BolgeXeber.Com » Gündəm » Əsir düşən əsgərimizlə bağlı maraqlı faktlar

Əsir düşən əsgərimizlə bağlı maraqlı faktlar

26-07-2012, 23:15
Oxunub: 3 953 Firuz Fərəcov dünən valideynləri ilə telefonla danışıb, o həftə sonu ailəsi ilə görüşəcəkmiş
Ermənilərə əsir düşən Azərbaycan əsgəri ilə bağlı maraqlı faktlar məlum olub. APA-nın əməkdaşı əsir əsgərin yaşadığı ünvanı taparaq onun yaxınları ilə görüşüb. Bu gün cəbhənin Tovuz rayonu istiqamətində ermənilərə əsir düşən, 1992-ci il təvəllüdlü Firuz Fərəcov bu ilin aprelində Bakının Xətai rayonundan hərbi xidmətə çağırılıb. Yaxınları ilə tez-tez əlaqə saxlayan F. Fərəcov sonuncu dəfə ötən gün ailəsi ilə telefonla danışıb. Telefon söhbətində o, hər şeyin qaydasında olduğunu və xidmət etdiyi hərbi hissədə heç bir problemin olmadığını bildirib. Ailə üzvləri onunla danışarkən həftə sonu, yəni bazar günü yanına gedəcəklərini bildiriblər. Bu gün isə əsgərin xidmət etdiyi hərbi hissədən onun ailəsinə zəng edərək övladlarının hərbi hissəsi tərk etməsi barədə məlumat veriblər. Daha sonra isə məlum olub ki, F. Fərəcov ermənilərə əsir düşüb.
APA-nın əldə etdiyi daha bir məlumata görə, F. Fərəcov Bakının Xətai rayonunda qardaşı və anası ilə birgə yaşayır. Atası Mirzə Fərəcov isə bir müddət əvvəl ailəsindən ayrılıb. Buna baxmayaraq M. Fərəcov övladları ilə tez-tez əlaqə saxlayırmış. Sonuncu dəfə isə atası iki gün əvvəl F. Fərəcovla telefonla danışıb. M. Fərəcov hazırda Daxili Qoşunlarda çalışır və mayor hərbi rütbəsi daşıyır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
APA