BolgeXeber.Com » Gündəm » “Münaqişənin həllinin vaxtı çatıb”

“Münaqişənin həllinin vaxtı çatıb”

5-10-2012, 07:35
Oxunub: 4 132 İlham Əliyev: “Status-kvo mütləq dəyişdiriləcək və biz istəyirik ki bu, tezliklə olsun, sülh yolu ilə olsun”

“Azərbaycan artıq 20 ildir ki, humanitar fəlakətlə üzləşib. İyirmi ildir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalının altındadır. Bu işğal davam edir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan və ətraf bölgələrdən qovulub. Hazırda dünyada adambaşına düşən qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan artıq qaçqın və köçkün soydaşımız var ki, onlar bu gün öz doğma torpağına qayıda bilmirlər. Çünki Ermənistanın işğalçı siyasəti bu gün də davam edir”. Bolgexber.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev kinci Bakı Beynəlxalq Humanitar Forumunda deyib.
“Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı törədildi, günahsız insanlar, onların içində qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirildi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı. Yəni, həm xalqımıza, həm mədəniyyətimizə qarşı soyqırımı törədildi. Bu soyqırımını, bu vəhşiliyi törədənlər hələ ki, dünya birliyi tərəfindən adekvat qınaqla üzləşməyiblər. Düzdür, beynəlxalq təşkilatlar və dünyanın aparıcı beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər çox qərarlar, qətnamələr qəbul ediblər. Ancaq əfsuslar olsun ki, bu qərarların, qətnamələrin icra mexanizmi yoxdur. Belə olan halda beynəlxalq təşkilatların qərarlarına həm hörmət azalır, həm inam itir”, - Prezident bildirib.
Dövlət başçısı bəyan edib ki, BMT Təhlükəsizlik Şurası 20 il bundan əvvəl erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. Lakin onların heç biri icra edilmir: “Bütün digər mötəbər beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO və başqa təşkilatlar da oxşar qətnamələr qəbul etmişlər. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır. Ancaq münaqişə hələ ki, öz həllini tapmır. Bunun başlıca səbəbi isə Ermənistanın mövcud status-kvonun uzadılmasına olan marağıdır. Ancaq onlar anlamalıdır ki, status-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki bu, tezliklə olsun, sülh yolu ilə olsun. Çünki biz bölgə çərçivəsində artıq sabitləşdirici rolunu oynamağa başlamışıq və əlbəttə çalışırıq ki, bölgədə sabitlik pozulmasın. Amma digər tərəfdən, bu işğalla da barışmaq mümkün deyil. Ona görə hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıb. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər”.
Prezident qeyd edib ki, bu problemə baxmayaraq, ölkəmiz müstəqillik dövründə böyük və uğurlu yol keçib: “Azərbaycanda aparılan siyasi islahatlar bu gün azad cəmiyyətin yaranmasına gətirib çıxarıb. Azərbaycanda bütün azadlıqlar vardır, siyasi islahatlar, demokratiyanın inkişafı uğurla davam edir. Eyni zamanda, iqtisadi sahədə islahatlar siyasi islahatları daha da gücləndirir. Çünki siyasi islahatları iqtisadi əsaslar olmadan aparmaq bəzi hallarda uğursuzluğa gətirib çıxarır və biz tarixdən bunu bilirik. Ona görə, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır”