BolgeXeber.Com » Gündəm » Tibb Universitetinin qocaman professoru əxlaqsız vəziyyətdə yaxalandı!

Tibb Universitetinin qocaman professoru əxlaqsız vəziyyətdə yaxalandı!

2-06-2012, 16:40
Oxunub: 5 486 Tibb Universitetində qalmaqal

Azərbaycan Tibb Universitetinin tanınmış professorlarından biri, işlədiyi tədris korpusunda (həm də klinika) rəhbərlik etdiyi kafedrada bir qadınla əxlaqsız vəziyyətdə yaxalanıb. Daha dəqiqi, 80-ə yaxın yaşı olan professor iş otağında gənc bir xanımla müalicədən sonra intim əlaqəyə girməyə çalışıb və bütün bunlar hələlik adını və sosial mənşəyini dəqiqləşdirə bilmədiyimiz xanım tərəfindən görüntülənib. Bu ilin fevral ayında, sərt qar yağışı günlərinə təsadüf edən həmin hadisəni əks etdirən video-faktın surəti Müstəqil İnformasiya Agentliyinə daxil olub.

Həmin video-görüntülərlə bağlı mia.az-a açıqlama verən professorun özü də faktı etiraf edib. «Tədris ocağında böyük səhv etmişəm. Bu məsələdə təkcə mənim deyil, həm də universitetin adı var»,- deyə, hazırladığımız yazının dərc edilməməsini istəyib.

Bu yerdə onu qeyd edək ki, rektor Əhliman Əmiraslanova ünvanladığımız sorğunun cavabını ala bilmədiyimiz üçün hələlik professor və onun rəhbərlik etdiyi kafedranın yerləşdiyi dövlət obyektinin, yəni ATU-nun klinika direktorunun da açıqlamasını nöqtə-vergülünə toxunmadan geniş araşdırmamıza saxlayırıq.

Xüsusi qeyd edək ki, olayla bağlı mia.az-a həmin professorun rəhbərlik etdiyi kafedranın yerləşdiyi klinikanın direktoru da danışıb. Amma o, öz açıqlamaları ilə bərabər, universitet rəhbərliyinin suallarımıza daha ətraflı cavab verəcəyini deyərək, bizdən mütləq rəhbərliyə müraciət etməyimizi israr edib. «Sizdən çox xahiş edirəm, rəhbərliklə danışmadan, nə mənim sözlərimi, nə də hadisə barəsində yazını dərc edin. Rəhbərliyə yazılı suallarınızı verin, sizə ətraflı cavab veriləcək», - deyə, direktor bildirib.

Etiraf edək ki, həm əxlaqsız görüntülərin obyektivə alınması, həm bundan sonra yaşanan qalmaqal, həm bu hadisədən xəbərdar olduqdan sonra rektorla həmin professorun arasında danışıqların böyük maraq daşıması, eyni zamanda, professorun və klinika direktorunun açıqlamaları istiqamətində araşdırmamız rektor Əhliman Əmiraslanovun da mövqeyini öyrənmək zərurəti yaradıb. Ən azı ona görə ki, əxlaqsız görüntünün necə çəkilməsi, kimlərin burada nə dərəcə maraqlı olması, həmin professorun bu görüntülərə görə kimlər tərəfindən təqib olunması və sair hadisələrlə bağlı kafedra müdiri rektorun qəbulunda olub. Onlar arasında olan söhbətlər və bundan sonra həmin professorla bağlı hansı addımların atılması da böyük maraq kəsb edir. Elə buna görə də, rektor Əhliman Əmiraslanova rəsmi sorğu ünvanladıq. Amma çox təəssüf ki, düz bir aydan artıqdır Ə.Əmiraslanova rəsmi sorğu göndərsək də, cavab ala bilməmişik. Belə ki, aprelin 17-də yazılan məktubumuz aprelin 26-da universitetə yetişsə də, rəhbərlik susur. Biz isə araşdırmamızın daha da dolğun alınması üçün səbrlə gözləməkdəyik. Ümid edirik ki, universitet rəhbərliyi qanunlara hörmətlə yanaşıb, tezliklə sorğumuzu cavablandıracaq. O zaman minlərlə tələbənin təhsil aldığı, yüzlərlə müəllimin çalışdığı, bəlkə də hər gün yüzlərlə xəstənin üz tutduğu bir tədris korpusunda yaşananlarla oxucularımızı tanış edəcəyik. Hesab edirik ki, bu, təkcə jurnalist marağı deyil, həm də bir vətəndaşlıq borcumuzdur!

P.S. Yeri gəlmişkən, onu da xüsusi qeyd etmək gərəkdir ki, bir həftəyə yaxındır ki, kafedra müdiri kabinetini təmir etdirir. Yəqin o, bununla izi itirəcəyini düşünür. Görəsən, sifətini, çılpaq bədənini, əvvəl xəstəsi, sonra isə sevgilisi roluna girən xanımın izini, danışıqlarını necə «itirməyi» düşünürlər?.

P.S.S. Diqqətli oxucuların nəzərinə: Həmin professorun və hadisənin baş verdiyi tədris korpusunun, həmçinin, klinikanın direktorunun adını yazmamağımızın qisaca səbəbi həmin professorun yaşı, elmi uğurları və ailəsidir. Doğrudur, bəziləri «bu şəxsi həyatdır», - deyə, bizə irad da tuta bilərlər. Amma unudulmasın ki, hadisə evdə və ya hansısa istirahət məkanında deyil, universitetdə, iş otağında baş verib. Özü də ictimai maraq yükü olan tanınmış bir professorun simasında. Hansı ki, o professor elə bir statusdadır ki, həm bu, həm də hadisənin baş verdiyi məkan prosesin ictimai yöndə qiymətləndirilməsini zəruri edir. Buna görə məsuliyyəti biz deyil, törədənlər, yaşayanlar daşıyır. Ümid edirik ki, bundan sonra rəhbərlik universitetdə belə halın bir də təkrarlanmaması üçün çox ciddi addımlar atacaqlar!