BolgeXeber.Com » Gündəm » Bu həftə Qarabağda müharibə başlaya bilər

Bu həftə Qarabağda müharibə başlaya bilər

2-10-2012, 08:50
Oxunub: 4 851 Xankəndi aeroportundan uçuşların yaxın bir neçə gündə başlayacağı elan olundu, Azərbaycanın qanunsuz uçuşların qarşısını alacağına dair xəbərdarlıqları qüvvədə qalır

Erməni tərəfi Azərbaycanın işğal altındakı ərazilərindən qanunsuz uçuşların başlayacağına dair yeni təxribata əl atıb. Qondarma “DQR”in “mülki aviasiya idarəsi” elan edib ki, bu həftə ərzində Xankəndi aeroportu uçuşlara başlamaq üçün rəsmi sertifikat alacaq və ilk texniki reys həyata keçiriləcək. Qondarma rejimin “mülki aviasiya idarəsinin” rəhbəri Dmitri Adbaşyanın iddiasına görə, texniki reys ondan ötrüdür ki, aeroportun naviqasiya xidməti sınaqdan keçirilsin.
Bunun ardınca isə ilk sərnişindaşıma reysi həyata keçiriləcək. “Kavkazskiy uzel” portalının müxbiri ilə söhbətində Adbaşyan deyib ki, aeroport bütün proseslərdən keçib və sertifikat almağa hazırdır. Onun dediyinə görə, sertifikat məhdudiyyətlərlə verilir. Belə ki, perronun işıqlandırılması mövcud olmadığına görə uçuşlar ancaq günün işıqlı saatlarında həyata keçiriləcək. Həmçinin aeroportda təyyarələrin buzlanmasının qarşısını almaq üçün avadanlıqlar olmadığından şaxtalı havalarda uçuşlar olmayacaq. “Lakin ümumən götürsək aeroport artıq hazırdır” deyə, Adbaşyan bildirib. Onun sözlərinə görə, əvvəlcə “çox qısa müddətdən sonra” texniki reyslər olacaq, ardınca sərnişinlər üçün reyslər başlayacaq.

Strateji əhəmiyyətli hava limanı 1992-ci ildə Xocalının işğalında ermənilərin əlinə keçib

Qeyd edək ki, Ermənilərin açılışını etməyə hazırlaşdıqları aeroport vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində mövcud olan yeganə hava limanının-Xocalı aeroportunun yerində tikilib. Ermənilər Dağlıq Qarabağda işğalçı hücumlara başlayanda Xocalı aeroportundan Ermənistandan Xankəndinə silah və muzdluların daşınması üçün istifadə olunurdu. Buna son qoymaq üçün Azərbaycan OMON-çuları aeroportu nəzarət altına alıb, nəticədə ermənilərə ciddi zərbə dəyib və onlar Ermənistandan hava yoluyla hərbi qüvvələr, sursat gətirmək imkanını əldən veriblər. Lakin 1992-ci ildə Xocalının işğal olunmasıyla aeroport da ermənilərin nəzarətinə keçib. Mayor Əlif Hacıyevin başçılığı ilə aeroportu mühafizə edən azərbaycanlı döyüşçülər geri çəkilərkən hava limanının naviqasiya qurğularını və digər infrastrukturunu partladıblar. Həmin vaxtdan aeroport bağlı olub. 4 il əvvəl isə işğalçılar xaricdəki erməni diasporunun ayırdığı maliyyə yardımları hesabına Xankəndindən 10 kilometrlik məsafədə yerləşən aeroportu yenidən inşa ediblər. Əvvəlcə hava limanı ancaq kiçik tutumlu sərnişin təyyarələrinin qəbulu üçün nəzərdə tutulub.

