BolgeXeber.Com » Gündəm » Dərbənddə ilk azərbaycanlı generalın qəbiri dağılır

Dərbənddə ilk azərbaycanlı generalın qəbiri dağılır

2-07-2012, 16:45
Oxunub: 4 585 “Dərbəndin “Qırxlar” qəbiristanlığında dəfn edilmiş azərbaycanlı general Balakişi Ərəblinskinin qəbri və baş daşı uçmaq təhlükəsindədir”.

Bunu lent.az-ın müxbiri ilə söhbətində Dərbənd şəhər sakini Zakir Qasımov bildirib. Onun dediyinə görə, Dərbəndin qədim “Qırxlar” qəbiristanlığında dəfn edilmiş Ərəblinskinin baş daşı artıq əyilib, qəbiri isə dağılıb. Bununla bağlı Dərbənd şəhərinin meri İmam Yarəliyevə, Dərbənd rayon Administrasiyasının başçısı Qurban Qurbanova, yerli iş adamı Seyran Rəhimova dəfələrlə müraciət olunub. “Ancaq heç bir kömək göstərilməyib. İndi əlac ona qalıb ki, bir neçə dərbəndli yığışaq baş daşının, qəbir yerinin dağılmasının qarşısını alaq” - deyə, Qasımov bildirib.
Xatırladaq ki, Balakişi bəy Əli bəy oğlu Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olub. 1948-ci ildə Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu bitirib. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski gənc yaşlarında podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilib. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak edib. General-leytenant B.Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan azərbaycanlı olub. 1896-cı ildə istefaya çıxan Ərəblinski Dərbəndə qayıdıb və ömrünün axırına kimi orada yaşayıb. O, 1902-ci ilin yanvarında Dərbənddə vəfat edib və qədim “Qırxlar” qəbiristanlığında dəfn olunub. Dərbənd yaxınlığındakı kənd və stansiya indi də onun adını daşıyır.