BolgeXeber.Com » Gündəm » Əfv siyahısı hazarlanır

Əfv siyahısı hazarlanır

25-12-2012, 08:30
Oxunub: 4 193 Ömürlük məhbuslar yenə kənarda qaldı

«Əfv Komissiyasının iclasları yekunlaşmaq üzrədir. İclaslar başa çatandan sonra siyahını cənab Prezidentə təqdim edəcəyik». Bunu Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı açıqlamasında deyib. Onun sözlərinə görə, komissiyaya daxil olan bütün müraciətlərə baxılması yekunlaşır: «Bir neçə gün idi ki, Əfv Komissiyasının iclasları keçirilirdi. Yüzlərlə müraciətə baxılıb. Hazırda son yekunlaşma işləri görülür. Ümumi siyahıya baxmışıq və əsasnamə ilə əfv olunması mümkün sayılan məhkumların siyahısı hazırlanıb. İş başa çatandan sonra siyahı cənab Prezident İlham Əliyevə təqdim olunacaq. Prezident isə konstitusiya hüququndan istifadə edərək növbəti əfv sərəncamını imzalayacaq».
Siyasi məhbusların, o cümlədən keçmiş səhiyyə naziri Əli İnsanovun, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əfv üçün müraciət edib-etməməsinə gəlincə, Məlahət İbrahimqızı deyib ki, Əfv Komissiyası məhbusları kateqoriyalara bölmür: «Biz məhkumları məhşurluğuna və ya hansısa üstünlüyünə görə fərqləndirmədən bütün müraciətlərə eyni yanışırıq, baxıb araşdırırıq. Biz heç vaxt hansısa məhbusun birinci dərəcəli, daha məşhur olması prinsipinə söykənməmişik».
Məlahət İbrahimqızı Əfv Komissiyasının son iclaslarında ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin işinə baxılıb-baxılmadığına da aydınlıq gətirib: “Bu məsələ bir neçə dəfə gündəmdə olub. Mətbuat da bu haqda çox yazıb, ombudsman, ayrı-ayrı hüquq müdafiəçiləri ömürlük cəza alan şəxslərin işlərinə yenidən baxılması haqda müraciətlər edib. Əfv Komissiyasının bir neçə iclasında ömürlük cəza almış məhkumların işi müzakirə olunub. Həmin məhkumların işləri o qədər ağırdır, onlar o qədər ağır cinayətlər törədiblər ki, əfv üçün heç bir imkan qalmayıb. Onların cinayət işləri ilə tanış olanda adamı dəhşət bürüyür. Komissiya üzvləri də istəyərdi ki, onlardan hansınınsa işi 25-30 ilə endirilsin. Amma çox ağır cinayət törətdiklərinə görə onlara xoş niyyətlə yanaşmaq mümkün olmayıb».