İşğalçılar aeroportdan hərbi məqsədlər üçün istifadə etməyə hazırlaşır

Lakin işğalçılar aeroportun strateji əhəmiyyətini nəzərə alaraq onun gələcəkdə hərbi məqsədlər üçün istifadəsini də planlaşdırıblar. Bu məqsədlə uçuş-enmə zolağı ağır hərbi-nəqliyyat təyyarələrini qəbul etməyə imkan verəcək ölçülərdə genişləndirilib. Erməni tərəfi dəfələrlə aeroportun işə düşəcəyi barədə tarix versələr də hər dəfə açılış təxirə düşüb. Azərbaycan tərəfi xəbərdarlıq edib ki, onun ərazisi üzərindən qanunsuz uçuş həyata keçirən təyyarəni vuracaq. Ermənistan prezidenti Serj Sərkisyan bu hədədən qorxmadığını nümayiş etdirmək üçün İrəvan-Xankəndi reysi ilə uçacaq təyyarənin ilk sərnişini olacağını elan edib. Bu məsələdə beynəlxalq mülki aviasiya normaları tamamilə Azərbaycanın tərəfindədir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı İCAO Ermənistana xəbərdarlıq edib ki, bu təşkilatın açdığı müvafiq kod olmadan Dağlıq Qarabağda hava limanının fəaliyyətə başlaması mümkün deyil. Rəsmi Bakının ölkə ərazisi üzərindən qanunsuz uçuşlara yol verilməyəcəyinə dair xəbərdarlıqları qüvvədə qalır və indi onu gözləmək qalır ki, işğal altındakı ərazilərdən ilk təyyarə nə vaxt havaya qalxacaq və Azərbaycanın ona reaksiyası necə olacaq.

Qarabağ erməniləri özlərinə ürək-dərək verir: “Qorxmaq lazım deyil...”

Ermənilər üçün isə aeroportun açılışının nə dərəcədə əhəmiyyətli olacağını politoloq Tiqran Qriqoryan izah edir: “Aeroportun açılması bizim Ermənistanla, ətraf aləmlə əlaqələrimiz üçün çox böyük əhəmiyyətə malik olacaq. Axı bizim Ermənistanla əlaqə saxlamaq üçün cəmi bir yolumuz var, o da dağlıq ərazilərdən keçir”. Erməni politoloqa görə, uçuşların təhlükəsizliyindən qorxmaq lazım deyil, çünki iş qorxmağa qalsa gərək heç nə etməyəsən. Xankəndi erməniləri də uçuşlar başlayanda İrəvana təyyarə ilə gedəcəklərini deyirlər, çünki maşınla 6-7 saata getmək olur, üstəlik, qış aylarında yol tez-tez bağlanır. Qondarma “DQR”in baş naziri Ara Arutyunyan isə deyib ki, Xankəndi aeroportu üçün nəzərdə tutulmuş təyyarə artıq İrəvandadır. Onu argentinalı erməni milyarder Eduardo Ernekyan bağışlayıb.

Amerikadakı erməni lobbisi iş başında

Aeroportun açılmasına hazırlıqların sürətləndiyi bir vaxtda Amerikadakı erməni lobbisi də Azərbaycanın mümkün cavab tədbirlərinin qarşısını almaq üçün hərəkətə keçib. Amerika Erməni Milli Komitəsinin yaydığı məlumata görə, erməni lobbisinə xidmət edən konqresmen Bred Şerman Birləşmiş Ştatlar administrasiyasını “Azərbaycanın hədələrinin qarşısını almağa” çağırıb. O təklif edir ki, ABŞ Azərbaycanla bütün hərbi əməkdaşlığı kəsməlidir. “Mən bilirəm ki, azərbaycanlı rəsmilərin hədələrinə görə aeroportun açılışı bir neçə dəfə təxirə düşüb. Ona görə də Birləşmiş Ştatlar Azərbaycana bütün yardımları kəsməli və onun silahlı qüvvələri ilə əməkdaşlığı dayandırmalıdır. Ən azından Azərbaycan hökuməti ABŞ-a təminat verməlidir ki, Artsaxdan uçuşlara qarşı heç bir güc tədbirinə əl atmayacaq” deyə, ermənipərəst konqresmen bildirir.

“Sobesednik Armeniya” qəzeti: “Guya Azərbaycan raketlərini aeroporta tuşlayıb...”

