mərkəzindədir. Çünki Sabirabad seçiciləri noyabrın 7-də keçiriləcək seçkilərdə öz namizədinə səs vermək fikrindədirlər və bu da şübhəsiz Ceyhun Osmanlı deyil.

Ötən günlərdə İTV-nin efirində edilən çıxışı zamanı ağır vəziyyətə düşən və bir sıra yalanlarının üstü açılan Ceyhun Osmanlının dairədə reyitinqi ən zəif namizəddən də aşığ olduğu deyilir. Bu barədə bildirilir ki, Osmanlının Amerika universitetində oxumadığının üstü açılmasından sonra Sabirabadda da ən məşhur seyidlərdən biri olan Mir Həmid ağanın adından sui istifadə etməsi işləri daha da korlayıb. Belə ki, sabirabadlılar seyidin adının siyasətə qarışdırılmasına qədər əl atan birindən faydalı bir şey gözləmirlər. Həmçinin Ceyhun Osmanlının Sabirabada yad biri olması da onun əleyhinə işləyən faktorlardan biridir.
Elə buna görədir ki, hal hazırda rayonda əhali arasında geniş söz-söhbət gedir. Ceyhun Osmanlını tanımadıqlarını deyən sabirabadlılar bildirirlər ki, onun bu rayondan seçilməsi, hətta səs yığması belə mümkün deyil. Onların sözlərinə görə, sözügedən şəxsin apardığı təbliğat kampaniyası da kifayət qədər bəsit və yalan üzərində qurulduğundan kimsənin ona səs verəcəyini düşünmürlər. Qeyd olunur ki, Osmanlı hətta bu dairədən səs belə aparmayacaq.

Ancaq problem bununla da bitmir. Seldən əziyyət çəkən bir rayon olaraq Sabirabadda durumun nə qədər ağır olduğu hər kəsə bəlli olan məsələdir. İndiyə qədər bir neçə dəfə rayonda və Bakıda aksiya keçirən sabirabadlılar bu seçkilərdən sonra da müəyyən addımlar ata bilərlər. Hətta hakimiyyət dairələri də vəziyyəti nəzərə alaraq, Aran bölgəsində proseslərin sakit məcrada getməsi üçün bütün vasitələrdən yararlınırlar. Lakin bütün bunlara rəğmən 63 saylı dairənin seçiciləri öz qarşılarına maraqlı bir məqsəd qoyublar.

Rayondan aldığımız məlumatlara görə, Sabirabad əhli söz verib ki, Ceyhun Osmanlı bu dairədən səs aparmamalıdır. Bu azmış kimi, onun deputat seçilməsinə də imkan vermək niyyətində deyillər. Hətta gəzən söhbətlərə görə, rayon əhli belə bir fikir də işlədib ki, əgər Ceyhun Osmanlı buradan deputat seçilərsə, o zaman sabirabadlılar başlarına yaylıq bağlamalıdır.

Etiraf edək ki, bu çox ağır sözdür və onun arxasında dayanmaq kifayət qədər çətin məsələdir. Amma istənilən halda xalqın deyiminə hörmətlə yanaşmaq hamının borcudur və bu səbəbdən də Sabirabad seçicilərinin dillərinə gətirdiyi ifadələr tərəfimizdən böyük sayğı və hörmətlə qarşılanır. Eyni zamanda, bunun ciddi bir məsuliyyət və yekunu xoşagəlməyən hadisələrlə zəngin proseslərə çevrilə biləcəyi əndişəsi yaratdığını düşünürük. /TIA.AZ/