BolgeXeber.Com » Gündəm » Minlərlə şagirdin həyatını təhlükəyə atan İlham Hacıyev kimdir?

Minlərlə şagirdin həyatını təhlükəyə atan İlham Hacıyev kimdir?

12-09-2012, 10:25
Oxunub: 5 482 Minlərlə şagirdin həyatını təhlükəyə atan İlham Hacıyev kimdir?

Bakı şəhərində yerləşən məktəblərə qida paylayan qurumla bağlı redaksiyamıza dəhşətli məlumatlar daxil olub.

Qeyd edək ki, Bakı şəhərində yerləşən məktəblərə qida məhsullarını “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyəti yayır. Bu cəmiyyətin məşvərət şurasının sədri, yəni rəhbəri isə İlham Hacıyev adlı şəxsdir. İ.Hacıyevin təhsil naziri Misir Mərdanova yaxın adamlardan biri olduğu bildirilir.

Onu da bildirək ki, bu cəmiyyət artıq uzun illərdir bu fəaliyyətlə məşğuldur. Hətta bağçalara qida paylanması işi də bu qurumun inhisarında idi. Lakin sonradan nə baş verdisə, bağçalara qida verilməsi işini bu cəmiyyətdən aldılar. Mənbələrimiz iddia edir ki, qidaların keyfiyyətsizliyi ucbatından bağçalara məhsul paylanması İ.Hacıyevin rəhbərlik etdiyi cəmiyyətdən alınıb.

Qeyd edək ki, “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinin Bakıda təxminən 11 bazası var. Baza müdirlərindən qurumun rəhbəri İlham Hacıyevə ən yaxın olanı isə hazırda Qaradağ rayonundakı bazaya rəhbərlik edən Əzizağa Sultanovdur. Onun İ.Hacıyevin sağ əli olduğu bildirilir. Ə.Sultanovun oğlu Orxan Sultanov isə hazırda Yasamal rayonunda yerləşən bazaya rəhbərlik edir. Ə.Sultanov oğlunu bu vəzifəyə təyin etmək üçün İ.Hacıyevlə yaxınlığından istifadə edib.

Redaksiyamıza daxil olan məlumatda da Ə.Sultanovdan şikayət edilir. Bildirilir ki, Ə.Sultanov hazırda Yasamal və Qaradağ rayonunda yerləşən məktəblərin bufetçilərinə qan ağladır.

Buna səbəb isə Ə.Sulatanovun Yasamal və Qaradağdakı məktəblərin bufetçiləri ilə yeni müqavilə bağlamaq üçün onlardan 500 manat rüşvət tələb etməsidir. Qeyd edək ki, hər il məktəb bufetlərini işlədən şəxslərlə yeni müqavilə imzalanır. İ.Hacıyevin tapşırığı ilə həyata keçirilən bu prosedur üçün isə Ə.Sultanov bufetçilərdən 500 manat pul tələb edir.

Ə.Sultanovun maxinasiyaları bununla da kifayətlənmir. Məlumatda bildirilir ki, o, dərs ili başladıqdan sonra dövlət tərəfindən məktəblərə endirimli qiymətlərlə verilməli olan qida məhsullarını məktəblərə paylamır və bunları özü satır. Əvəzində isə öz bazalarında istehsal olunan keyfiyyətsiz məhsullar təklif edir. Məktəb bufetçiləri isə bu məhsulları almaqdan imtina edir. Bu halda da Ə.Sultanov onlardan gündəlik rüşvət alır və bildirir ki, o, bufetçilərlə öz qida məhsullarını zorla satmayaraq, onlara bufeti özləri istədikləri kimi işlətməyə şərəait yaradır.

Ancaq bununla belə, Ə.Sultanov hər gün bufetçilərə müəyyən məbləğdə faktura yazır və onlara qida məhsulu verildiyini göstərir.

Yaxşı, bəs Ə.Sultanov kimdir ki, dövlət tərəfindən məktəblərə ayrılan qida məhsullarını müxtəlif maxinasiyalar vasitəsilə “yeyir”?!

Araşdırmalarımız nəticəsində məlum oldu ki, Ə.Sultanov bütün bu işləri qurumun rəhbəri İ.Haciyevə güvənərək həyata keçirir. İ.Hacıyev isə yuxarıda qeyd etdiyimiz kimi, təhsil naziri yaxın şəxslərdən biri hesab olunur.

Ancaq onu təhsil naziri Misir Mərdanovdan başqa himayə edən yüksək rütbəli daha bir məmur var. Sadəcə həmin məmurun adını açıqlamırıq. Araşdırmalarımız davam edir. Növbəti yazılarımızda həmin şəxsin də adını açıqlayacağıq.

Onu da bildirək ki, araşdırmalarımız nəticəsində bəlli oldu ki, Ə.Sultanovun Yasamal rayonundakı bazaya rəhbərlik edən oğlu Orxan Sultanov universitetlərdən birinin əyani fakültəsində təhsil alır. Bununla belə, vaxt tapıb Yasamal rayonu boyda yerdə məktəblərə qida paylayan bazaya da rəhbərlik edir.

Sonda onu da bildirək ki, hər dərs ili başlayan kimi “Məktəbli və tələbə” iaşə Açıq Tipli Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 500 min manat vəsait ayrılır. Bu qədər vəsaitlə isə məktəblərə demək olar ki, heç bir məhsul alınıb, verilmir.

Növbəti yazılarımızda İ.Hacıyevin bu pulları necə istifadə etdiyindən bəhs edəcəyik. Onun konditer sexlərindən, restoranlarından, su sexlərindən, istirahət mərkəzlərindən, həmçinin, şəhərin mərkəzi hissələrində inşa etdirdiyi hündürmərtəbəli binalardan bəhs edəcəyik.

Bizi izləyin.

Onu da əlavə edək ki, yazıda adı çəkilən bütün tərəflərin mövqeyini yayımlamağa hazırıq.
/qafqazregion.az/

http://qafqazregion.az/5403--minl%C9%99rl%C9%99-%C5%9Fagirdin-h%C9%99yat%C4%B1n%C4%B1-t%C9%99hl%C3%BCk%C9%99y%C9%99-atan-%C4%B0lham-hac%C4%B1yev-kimdir7.html