BolgeXeber.Com » Gündəm » Əvəz Zeynallı Gülər Əhmədovanı tələb edir

Əvəz Zeynallı Gülər Əhmədovanı tələb edir

20-11-2012, 14:30
Oxunub: 4 519 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bolgexeber.com-un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə hakim ötən proses zamanı verilən vəsatətə münasibət bildirib. R. Allahverdiyeva Ə. Zeynallının həbsinə qədər onun istifadəsində olan mobil telefonların giriş-çıxış zənglərini və mesajların mətninin açıqlanması ilə bağlı “Azercell” və “Bakcell” şirkətlərinə sorğu göndərdilməsi ilə əlaqədar olan vəsatətin təmin olunduğunu və həmin şirkətlərə sorğu göndərildiyini deyib.

Bundan sonra Ə. Zeynallı Gülər Əhmədovanın “Yeni Müsavat” qəzetinin bugünkü sayında dərc olunan müsahibəsi barədə danışıb: “Gülər xanım müsahibədə səhhətində hər hansı problemin olmadığın deyib. Lakin məhkəmə deyir ki, o xəstədir ”. Vəkil Elçin Sadıqov isə G. Əhmədovanın məhkəməyə çağırılması ilə bağlı yenidən vəsatət verib. Lakin dövlət ittihamçısı və hakim bununla bağlı məhkəmənin qərarının olduğunu xatırladıb. Həmin məsələyə məhkəmə son qərarını verərkən müşavirə otağında qiymət verəcək.

Ə. Zeynallı ifadə verməyə başlayıb. O, bildirib ki, “Xural” qəzeti yaranan gündən Azərbaycanın ictimai-siyasi həyatına təsir edən mətbuat qurumu olub: “Yaranan gündən qəzet təqiblərə məruz qalıb. 9 il ərzində bir çox məhkəmə çəkişmələrimiz olub. Ailəm təqib olunub, mən bununla bağlı güc strukturlarına müraciət etmişəm, lakin cavab almamışam. 2010-cu ilin əvvəllərində mənə həmkarlarım tərəfindən bağışlanılan bir stolüstü saatın içərisində dinləmə cihazının olduğu aşkar olunub. Bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişəm. İki dəfə Ramil Usubovla görüşmüşəm. Lakin bir nəticəsi olmayıb” .

Təqsirləndirilən şəxs G. Əhmədova ilə olan münasibətlərindən də danışıb. O, bildirib ki, G. Əhmədova ilə hər hansı problemi olmayıb: ”Gülər Əhmədova bizim oxucularımızdan biri idi. Son vaxtlar münasibətlərimiz yüksələn templə davam edib. Tez-tez redaksiyamıza gəlib, debatlarda iştirak edib. Bir dəfə mənə dedi ki, Nigar Almanqızını “Mərkəz” qəzetinə baş redaktor qoymaq istəyir. Mən də dedim Allah xeyir versin. Nigar Almanqızı Azərbaycanda normal jurnalistlərdən biridir. Zaman-zaman onların aralarında problemlər olurdu. Mən qarışmırdım. Hər ikisi də mənə şikayət edirdi və bir-birlərinin haqqında dəhşətli şeylər danışırdılar. Mən də deyirdim ki, belə şeylər danışmayın. Bundan sonra mən Türkiyəyə getdim. Gələndə gördüm ki, Nigar Almanqızı Azərbaycandan gedib. Sonra mənimlə əlaqə saxladı. Dedi ki, sənə yazı göndərsəm, verə bilərsən? Mən də dedim göndər. Bundan sonra da qəzetdə onun yazısı ilə bağlı anons verməyə başladıq. Həmin anonsa görə bu gün mənə ittiham irəli sürülüb. Amma həmin anons ittiham tərəfində yoxdur. Bundan sonra Gülər israrla məni çağırdı ki, gəl söhbət edək, getmədim. Özü gəldi redaksiyaya və oturan kimi təklifə başladı. Qəzetin illik xərclərindən söhbət açdı. Rüşvət təklif elədi. Qəbul eləmədim. Sonra da çıxıb getdi”.

Proses noyabrın 21-də Ə. Zeynallının ifadəsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.