BolgeXeber.Com » Gündəm » Prezidentin əfv fərmanı icra olunub

Prezidentin əfv fərmanı icra olunub

30-12-2010, 18:10
Oxunub: 6 660
Azadlığa buraxılanlar arasında əcnəbilər də var

Bu gün Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən ölkə prezidenti İlham Əliyevin 29.12.2010-cu il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlanıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Bolgexeber-ə verilən məlumata görə, əfv olunmuş 92 nəfər məhkumdan xidmətin tabeliyindəki müəssisələrdə cəza çəkən 86 nəfərə Əfv haqqında sərəncam tətbiq edilib.

Məlumata görə, onlardan 71 nəfər məhkum cəzaçəkmə müəssisələrində, 15 məhkum isə xüsusi müəssisələrdə cəza çəkən şəxslərdir. 30 dekabr 2010-cu il tarixdə sayca 48-ci olan Əfv barədə sərəncamın icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar xidmət rəhbərliyinin, hüquq-müdafiə təşkilatlarının nümayəndələrindən ibarət İctimai komitə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət yaradılmış qruplar Əfv barədə sərəncamın əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, prezident sərəncamının vaxtında və dürüst icrasını təmin ediblər. Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxın qohumları ölkə başçısının bu humanist addımını yüksək qiymətləndirərək şəxsən prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ANS TV-nin çəkiliş qrupu Binə qəsəbəsindəki 4 cəzaçəkmə müəssisəsində fərmanın icrasını izləyib. Bu bu müəssisələrdən 16 nəfər azadlığa buraxılıb. Proseslərdə iştirak edən Ədliiyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov bildirib ki, fərmanın şamil edildiyi şəxslər daha çox özünü həbsdə olduqları müddətdə nizam-intizamlı göstərən, eləcə də yaş həddi nisbətən aşağı olan məhbuslardır.

Şərti olaraq məhkum edilmiş bir nəfər cəzadan tam, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 15 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad olunub. 5 nəfər isə cərimə cəzasını çəkməyəcək. Əfv olunanlardan 8-i xarici vətəndaşdır. Onlardan 4-ü Banqladeş, 2-si Pakistan, 2-si isə Əfqanıstan vətəndaşıdır.