BolgeXeber.Com » Gündəm » MASALLIDAKI AKSİYADAN İRANIN BARMAĞI ÇIXDI

MASALLIDAKI AKSİYADAN İRANIN BARMAĞI ÇIXDI

20-12-2010, 15:30
Oxunub: 6 081 ETİRAZLARIN İRAN TƏRƏFİNDƏN İDARƏ EDİLDİYİ TƏSDİQİNİ TAPIB

Xəbər verildiyi kimi, bu həftənin sonlarına yaxın Masallıda hicabla bağlı Təhsil Nazirliyinin verdiyi qərara etiraz əlaməti olaraq aksiya keçirilib. Həmin aksiyada iştirak edənlərin sayının 150 nəfər olduğu və polis tərəfindən dağıdıldığı bildirilirdi. Lakin apardığımız araşdırma və əldə etdiyimiz məlumatlar əsnasında məlum olub ki, vəziyyət heç də deyilənlər kimi olmayıb.

Aldığımız məlumata görə, Masallıda hicabla bağlı aksiya polislə razılaşdırılmış şəkildə keçirilib. Məlumatı verən mənbə bildirib ki, aksiyanın gedişatı zamanı aksiyanı təşkil edənlərdən ikisi təxribatlara əl atıblar. Davamlı olaraq polisə hücum edərək, onlarla əlbəyaxa olmağa çalışıldığı görüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları işin içində təxribatın olduğundan şübhələniblər. Bundan sonra isə aksiya iştirakçılarını dövrəyə alaraq, yeni təxribatların qarşısını almağa çalışıblar.

Mənbə bildirir ki, aksiyadan sonra saxlanılan həmin iki nəfər Masallı rayon Polis Şöbəsinə aparılıb. Orada sorğu-sual edildikdən sonra isə sərbəst buraxılıblar. Lakin ardından aparılan araşdırmalardan sonra işin içində İranın barmağının olduğu aşkarlanıb. Mənbə bildirir ki, aksiyanın təşkilatçıları olan həmin iki nəfərin İranla bağlantıları ortaya çıxıb. Qısa müddətdən sonra isə aydınlaşıb ki, həmin şəxslərə aksiya zamanı təxribatlar törətmək, polislə toqquşma yaratmaqla bağlı konkret təlimatlar gəlibmiş. Həmin məlumatlara görə, bu təlimatların mobil telefon vasitəsi ilə göndərildiyi də üzə çıxarılıb. Həmin şəxsləri həbs edərək, barələrində cinayət işi qaldırmaqla bağlı tədbir görülmək istənsə də, Bakı ilə aparılmış danışıqlardan sonra proses dayandırılıb. Səbəb kimi də indiki həssas məqamda İranla münasibətlərin korlanmasına imkanın verilməməsi göstərilib.

Qeyd edək ki, hələ bir müddət əvvəl ölkə mətbuatında İranın Cənub bölgəsində yeni təbliğat kampaniyasına başlaması ilə bağlı məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, “Wikileaksdə” yayılmış məlumatları ciddiyə alan Tehran hökuməti Azərbaycan tərəfinin orada səsləndirdiyi fikirlərin əvəzini çıxmaq üçün belə bir addım atmaq qərarına gəlib. Masallıda keçirilən aksiyada İranın əlinin ortaya çıxması isə ona dəlalət edir ki, molla hakimiyyəti artıq ölkənin içinə nüfuz etməyi bacarıb və bundan da geniş şəkildə istifadə etməkdədir.

Təhsil Nazirliyinin hicabla bağlı verdiyi qərar isə İranın əlinə yuxşı fürsət salıb. Artıq Cənub bölgəsində Masallının ardından Cəlilabadda da analoji aksiya keçirilib. Hələlik oradan təxribat edildiyinə dair məlumat gəlməyib. Amma bu rayonda keçirilən mitinqdən də İranın barmağının çıxacağı istisna edilmir. Güman ki, proseslər bununla da səngiməyəcək. Ona görə ki, hələ qarşıda Lənkəran və Astarada düzənlənməsi gözlənilən aksiyalar var.