BolgeXeber.Com » Gündəm » Azərbaycanda ali məktəblərin reytinq siyahısı açıqlanıb

Azərbaycanda ali məktəblərin reytinq siyahısı açıqlanıb

25-01-2011, 15:30
Oxunub: 6 316

Siyahını TQDK sədri Məleykə Abbaszadə elan edib

Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən 5424 abituriyent 500-dən, o cümlədən 1414 abituriyent 600-dən yuxarı bal toplayıb. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, yüksək ballılar respublikanın 71 bölgəsini təmsil edib. Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, o cümlədən Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 6-8-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar. TQDK sədrinin sözlərinə görə, son qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edib, 2-ci yer Azərbaycan Dövlət Tibb Universitetinə, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Azərbaycan Dövlət Neft Akademiyasına, 5-ci yer Azərbaycan Turizm İnstitutuna məxsusdur. Ötən illərdə olduğu kimi, son qəbul imtahanında ən yüksək keçid balı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Akademiyanın II qrupa daxil olan “Menecment” ixtisasına aiddir. Bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-yə bərabərdir.

Ən aşağı keçid balı Azərbaycan bölməsində Milli Aviasiya Akademiyasının “Ekologiya mühəndisliyi”, rus bölməsində isə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında olub. Həm Azərbaycan, həm də rus bölməsi üzrə ən aşağı keçid balı 200-dür.