BolgeXeber.Com » Gündəm » Sevinc Babayeva ölməyib

Sevinc Babayeva ölməyib

27-12-2012, 22:30
Oxunub: 4 662 Onun yaxın qohumlarından biri yayılmış məlumatın yalan olduğunu deyib

Günən şok xəbəri olan Sevinc Babayevanın ölümü ilə bağlı ziddiyyətli məlumatlar dolaşır. TİA.AZ xəbər verir ki, Gülər Əhmədova məsələsində adı hallanan və prosesdə vasitəçi qismində çıxış etdiyi göstərilən şəxsin Türkiyədə dünyasını dəyişdiyi və onun oğlunun bu məlumatı təsdiqlədiyi vurğulanır.

Lakin az öncə TİA.AZ-a daxil olan başqa bir məlumatda bunun qəsdən ortaya atılmış bir xəbər olduğu iddia edilir. Daha doğrusu, Sevinc Babayevanın yaxın qohumlarından birinin Portalımıza verdiyi məlumata görə, sözügedən şəxs ölməyib və yayılan məlumatlar da əsassızdır. Onun sözlərinə görə, məlumat yayıldıqdan dərhal sonra dəqiqləşdirmə aparıblar və nəticədə, bunun doğru olmadığını öyrəniblər. TİA.AZ-a danışan şəxs hal hazırda Babayevanın ölkədə olmadığını da vurğulayıb. Lakin bu ölkənin Türkiyə və ya başqa bir yer olması barədə heç bir məlumat verməyib. Üstəlik, o, bunun qurama bir iş ola biləcəyini, habelə Babayevanın oğlu Ayxan Məmmədovun oyunu olduğunu da istisna etməyib.

Qeyd edək ki, “Azadlıq” qəzeti Bakı şəhər Prokurorluğunun Sevinc Babayevanın oğlu Ayxan Məmmədova anasının cənazəsini gətirmək üçün Türkiyəyə getməyə icazə vermədiyini yazıb. Məlumata görə, Sevinc Babayeva ölkədən qaçandan sonra istintaq onun oğlu Ayxan Məmmədovun ölkədən çıxmasını yasaqlayıb: “Bu gün isə Ayxan Məmmədov prokurorluğa gedərək anasının İstanbulda vəfat etdiyini bildirib və cənazəni gətirmək üçün ölkədən çıxmağa icazə istəyib, amma ona icazə verilməyib. Mənbənin sözlərinə görə, prokurorluqda Sevinc Babayevanın oğlu Ayxan Məmmədovu ölkədən çıxmaq üçün "oyun qura biləcəyindən" ehtiyatlanırlar”.

İstanbul Prokurorluğundan isə Lent.az-a bildirilib ki, hələlik şəhər polisinə və prokurorluğa bu şəhərdəki hər hansı otel və ya xəstəxanadan Sevinc Babayeva adında şəxsin ölməsi barədə məlumat daxil olmayıb: “Hadisə yeni baş veribsə, məlumatın yaxın bir neçə saat ərzində daxil olacağı istisna deyil”.
Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov isə “BBC Azərbaycan”a bu barədə məlumatı olmadığını deyib: “İstanbulda Azərbaycan vətəndaşının vəfat etməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb".

Onun sözlərinə görə, cənazənin Azərbaycana aparılması üçün mütləq konsulluqda sənədləşirmə işləri aparılmalıdır. "Bunsuz cənazənin ölkədən çıxarılması mümkün olmaz".

Bolgexeber.com