“Sobesednik Armeniya” qəzeti isə Azərbaycan tərəfinin uçuşların qarşısının alınacağına dair xəbərdarlıqlarından bəhs edərək yazır ki, təkcə təyyarələri deyil, aeroportun özünü də məhv etmək çağırışları səslənir: “Guya Azərbaycan silahlı qüvvələrinin uzaqvuran artilleriyası və raketləri artıq aeroporta tuşlanıb və əmr veriləndən sonra bir neçə dəqiqə ərzində onu yararsız hala sala bilər”. Ancaq erməni qəzeti hesab edir ki, Azərbaycanın bu hədələrindən qorxmaq lazım deyil. Çünki o, Xankəndindən qalxan təyyarələri vurmağa, yaxud aeroporta raket zərbəsi endirməyə risk etməz: “Digər tərəfdən, səlahiyyətli mənbələrdən bizə deyildiyinə görə, Dağlıq Qarabağ qüvvələrinin sərəncamında respublikanın hava məkanını effektiv müdafiə etməyə, habelə istənilən uzaq məsafədə hava hədəflərini vura bilən vasitələr var. Ona görə də Azərbaycana istər quruda, istər havada cavab verməyə hazırıq”.
Beləliklə, işğalçılar Azərbaycanın səbrini və iradəsini açıq-aşkar sınağa çəkir. Əgər Xankəndi aeroportundan uçuşlar başlasa və Azərbaycan bunun qarşısını almasa, o zaman erməni təbliğatı öz qələbələri barədə geniş təbliğat quracaq. Əgər Azərbaycan öz qanuni haqlarından istifadə edib onun ərazisi üzərindən qanunsuz uçuş edən təyyarəni neytrallaşdırmaq üçün müvafiq vasitələrdən istifadə etsə, yenə erməni təbliğatı işə düşəcək. Bu məsələnin Qarabağda müharibənin yenidən başlanmasına səbəb ola biləcək dərəcədə ciddi xarakter daşıdığı artıq aydındır. Lakin elə Ermənistanın özündə bu sahəni yaxşı bilənlər deyirlər ki, beynəlxalq hüququn normalarına görə Azərbaycan Qarabağdan uçuş keçirən təyyarəni vursa heç bir hüquqi məsuliyyət daşımayacaq.

Ermənistanın Mülki Aviasiya Xidmətinin keçmiş direktoru nə demişdi?

Ermənistanı Mülki Aviasiya Xidmətinin keçmiş direktoru Şaqen Petrosyanın bir neçə ay əvvəl aeroportun açılması ətrafında müzakirələrin qızışdığı bir vaxtda “1in.am” saytına verdiyi açıqlamadan sitat: “Xankəndindən uçuşların həyata keçirilməsi böyük təhlükə təşkil edir. ”Dağlıq Qarabağın təyyarələrinin hansısa başqa ölkənin hava məkanından keçməsi üçün onun Beynəlxalq Mülki Aviasiya Təşkilatı İCAO-ya üzv olması zəruridir. Lakin Dağlıq Qarabağ tanınmamış respublikadır, ona görə də onu bu təşkilatın sıralarına heç kim qəbul etməz. İCAO-nun üzvü olan Azərbaycandır. Problem həm də ondadır ki, Stepanakertə uçuşlar İrəvandan həyata keçirilə bilərdi. Lakin bu zaman aviaşirkət də Ermənistanda qeydiyyatda olmalıdır. Dağlıq Qarabağdan digər istiqamətlərə uçuşlar isə qanunsuz sayılacaq. Daha bir təhlükə budur ki, Xankəndinə uçuşlar hətta Ermənistanda qeydiyyatdan keçmiş şirkət vasitəsilə həyata keçirilsə də, Azərbaycan bizim mülki təyyarəni vura bilər. Çünki Qarabağ üzərində hava məkanı bağlıdır. Deyə bilərlər ki, onlar mülki təyyarəni hərbi təyyarə kimi qəbul ediblər. Bu, yeganə təhlükədir. Gələcəkdə nə olacaq, onu deyə bilmərəm, lakin bu uçuşlar təhlükəlidir. Əvvəlcə hüquqi məsələlər həll edilməlidir, sonra texniki məsələlər. Mümkündür ki, Azərbaycan Xankəndindən qalxan erməni təyyarəsini vursun və bu böyük beynəlxalq qalmaqala səbəb olsun. Qarabağ qapalı hərbi zonadır. Böyük beynəlxalq qalmaqal qalxa bilər. Lakin heç kim təyyarənin vurulmasına görə heç kimi cəzalandıra bilməz. Çünki hüquqi nöqteyi-nəzərdən deyəcəklər ki, təyyarə beynəlxalq kod olmadan uçub, biz hardan bilək o hərbi təyyarə idi, ya yox? Mən təhlükəni bunda görürəm".