BolgeXeber.Com » Gündəm » "Binə"də nə baş verib?

"Binə"də nə baş verib?

18-09-2012, 10:15
Oxunub: 3 338 Ticarət Mərkəzindəki zəhərlənmə olayında təxribat izinin olduğunu iddia edənlər var

Bazar günü Bakının ən böyük bazarlarından biri olan "Binə" Ticarət Mərkəzində zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, elektrik enerjisinin kəsintisindən sonra satıcılar məcburiyyət qarşısında qalaraq generatordan istifadə ediblər. Lakin bu zaman yanacağın yanması nəticəsində meydana gələn zəhərli qaz insanları zəhərləyib.
İlkin məlumatlara görə, hadisə nəticəsində zəhərlənənlərin sayı 148 nəfərə çatıb. Onların arasında ölənlərin olduğu deyilsə də, Baş Prokurorluq məlumatı təkzib edib. Amma vəziyyəti ağır olanların sayı 20 nəfərdən çoxdur.
"Binə" Ticarət Mərkəzində hadisənin dəqiq səbəbini araşdırmaq üçün istintaq qrupu yaradılıb və cinayət işi qaldırılıb. İlkin versiyalar belədir ki, hər şey ehtiyatsızlıq üzündən baş verib. Amma ortada başqa versiyalar da dolaşır. Bəzi məlumatlara görə, "Binə" Ticarət Mərkəzi uğrunda gərgin mübarizə gedir. Həmin mübarizəyə səbəb isə hər ay milyonlarla manat pulun dövr etdiyi mərkəzi ələ keçirməkdir. Məmurlar arasında yaşanan bu prosesin ağır fəsadlarını isə satıcılar çəkirlər.
Məlumatlara görə, "Binə"nin rəhbəri bu yaxınlarda iri çinli məmurlardan biri ilə toqquşub. Daha doğrusu, onun maraqlarını həyata keçirməkdən imtina edib. Bunun ardından Ticarət Mərkəzinin elektriki kəsilib. Halbuki hər ay işıq pulu adı altında hər dükandan külli miqdarda pul yığılır. Üstəlik, Kəbirə Məmmədova zəhərlənmə olayından öncə bütün satıcılara xəbərdarlıq edib ki, əgər onun tələb etdiyi işıq pulu verilməsə, o zaman satıcıları daha ağır hadisələr gözləyəcək. Və bu sözün ardından zəhərlənmə olayı meydana gəlib və bazarın rəhbəri də çətin vəziyyətdə qalıb.
Qeyd olunur ki, Kəbirə Məmmədovanın sözlərindən xəbər tutan maraqlı tərəflərdən biri təcili bununla bağlı tədbir görməyə başlayıb. Belə ki, o, bazarda təxribat törədilməsi planının işə salınması tapşırığını verib. Bunun ardından isə yanma nəticəsində zəhərli qaz yaranan yanacaqla təhciz olunmuş bir neçə generator bazara gətirilib və işə salındıqdan sonra sözügedən vəziyyət yaranıb.
Amma bütün bunların hamısı versiyalardır. Çünki işi araşdıran istintaq qrupu var və yəqin ki, yaxın günlərdə məsələ ilə bağlı geniş açıqlama veriləcək. Ancaq məsələ belədir ki, "Binə" bazarında sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Belə ki, Kəbirə Məmmədova hər dükandan 2500-3000 manat pul yığmaqla yanaşı, sahibkarları da dəhşətli dərəcədə incitməklə ad çıxarıb. Böyük ehtimalla bu hadisə onun bazara rəhbərlik məsələsinin üzərindən xətt çəkəcək. Hətta o da mümkündür ki, qaldırılmış cinayət işinə bazar rəhbərliyinin adını salaraq, onu oradan uzaqlaşdıracaqlar.

Bolgexeber.com