BolgeXeber.Com » Gündəm » Gülər Əhmədovadan şok iddia

Gülər Əhmədovadan şok iddia

28-12-2012, 02:15
Oxunub: 4 347 Sabiq deputat Sevinc Babayevanın zəhərlənərək öldürüldüyünü deyir

Sabiq universitet rektoru Elşad Abdullayevin yaydığı videolarda tərəflərdən biri olan sabiq deputat Gülər Əhmədova adı işdə vasitəçi kimi çəkilən Sevinc Babayevanın ölməsi barədə xəbərlərə “Facebook” səhifəsində münasibət bildirib. Musavat.com-un məlumatına görə, keçmiş deputat cəmi bir cümlə yazıb: “Sevinc xanımın zəhərlənərək ölməsinin tək günahkarı Elşad Abdullayevdir!!”.
Moderator.az-a açıqlamasında isə sabiq deputat Gülər Əhmədova Facebook-da yazılanları təkzib edib: “Mənim Facebook səhifəm yoxdur. Bir müddət əvvək səhifəmi köməkçim idarə edib. Ancaq son günlər bu səhifə də bağlanıb. Saxta profillər yaradıb mənim adımdan bəyanatlar, fikirlər yayırlar. Bunlar yalan və növbəti böhtanlardır. Vəfat edən insanın ölümü ətrafında siyasi oyunlar qurmaq isə əxlaqsızlıqdır. İnsanın ölümündən siyasi oyunlar qurmaq heç bir dəyərə siğmır. Mən sizin saytınız vasitəsi ilə bir daha bəyan etmək istəyirəm ki, facebook-da səhifəm yoxdur”.
Qeyd edək ki, Gülər Əhmədovanın Facebook-dakı şəxsi profili bağlansa da, "Gülər Əhmədova" adlı səhifə hələ də mövcuddur. Sabiq deputat dekabrın 18-də həbsi ilə bağlı xəbərləri də məhz bu səhifədən təkzib etmişdi.
Xatırladaq ki, ötən gün Sevinc Babayevanın İstanbuldakı xəstəxanalardan birində dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini deyib. Baş Prokurorluq bununla bağlı əlavə dəqiqləşdirmə və araşdırmalardan sonra geniş məlumat yayacağını da bildirib.