BolgeXeber.Com » Gündəm » İki məmur həbs olundu

İki məmur həbs olundu

17-05-2012, 10:25
Oxunub: 5 339 Bakıda Dövlət Arxivinin direktoru və Xaçmazda bələdiyyəsinin sədri həbs edildi

Dövlət Arxivinin Bakı filialının direktoru həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Bakı şəhər sakininin Dövlət Arxivinin Bakı filialının direktoru Şükürov Şahsuvar Ağahüseyn oğlunun paytaxtın Xəzər rayonu ərazisində yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması haqqında sərəncamın təsdiq olunmuş surətinin verilməsinə görə ondan 1.000 manat pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Şükürov 2012-ci il mayın 15-də arxivin Bakı şəhəri, Z.Bünyadov küçəsi 3 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında 800 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.

Ş.Şükürovun xidməti otağına keçirilmiş baxış zamanı vətəndaşın təqdim etdiyi sorğu və bununla bağlı hazırlanmış sənədlər aşkar edilərək götürülüb.

Fakta görə Ş.Şükürov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Ş.Şükürov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər məmur isə Xaçmazda bələdiyyə sədridir

O, torpaq sahəsinin rəsmiləşdirilməsinə görə 1700 dollar rüşvət alıb

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com- verilən məlumata görə, Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanıb. Belə ki, Rəhman İsrafilov Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 hektar torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 hektar torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib.

Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 2012-ci il mayın 14-də tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

R.İsrafilov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.