BolgeXeber.Com » Gündəm » Dünyanı gitarasıyla heyrətləndirən azərbaycanlı – VİDEO

Dünyanı gitarasıyla heyrətləndirən azərbaycanlı – VİDEO

21-07-2012, 10:30
Oxunub: 4 960 Nijni Novqorod şəhərində yaşayan klassik gitara ifaçısı, soydaşımız Rövşən Məmmədquliyev nüfuzlu GFA-2012 müsabiqəsində (Amerika Gitara Fondunun beynəlxalq müsabiqəsində) qalib gəlib.
Rusiya nümayəndələri indiyə qədər üç dəfə GFA müsabiqəsinin qalibi olublar. 1991-ci ildə Aleksey Zimakov, 2002-ci ildə Dmitri İllarionov, 2011-ci ildə isə Vladimir Qorbaç bu müsabiqənin birinci mükafatçısı olub.
Rövşən Şahbaz oğlu Məmmədquliyev 1986-cı ildə Bakı şəhərində anadan olub. Klassik gitarada çalmağı Nijni Novqorod şəhərindəki 7 nömrəli uşaq incəsənət məktəbində öyrənib. 2003-cü ildə o, M.A.Balakirev adına Nijni Novqorod musiqi kollecinə daxil olub. 2004-cü ildə həmin kolleci fərqlənmə ilə bitirərək M.İ.Qlinka adına Nijni Novqorod Dövlət Konservatoriyasına (Akademiyasına) daxil olub, 2009-cu ildə bu təhsil müəssisəsini fərqlənmə ilə bitirib. Bütün bu illər ərzində o, M.İ.Qlinka adına Nijni Novqorod Dövlət Konservatoriyasının dosenti, sənətşünaslıq namizədi A.A.Petropavlovskinin sinfində oxuyub.
R.Məmmədquliyevin yaradıcılıq uğurları Rusiya, Fransa, Ukrayna, İtaliya, Portuqaliya, Polşa və digər ölkələrdə keçirilmiş müxtəlif müsabiqə və festivalların diplomları ilə qeyd edilib. O, “Dionisi ilə keçən yay” (Voloqda şəhəri, 2001-ci il) və “Nijeqorodskaya vesna” (2002-ci il) yaradıcılıq məktəblərinin iştirakçısı olub. Rövşən Rusiyanın və xarici ölkələrin aparıcı musiqiçiləri L.Brauer (Kuba), F.Zanon (Braziliya), R.Dyens (Fransa), T.Perinq (Almaniya), M.Tamayo (Kuba), D.Pavloviç (Macarıstan), A.Vinitski (Rusiya) ilə yaradıcılıq görüşlərində və onların ustad dərslərində iştirak edib.
R.Məmmədquliyevin yaradıcılıq uğurları Rusiya Prezidenti Vladimir Putinin mükafatı, Nijni Novqorodun meri Y.Lebedevin, Nijni Novqorod vilayətinin qubernatoru Q.Xodırevin, “Yeni adlar” beynəlxalq xeyriyyə proqramının təqaüdləri ilə qeyd edilib. Rövşən həm də B.Spivakov Beynəlxalq Xeyriyyə Fondunun proqramlarının iştirakçısıdır.
Hazırda Rövşən Məmmədquliyev Nijni Novqorod Konservatoriyasının aspirantı və müəllimidir. O, Rusiyanın və xarici ölkələrin müxtəlif konsert meydançalarında tez-tez və uğurla çıxış edir.
2011-ci ildə Rövşən Məmmədquliyev “Con Anima” solo proqramından ibarət kompakt disk yazdırıb.
[youtube]http://www.youtube.com/watch?feature=player_embedded&v=Ox1b9YtzkoM#![/youtube]