BolgeXeber.Com » Gündəm » Baş Prokurorluq daha bir cinayətin qarşısnı aldı

Baş Prokurorluq daha bir cinayətin qarşısnı aldı

23-06-2012, 11:45
Oxunub: 4 088 Saxta sənədlər hazırlayan şəxslərin qanunsuz hərəkətlərinin qarşısı alınmışdır

İmişli rayon sakini Mirzəyev Mirzə Məhəmmədəli oğlu və qeyrilərinin saxta sənədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərdən külli miqdarda pul almaları, eyni zamanda saxta diplomların aşkar edilməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmışdır. Bu barədə Bolgexeber.com-a qurumun mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, M.Mirzəyev 2000-ci ildən hazırkı vaxtadək Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrinin diplomlarını, tələbə biletlərini və qiymət kitabçalarını hazırlayaraq qanunsuz tələbə qəbulu və köçürmələrini təşkil etmiş və bunun müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul almışdır.

Belə ki, M.Mirzəyev iki nəfər Şəki rayon sakinini ali məktəbə qəbul etmək müqabilində Rəhim adlı şəxsdən 26.0 min manat, İmişli rayon sakini Bəhruz adlı şəxsdən isə ali təhsil müəssisəsini bitirməsi barədə diplom üçün 4.0 min manat pul almışdır.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi, eyni zamanda vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.